10 Fevral 2015 18:10

Xəbər verdiyimiz kimi, fevral ayının 9-da Vergilər Nazirliyinin yaradılmasının 15 illik yubileyinə həsr olunmuş “Azərbaycanın vergi sistemi: reallıqlar və perspektivlər” mövzusunda IV Vergi Forumu öz işinə başlayıb.

Plenar iclasdan sonra forum öz işini sessiyalarda davam etdirib. “Vergi sisteminin modernləşdirilməsi və səmərəliliyi” adı altında keçirilən sessiyada vergi sisteminin müasirləşdirilməsi, aktiv vergi siyasətinin həyata keçirilməsi, vergi siyasətinin fiskal sektora təsiri və onun strateji prioritetləri diskussiya mövzusu olub. İnnovativ iqtisadi inkişafa keçid prosesində vergi güzəştlərinin tətbiqinin əhəmiyyəti dəyərləndirilib, ölkədə bələdiyyə institutları, yerli vergilərin yığılmasında yaranan çətinliklər, eləcə də qeydiyyatdankənar əmək münasibətlərinin yaratdığı problemlər müzakirə edilib.

Forumun “Vergilərin məcburi yığılmasından könüllü əməletməyə keçid” adlı ikinci sessiyasında əsas müzakirə mövzuları vergi ödəyicilərinə göstərilən xidmətlər və onların inkişaf istiqamətləri, elektron xidmətlər, vergi ödəyicilərinin könüllü vergi əməletməsinə təşviq edən üsullar və bu sahədə mövcud dünya təcrübəsi, həmçinin vergi maarifləndirməsində QHT-lərin və mətbuatın rolu olub.

Fevralın 10-da sessiyalar öz işini fəal müzakirələr şəraitində davam etdirib. Birinci sessiyada daha çox əmək münasibətlərinin leqallaşdırılması məsələləri, yaranan risklər və onların aradan qaldırılması yolları, transfer qiymətləndirmə, eləcə də biznes sektoru və vergi orqanları arasında əməkdaşlıq və korporativ sosial məsuliyyət məsələləri müzakirə edilib, təqdimatlar dinlənilib.

İkinci sessiyada isə ekspertlər vergi partnyorluğu sazişləri, onların tətbiqi prosesində ortaya çıxan məsələlər, bu sahədə mövcud beynəlxalq təcrübə, eləcə də hökumət ödənişləri portalı və onun e-hökumətin inkişafında rolu, elektron xidmətlərin inkişaf istiqamətləri, ASAN İmza, nağdsız ödənişlər və onun inkişaf istiqamətləri mövzusunda çıxışlar və təqdimatlar ediblər.

Sessiyalarda müzakirə olunan məsələlər ətrafında geniş diskussiyalar aparılıb, forum iştirakçıları vergi qanunvericiliyi və vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı müxtəlif təkliflərlə çıxış ediblər.

Sessiyalar işini başa çatdırdıqdan sonra IV Vergi Forumunun Plenar iclasında onların yekunları ilə bağlı iştirakçılara ümumiləşdirilmiş məlumat təqdim olunub.

Bununla da IV Vergi Forumu işini başa çatdırıb.

Naibə QURBANOVA


Müəllif: