13 Fevral 2015 18:50
966
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qabil Hüseynli: "Azərbaycan prezidentinin başlatdığı iş uğurla həyata keçəcək"

""Bakıda "Cənub Qaz Dəhlizi" layihəsi üzrə müvafiq ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasının keçirilməsi qlobal əhəmiyyət kəsb edir. Mən bunu Azərbaycanın dünyada siyasi və iqtisadi mövqeyinin güclənməsinin nəticəsi kimi qiymətləndirirəm".

Bunu Teleqraf.com-a açıqlamasında politoloq Qabil Hüseynli dünən Bakıda "Cənub Qaz Dəhlizi" layihəsi üzrə bəlli ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasının keçirilməsinə münasibət bildirərkən qeyd edib.

Bildirək ki, Məşvərət Şurasının iclasında "Cənub Qaz Dəhlizi" layihəsinin icrası, idarə olunması, mövcud vəziyyəti ilə bağlı konkret tövsiyələr verilib. Məşvərət Şurasının iclasında "Cənub Qaz Dəhlizi" layihəsinin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstanın energetika nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, "BP-Azərbaycan" şirkəti, Transanadolu Boru Kəməri (TANAP), Transadriatik Boru Kəməri (TAP) şirkətlərinin və digər beynəlxalq qurumların rəsmi nümayəndələri iştirak ediblər. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edib və geniş nitq söyləyib.

Q.Hüseynlinin sözlərinə görə, Azərbaycanın təşkilatçısı olduğu "Cənub Qaz Dəhlizi" layihəsi uğurla icra olunacaq: "Buna heç kəsin şübhəsi olmasın. Bu gün Azərbaycanın bu layihəsinə mane olan müxtəlif güclər var və onlar hərəkətə keçiblər, amma əbəs yerə. Azərbaycan prezidenti xarici iqtisadi siyasət üzrə peşəkarların imkanlarından yararlanır və o, yaxşı bilir ki, başlatdığı iş uğurla həyata keçəcək. Bu məsələdə məni iki şey məyus etdi. Türkiyə və Yunanıstan. Açığı, Ərdoğandan belə bir siyasət gözləmirdim. Rusiya ilə birləşib "Türk axını" layihəsini qabağa salmaqla, TANAP-ın işinə mane olmağa çalışdı. Azərbaycan tərəfi buna görə Ərdoğanın üzərinə çox getmədi. Çünki biz bilirik ki, Avropada Azərbaycan qazına böyük ehtiyac var. 2016-cı ildə Transanadolu Boru Kəməri (TANAP), 2020-ci ildə isə Transadriatik Boru Kəmərini (TAP) istifadəyə vermək bizim dünya bazarına çıxışımızı bir daha təmin edəcək. TANAP 21-ci əsrin qaz müqaviləsidir və çox ciddi proses kimi qiymətləndirməlidir. Azərbaycan dünyaya iki böyük iqtisadi layihə bəxş edib. Bunun biri neft axınını nəzərdə tutan Əsrin Müqaviləsi, digəri isə qaz ixracatı olan "Cənub Qaz Dəhlizi"dir. MDB ölkələrindən heç biri Azərbaycan kimi belə samballı layihələrə müəlliflik etməyib".

Q.Hüseynli qeyd etdi ki, Yunanıstanın bəlli olmayan siyasəti də "Cənub Qaz Dəhlizi" layihəsinin icrasına mane olmayacaq: "Qərbin aparıcı ölkələri Azərbaycana birmənmalı dəstəklərini ifadə ediblər. Bu mənada hesab edirəm ki, layihənin icrası ilə bağlı heç bir problem olmayacaq. Əksinə düşünürəm ki, kəmər proqnozlaşdırılan vaxtdan daha tez çəkilib qurtaracaq".

Ayxan


Müəllif: