1 Mart 2015 20:15
1 046
12 Punto 14 Punto 16 Punto 18 Punto

2014-cü ildə ölkənin strateji valyuta ehtiyatları 1.2 mlrd. dollar və ya 2.4% artaraq 51.4 mlrd. dollara çatıb. Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının ötən ilin yekunları üzrə pul siyasəti icmalında deyilir.

Qeyd olunur ki, ölkənin strateji valyuta ehtiyatları təxminən 3 illik mal və xidmətlərin idxalına kifayət edir və xarici dövlət borcunu 8 dəfə üstələyir.

İlin sonuna strateji ehtiyatların ÜDM-ə nisbəti 70%-ə yaxın olub. Strateji ehtiyatların tərkib hissəsi olan Mərkəzi Bankın ehtiyatları manatla geniş pul kütləsinin (M2) 62% hissəsini təşkil edir.

İcmalda deyilir ki, hesabat ilində ölkənin əlverişli xarici ticarət mövqeyi qorunub, ticarət balansı profisitli olub, vayuta ehtiyatları artmaqda davam edib.

Ölkədə xarici investor fəallığı yüksək olaraq qalır. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə iqtisadiyyatına qoyulmuş xarici investisiyaların həcmi 2014-cü ildə 6.2 mlrd. dollardan çox olmuşdur ki, bu da ümumi investisiyaların 27.7%-ni təşkil edir.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2014-cü ildə xarici ticarət dövriyyəsi 31 mlrd. dollar təşkil edib ki, bunun da 21.8 mlrd. dolları ixracın, 9.2 mlrd. dolları isə idxalın payına düşüb. Dövr üzrə xarici ticarət balansının profisiti 12.6 mlrd. dollar olub, ixrac idxalı 2.4 dəfə üstələyib.

İxracın 53%-i Avropa İttifaqı (Aİ) ölkələri, 3.8%-i isə MDB ölkələrinə yönəlib. İdxalın isə 33.8%-i Aİ-nin, 22.7%-i MDB-nin payına düşüb.

İxracda yüksək templə artan mallara misal olaraq meyvə-tərəvəz, içkilər, neft məhsulları, kimya sənayesi məhsulları, plastmas və onlardan hazırlanan məmulatlar və s. göstərmək olar. İdxalı daha çox artan mallara isə ət, bitki yağları, kərə yağı, şəkər, tütün, mebel və s. aiddir. \

Ötən ildə bir sıra məhsul qrupları üzrə idxalın azalması yerli istehsalın genişlənməsi ilə izah edilir.


Müəllif: