7 May 2014 09:43
3 388
12 Punto 14 Punto 16 Punto 18 Punto

Doğrudanmı ölkədə ümumi taxıl əkini sahəsinin 70-80 faizinə yerli toxum sortları səpilir?

Bu yaxınlarda İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi “Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması: real imkanlar və yaxın dövrə baxış” mövzusunda konfrans keçirdi. Tədbirdə iştirak edən Milli Məclisin aqrar siyasət komitəsinin baş məsləhətçisi Zahid Abbasov bildirdi ki, real şərait olduğu halda Azərbaycanda bitki toxumu, damazlıq heyvanlar başqa ölkələrdən alınır.

Toxumçuluqda idxaldan asılıyıq?

İqtisadi Tədqiqatlar Mərkəzinin aqrar sahə üzrə eksperti Vahid Məhərrəmov isə dedi ki, bitkiçilikdə ən strateji sahə olan toxumçuluq, heyvandarlıqda isə damazlıqdır, bu sahələrin inkişafı olmadan Azərbaycanın kənd təsərrüfatında irəliləyişdən, eləcə də iqtisadi inkişafdan danışmaq yersizdir.
Ərzaq Təhlükəsizliyi Alyansının rəhbəri Nizami Qarayev bildirdi ki, 2012-ci ilin yekunlarına görə, Azərbaycan Qazaxıstandan buğda alan ölkələr arasında Əfqanıstan və Qvatemaladan sonra 3-cü yeri tutur. İdxaldan asılılıq buğdada 43, düyüdə 88, şəkərdə 97, çayda 35 faizdir.

Regional İnkişaf Mərkəzinin rəhbəri, coğrafiyaşünas alim Çingiz İsmayılovun sözlərinə görə, ötən il Rusiya geni dəyişdirilmiş dənli bitkilərin əkilməsi və çoxaldılması ilə bağlı qanun qəbul edib. Onun fikrincə, Rusiya istehsalı olan həmin dənli bitkilərin Azərbaycana yol tapması təhlükəsi var. Bu cür bitkilərin analizi üçün isə Azərbaycanda laborator şərait yoxdur:

“MDB ölkələrinin çoxusunda belə laboratoriyalar yoxdur və harada yoxdursa, bu məhsullar o ölkələrə sırına bilər. Bu dənli bitkilərdən istehsal edilən məhsullar bizə fayda verəcək, ya ziyan, bundan xəbərsizik. Digər tərəfdən, istənilən fermer xaricdən istədiyi cür toxumu gətirib, Azərbaycanda çoxalda bilər, buna nəzarət varmı?”

Hazırda dünyada belə bir tendensiya mövcuddur ki, toxumçuluq sahəsi üzrə patent alan istənilən müəllif öz beyin məhsulunu istənilən fermerə satmaq hüququna malikdir.

Belə olan halda Azərbaycanda toxumçuluğun inkişafı hansı vəziyyətdədir? Azərbaycanlı alimlər arasında toxumçuluq sahəsi üzrə patent alan müəlliflər varmı? Azərbaycana əsasən hansı növ toxumlar gətirilir? Yerli toxum sortlarının istifadəsi nə yerdədir? Toxum sortlarının təhlükəsizliyi necə yoxlanır?

Nikbin açıqlama

Sualları Kənd Təsərrüfatı Nazirliyinə (KTN) ünvanladıq. KTN-nin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev mövzu ilə bağlı nikbin danışdı. Bildirdi ki, dənli bitkilər, meyvə-tərəvəz, yemçilik kimi ixtisaslaşmış institutlar fəaliyyət göstərir. Eyni zamanda ölkə daxilində istehsal olunan və ölkəyə gətirilən toxumlar ilkin olaraq Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasında sınaqdan keçirilir: “Yem bitkiləri üzrə Elmi-Tədqiqat Yemçilik, Çəmənçilik və Otlaqlar İnstitutu, dənli bitkilər üzrə Elmi-Tədqiqat Əkinçilik İnstitutu, tərəvəz üzrə Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutu, meyvəçilik üzrə Üzümçülük və Şərabçılıq, Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər institutları fəaliyyət göstərir.

Bu institutlar bitkilərin genefondunun öyrənilməsindən tutmuş, tətbiqi və qorunmasına qədər fəaliyyətlə məşğuldur. Həmin elmi-tədqiqat müəssisələrində ilkin sortların yaranması həyata keçirilir və seleksionerlər tərəfindən yaradılan o sortlar komissiyanın nəzarəti altında bir müddət sınaqdan keçdikdən sonra, qeyd olunan göstəriciləri tam doğruldursa, rəsmiləşdirilərək sortun təsdiqinə vəsiqə verilir. Yalnız bundan sonra bu sortların kütləvi tətbiqinə başlanır və fermerlərin istifadəsi üçün tövsiyə edilir".

Dənli bitki toxumlarının 70-80 faizi özümüzə məxsusdur

Murtuzəli Hacıyev dedi ki, Azərbaycanda əkilən xeyli taxıl sortlarının əksəriyyəti yerlidir: “Elmi-Tədqiqat Əkinçilik İnstitutunda bitki seleksiyasi, davamlı əkinçilik və bitki diversifikasiyası şöbələri, dənin və toxumun keyfiyyəti, xəstəlik və zərərvericilərə nəzarət, torpaq və bitki analizləri kimi 4 laboratoriya fəaliyyət göstərir.

İndiyədək İnstitutda 100-dən artıq sort yaradılıb, Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Dövlət Komissiyasına təqdim edilib. 14 yumşaq buğda, 15 bərk buğda, 5 arpa, 1 çovdar, 1 tritikale, 1 vələmir, 4 qarğıdalı, 4 noxud, 2 mərci, 1 lobya, 4 tütün Rayonlaşaraq seleksiya nailiyyətlərinin dövlət reyestrinə daxil edilib. Hazırda respublikada ümumi taxıl əkinləri sahəsinin, yəni 809 min hektar ərazinin 70-80 faizində Əkinçilik İnstitutunun sortları əkilir".

Bəs niyə bu institutların və bu sahə üzrə fəaliyyət göstərən alimlərin gördüyü işlər barədə cəmiyyətə məlumat verilmir? Hətta aqrar sahə bəzi ekspertlər vəziyyətin ürəkaçan olmadığını bəyan edirlər.

KTN rəsmisi bildirdi ki, bu nailiyyətlər geniş oxucu kütləsi üçün maraq doğurmadığından populyar deyil: “Aqrar sahə üzrə Elm Mərkəzinin baş direktoru Əsəd Musayevin rəhbərlik etdiyi seleksiya və toxumçuluq şöbəsi buğda, arpa, qarğıdalı, soya, lobya, noxud, mərcimək bitkilərinin zəngin genefondunu toplamağa nail olub. Onun rəhbərliyi ilə 35 sort rayonlaşdırılıb və taxıl əkinlərinin təxminən 90 faizini təşkil edir. Əsəd Musayev dənli və digər kənd təsərrüfatı bitkilərinin 3-dən artıq rayonlaşdırılmış sortun müəllifidir”.

Azərbaycanda 434 cür üzüm var

Murtuzəli Hacıyev Üzümçülük və Şərabçılıq İnstitutunu fəaliyyətindən də ürəkdolusu danışdı: “Bu institutda üzümün seleksiyası və toxumçuluq üzrə şöbə fəaliyyət göstərir. Orada üzümün genefondunun toplanmasından tutmuş, qorunub saxlanmasınadək, yeni sortların yaradılması ilə məşğul olunur. Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi Üzrə Dövlət Komissiyasına sınaqdan keçirilmək üçün 6 perspektivli hibrid formaları təqdim edilib. Onlardan biri -Azəri sort kimi təsdiq olunub və rayonlaşdırılıb. İnstitut alimləri müəyyən edib ki, üzümün vətənlərindən biri olan Azərbaycanın yerli üzüm sortlarının sayı 434-dür.

Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasında son illər 40-dan çox süfrə və texniki istiqamətli yeni üzüm sortları yaradılıb, Cəlilabad Dayaq Məntəqəsində cənub bölgəsinin üzüm genofondunun öyrənilməsi istiqamətində dəyərli təcrübələr aparılır. Hazırda Həməşərə sortunun klon seleksiyası üzrə tədqiqat işləri aparılır. Qeyd edim ki, Azərbaycanda müxtəlif bölgələrində 16 belə dayaq məntəqəsi fəaliyyət göstərir".

Tələbat daha çox yerli sortlaradır

Bağçılıq və Subtropik Bitkilər İnstitutunda isə meyvə bitkilərinin və çayın ümumilikdə 200-dən çox yeni sortu yaradılıb: “Bunların 150-yə qədəri Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Komissiyasına təqdim olunub, onlardan 50-yə yaxını rayonlaşdırılıb. Hazırda bunlara seleksiya yolu ilə yaradılmış almanın - Azərbaycan, Şahdağ, Səməd Vurğun, Arzu, Quba şafranı, Təravətli, Nailə, Quba reneti, Nigar, Sülh, Payızlıq Quba, Qışlıq Quba sortları, armudun Əntiqə, Lətifə və sar, alçanın Rəcəbli, şaftalının Malik, Fədai, narın Azərbaycan, İri dənəli, Balamürsəl, fındığın Pərzivan zərifı, Firavan, Barlı, İriçatax, Zaqatala sortları, Yunan qozu bitkisinin Faldar, Zaqatala-1, Kamal, Tala, İlqar, zeytun bitkisinin Azərbaycan zeytunu, Şirin zeytun, Bakı zeytunu, Armudu zeytun, Ağbaba zeytunu, El zeytunu, İnnab bitkisinin Azəri, Xəzəri, Nəsimi sortları, heyva bitkisinin Çilləçi, Rəcəbli sortları, çay bitkisinin Azərbaycan-2, Azərbaycan-4, Lənkəran sortları aiddir.

İnsanlarımızın ən çox tələbatı bizim yerli sortlara olduğuna görə, bu sortlar yerli iqlim şəraitinə uyğunlaşdırılıb. Məsələn, Gədəbəyin Telman, Ağçiçək sortları əhalinin ən çox tələbatında olduğuna görə bu sortların yetişdirilməsinə üstünlük verilir".

Mirtuzəli Hacıyev sadaladığı çoxsaylı bitki sortlarına müştəri çıxan ölkələrin olduğunu da bildirdi, amma hansı ölkələr olması barədə konkret məlumat vermədi: “Xarici ölkələrlə sort mübadilələri də aparırıq”.

GMO bitkilərin ölkəyə gətirilməsi qadağandır

KTN rəsmisi bildirdi ki, xaricdən gətirilən toxumlara nəzarət var: “Qonşu ölkələrlə, o cümlədən Avropa ölkələri ilə müəyyən əməkdaşlığımız var. Rusiya ərazisindən, Krasnodardan dənli bitki sortu gətirilir. Bu sort hansısa bir fermer tərəfindən gətirilsə belə, Seleksiya Nailiyyətlərinin Sınağı və Mühafizəsi üzrə Komissiyasında sınaqdan keçirilir. Fransadan gətirilən üzüm sortları yoxlandıqdan sonra təsərrüfata vəsiqə alır. O ki qaldı GMO məhsullara, ”Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında" qanuna görə, genetik modifikasiya olunmuş bitkilərin ölkəyə gətirilməsi qadağan olunub".

Sonda qeyd edək ki, Gədəbəydən olan, öz yetişdirdiyi kartof məhsulunu satan sakinlərlə söhbətimizdə bildirdilər ki, vaxtilə Gədəbəydə yetişdirilən, nəinki Azərbaycanda, başqa ölkələrdə də məşhurlaşmış Ağçiçək sortu yoxa çıxıb, Telman sortunu yetişdirmək isə baha başa gəldiyindən, bu sort çox az becərilir.
GMO bitkilərin ölkəyə gətirilməsi qanunla qadağan olunsa da, Azərbaycan bazarlarında bu məhsullara , təsadüf edildiyini, satışda daha çox xaricdən gətirilən meyvə-tərəvəz olduğunu da satıcılar istisna etmədi.

Sevil Hilalqızı


Müəllif: