1 Mart 2015 22:43
1 004
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Dövlət Gömrük Komitəsində iş adamları ilə görüş keçirilib.

Axar.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iş adamları ilə görüşlərin ümumi işə faydasını, eləcə də gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində yardımçı olduğunu qeyd edərək, bu ənənənin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb.

DGK sədri vurğulayıb ki, bu gün Azərbaycan iqtisadiyyatı Prezident İlham Əliyevin rəhbərliyi altında özünün davamlı inkişafını təmin edib, respublikamız regionda və bütün dünyada əhəmiyyəti artan ölkəyə çevrilib.

Komitə sədri sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə hər hansı problemin birgə həllində mühüm rol oynadığını qeyd edib, eyni zamanda, sahibkarların təşkilatlanmasını və aidiyyəti məsələlərin həllində onların konstruktiv mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.

Aydın Əliyev bildirib ki, iş adamları ilə bu günkü görüşün dünyada baş verən maliyyə böhranı dövründə keçirilməsi təsadüfi deyil. O cümlədən, dünya bazarında neftin kəskin ucuzlaşması, eyni zamanda Azərbaycanda milli valyutanın devalivasiyası ərəfəsində sahibkarlarla bu görüşün gerçəkləşməsi mühüm əhəmiyyət kəsb edir.

Mövcud şəraitdən yararlanmağa çalışan bəzi dırnaqarası iş adamlarının süni qiymət artımı ilə müşahidə olunan qeyri-konstruktiv fəaliyyətlərinin yolverilməz olduğunu diqqətə çatdiran Komitə sədri məhz bu amilin də əhali arasında müəyyən çaşqınlıq yaratdığını bildirib, keçirilən görüşün əsas məqsədinin bu kimi neqativ halların aradan qaldirilması, mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasına xidmət etdiyini vurğulayıb.

Sonra görüşdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının davamlı inkişafının təmin edildiyini bildirib, bu sahədə xarici iqtisadi fəaliyyət iştirakçılarının da rolunu yüksək qiymətləndirib. S.Mehdiyev son zamanlar dünyada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi ilə bağlı gömrük orqanlarının da həyata keçirdiyi kompleks tədbirlərdən ətraflı bəhs edib, o cümlədən idxal-ixrac əməliyyatları zamanı gömrük qiymətləndirilməsi ilə bağlı nəzərdə tutulan müəyyən güzəştlər barədə məlumat verib.

Görüşdə çıxış edən sahibkarlar ölkədə iqtisadi sabitliyin təmin olunması istiqamətində öhdələrinə düşən bütün vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər.

Sonra iş adamlarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Görüşdə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev iştirak edib.


Müəllif: