5 Mart 2015 16:46
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARDNŞ-in ekologiya idarəsi ölkə qanunvericiliyi və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələblərinə əsasən Qazıməmməd-Qazax (1-ci xətt) magistral qaz kəmərinin 210 kilometrlik hissəsinin yenidən qurulması layihəsi ilə əlaqədar Ətraf Mühitə Təsirlərin Qiymətləndirilməsi (ƏMTQ) sənədi hazırlayıb.

Sənəd üzrə ictimai rəyin öyrənilməsi, layihə ilə əlaqədar müzakirələrin aparılması, o cümlədən təklif və rəylərin yekun sənəddə nəzərə alınması məqsədilə ictimai dinləmə keçirilib.

Hazırlanmış ƏMTQ sənədi ilə ictimaiyyətin tanış olması üçün Ekologiya idarəsində, Qaz ixracı idarəsində və Ağdaş magistral qaz kəmərləri sahəsində məlumat yerləşdirilib.

Keçirilən dinləmədə tərəflərin iştirakının təmin edilməsi üçün mətbuatda elan verilib, layihənin əhatə etdiyi Hacıqabul, Ağdaş, Ağsu, Göyçay, Yevlax və İsmayıllı rayonlarının icra hakimiyyətlərinə dəvət məktubları göndərilib.

Tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli nümayəndəliklərinin, ARDNŞ-in Ekologiya idarəsinin, Qaz ixrac idarəsinin, “Neftqaztikinti” trestinin, “Neftqazelmitədqiqatlayihə” institutunun, o cümlədən bələdiyyələrin, hökumət və qeyri-hökumət təşkilatlarının, yerli icmaların təmsilçiləri iştirak ediblər.

Görüşdə Azərbaycanın neft-qaz sənayesinin tarixi, inkişaf mərhələləri və bu sahədə əldə edilmiş uğurlar, beynəlxalq layihələr, regionların təbii qazla fasiləsiz təmin olunması sahəsində görülmüş işlər barədə ətraflı məlumat verilib.

İdarənin nümayəndələri təqdimatla çıxış edərək, 1020 millimetrlik Qazıməmməd-Qazax (1-ci xətt) magistral qaz kəmərinin müvafiq hissəsinin yenidən qurulması layihəsi ilə əlaqədar hazırlanmış ƏMTQ sənədinin məqsədi, layihə ərazisində həyata keçirilmiş ilkin ekoloji tədqiqatlar, flora və fauna, ekoloji həssas ərazilər, layihənin icrası ilə əlaqədar ətraf mühitə potensial təsirlər və onların yumşaldılması tədbirləri, layihə alternativləri, o cümlədən ətraf mühitin idarə edilməsi və monitorinq planı barədə iştirakçılara ətraflı məlumat veriblər.

Görüşdə ƏMTQ layihəsi ilə əlaqədar iştirakçıları maraqlandıran suallar cavablandırılıb, layihə üzrə rəy və təkliflər öyrənilib.

İLHAMƏ


Müəllif: