14 Mart 2015 00:43
875

Kənd Təsərrüfatı naziri Heydər Əsədovun iştirakı ilə “Aqrolizinq” ASC-nin Ucar rayonlararası təchizat bazasında Almaniya, Finlandiya və Belçikadan gətirilmiş 145 ədəd kombaynın təqdimat mərasimi keçirilib. Onlardan 65 ədədi Belçika istehsalı olan “New Holland”, 50 ədədi Almaniya istehsalı olan CLASS, və 30 ədədi Finlandiya istehsalı olan “Sampo” kombaynlarıdır.

Kənd Təsərrüfatı Nazirliyindən verilən xəbərə görə, martın 13-də keçirilən tədbirdə 30 rayonun sahibkarları iştirak edib, onlara əvvəlcə bazadakı mövcud texnika barədə ətraflı məlumat verilib.

Nazir fermer və sahibkarlarla görüşüb və bildirib ki, Azərbaycana Avropanın ən müasir kənd təsərrüfatı texnikaları gətirilir, yaxın günlərdə ixtisaslaşdırılmış texnikaların gətirilməsi də nəzərdə tutulur. Texnikaların sənədləri fermerlərə bir pəncərə prinsipi əsasında yerindəcə təqdim edilir ki, bu da fermerlərin texnikanı qısa zamanda əldə etməsinə imkan verir.

Tədbirdə 17 nəfər istifadəçiyə 3 adda 19 ədəd texnika lizinq yolui ilə verilib. Tədbirin sonunda nazir 2014-2015-ci illərdə Ucar rayonlararası təchizat bazasına xaricdən gətirilən mineral gübrələrin saxlanma şəraiti və ehtiyat hissələri anbarı ilə də tanış olub.

Həmin gün Kənd Təsərrüfatı Naziri Heydər Əsədov Goranboy rayonunda Yevlax, Samux, Göygöl, Daşkəsən, Goranboy, Xocalı və Kəlbəcər rayonlarının sakinlərini qəbul edib. Nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin də iştirakı ilə keçirilən qəbulda 30 nəfərin müraciətinə baxılıb.

Müraciətlər əsasən fermerlərə güzəştli kreditlərin verilməsi, suvarma sistemindəki vəziyyət, subartezain quyularının qazılması və bərpası, gübrələrin çeşidlərinin artırılması, arıçılığın inkişafı, quşçuluğun inkişafı üçün yem bazasının yaradılması, toxumçuluğun inkişaf etdirilməsi və sertifikatlaşdırılması ilə bağlı olub. Qəbul zamanı nazir vətəndaşların müraciətlərini, şikayət və təkliflərini dinləyərək hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun tədbirlərin görülməsi üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə tapşırıqlar verib.

SEVİL


Müəllif: