5 Fevral 2015 15:02
661
12 Punto 14 Punto 16 Punto 18 Punto

SOCAR Türkiyədəki ən böyük aktivi olan “Petkim” Neft-Kimya Holdinqinin hissələrinin 3,4 faizini satışa çıxarır.

Teleqraf.com-un məlumatına görə, satış əməliyyatı ABŞ-da yerləşən və beynəlxalq bazarlarda investisiya həyata keçirən xarici fondlara 4 türk lirəsi məbləğində vahid qiymətlə gerçəkləşdiriləcək. Əməliyat Türkiyədə xarici hissə vasitəçiliyi sahəsində böyük nüfuz qazanmış “Ünlü&Co;” şirkəti tərəfindən İstanbul Birjasının Topdansatış Bazarında icra olunacaq.

“SOCAR Türkiyə” şirkətinin baş icraçı direktoru Kənan Yavuz satış ilə bağlı açıqlamasında bildirib ki, bu əməliyyat xarici investorların SOCAR və “Petkim”ə göstərdikləri yüksək etimad və etibarın göstəricisidir. Bu hissələr 2009-2010-cu illərdə investisiya məqsədi ilə İstanbul Birjasından o zaman üçün çox ucuz hesab etdiyimiz 2.10 türk lirəsinə alınıb və buna görə də indiki satış əməliyyatından əhəmiyyətli bir ticari gəlir əldə olunacaq. İcraçı direktor satışın birja əməliyyatlarında yer alan hissələrdən edildiyini, SOCAR-ın “Petkim”dəki mövcud sahiblik statusunda hər hansı bir dəyişiklik yaratmadığını qeyd edib.

Qeyd edək ki, “Petkim”in hissələri ötən il İstanbul Birjasında ən böyük 30 şirkət arasında ən yüksək dəyər artımına nail olmasıyla diqqət çəkmişdi. Xarici fondların “Petkim” hissələrini birjada son 7 ildəki ən yüksək qiymətə (4 türk lirəsinə) almaq istəyi bazarda holdinqin perspektivinə bəslənən etimadın bariz nümunəsi kimi dəyərləndirilir.

Naibə QURBANOVA


Müəllif: