1 Mart 2015 20:57

2014-cü ildə Azərbaycanda İstehlakçı İnamı İndeksi beynəlxalq təcrübədə kifayət qədər yüksək səviyyədə saxlanılıb. Teleqraf.com-un məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının ötən ilin yekunları üzrə pul siyasəti icmalında deyilir.

Qeyd olunur ki, Mərkəzi Bankın apardığı sorğular da istehlakçı fəallığının yüksək olaraq qaldığını göstərir. “Ev təsərrüfatlarının maliyyə davranışları, niyyətləri və inflyasiya gözləntiləri” üzrə 4250 ev təsərrüfatı (ailə) arasında Mərkəzi Bank tərəfindən 2014-cü ilin dekabr ayında keçirilmiş növbəti sorğu İstehlakçı İnamı İndeksinin (23.8) pozitiv zonada olduğunu göstərib.

2014-cü ildə ev təsərrüfatlarının nominal pul gəlirləri 4.8%, real olaraq isə 3.4% artıb. Adambaşına düşən pul gəlirləri nominal olaraq 3.5%, real ifadədə isə 2.1% artıb. 2014-cü ildə ölkədə orta aylıq əmək haqqı nominal ifadədə 4.5% artaraq 444.3 manata çatıb.

2014-cü ildə əhalinin real gəlirlərinin artması şəraitində ümumi istehlakçı fəallığı yüksək olub. İstehlak xərcləri 12.1% artıb. Ev təsərrüfatlarının sərəncamında qalan gəlirlər 5.1% artaraq 35.9 mlrd. manat təşkil edib. Ev təsərrüfatlarının gəlirlərinin son istehlak xərclərini örtmə əmsalı 1.5 olub. Əhali gəlirlərinin 68.8%-i son istehlak xərclərinə yönəldilib.

İcmalda deyilir ki, istehlak xərclərinin artımı pərakəndə əmtəə dövriyyəsinin artımına şərait yaradır. 2014-cü ildə istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə istehlak bazarında satılmış əmtəə və xidmətlərin həcmi 9.5% artıb. Pərakəndə ticarət dövriyyəsinin həcmi 10% artaraq 22 mlrd. manat olub. O cümlədən özəl bölmə üzrə artım 10% olub, bu bölmə üzrə real artımın 65.7%-i fərdi sahibkarların ticarət fəaliyyəti hesabına formalaşıb.

2014-cü ildə pərakəndə ticarət dövriyyəsi ərzaq malları üzrə 3.9%, qeyri-ərzaq malları üzrə 16.2% artıb. Əhaliyə göstərilən pullu xidmətlərdə isə artım 7.2%, o cümlədən qeyri-dövlət mülkiyyəti üzrə 8.5% təşkil edib. Əhaliyə göstərilən pullu xidmətlərin 77.8%-i özəl sektorun payına düşüb.


Müəllif: