5 Fevral 2015 14:07

Siyahıda 380 dövlət və qeyri dövlət qurumlarının adı var

Vergilər Nazirliyi borclu vergi ödəyicilərinin adlarını açıqlayıb. Nazirliyin analitik-informasiya şöbəsinin məlumatında bildirilir ki, əksər vergi ödəyiciləri vergilərini müəyyən olunmuş müddətlərdə, müxtəlif səbəblərdən yaranmış vergi borclarını isə mümkün qədər tez ödəməyə çalışsalar da, bəziləri qanunvericiliyin tələblərini pozaraq onların dövlət büdcəsinə vaxtında ödənilməsini təmin etmirlər ki, bu da büdcəyə vergi daxilolmalarına mənfi təsir göstərir. Belə halların aradan qaldırılması üçün Vergilər Nazirliyinin Vergi borclarının alınması işinin təşkili idarəsi tərəfindən aparılan mütəmadi təhlillər əsasında, imkanı olmasına baxmayaraq, vergi borcunu ödəməkdən yayınan vergi ödəyicilərinə qarşı digər qanunamüvafiq tədbirlər görülməklə yanaşı, onların siyahısı həftədə “Vergilər” qəzetində dərc edilir və artan yekunla nazirliyin rəsmi veb-saytında yerləşdirilir. Borcunu ödəyən vergi ödəyicisinin adı siyahıdan çıxarılır.

Siyahıda daha çox Bakı şəhərinin ayrı-ayrı rayonlarının adı yer alıb. Xətai, Suraxanı, Yasamal, Sabunçu, Səbayel rayonlarının icra hakimiyyətinin mənzil-kommunnal təsərrüfatı birliyi, Bakı Lift İdarəsi, Dövlət Dəmir Yolunun Yol Təsərrüfatı İstehsalat Birliyi, “Milk-Pro” MMC süd emalı məntəqəsi, “Bakı Şərab-2” şərab istehsalı obyekti, “Ulu Borçalı” şadlıq evi, "Ulu borçalı" şadlıq evi və digərləri də daxil olmaqla ümumilikdə 380 borclu vergi ödəyicisinin adı var.

Məlumatda bildirilir ki, adlarının ictimaiyyətə açıqlanmasını və bundan irəli gələ biləcək ciddi problemlərlə üzləşmək istəməyən vergi ödəyiciləri dövlət büdcəsinə borclarının ləğv olunmasını təmin etməlidirlər.

Naibə QURBANOVA


Müəllif: