17 Aprel 2014 21:31
1 233

Azərbaycanda sığorta-pensiya sisteminin ölkə əhalisinin 40 faizindən çoxunu əhatə etdiyini nəzərə alsaq, bu sahədə dayanıqlığın və dinamikliyin təmin edilməsi üçün elektron xidmətlərin tətbiqi vacib idi.

Bunu nəzərə alaraq, Azərbaycanda vətəndaşların pensiya təminatının daha da yaxşılaşdırılmasını, sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunmasını təmin etmək məqsədilə ölkə Prezidenti İlham Əliyev «2009-2015-si illərdə ölkədə sığorta pensiya sisteminin inkişafına dair Dövlət Proqramı»nın təsdiq edilməsini qərara alıb. 30 dekabr 2008-ci ildə qəbul olunan Dövlət Proqramında nəzərdə tutulan tədbirlərdən biri də sığorta-pensiya sahəsində əhalinin maarifləndirilməsi məqsədilə kütləvi informasiya vasitələrindən istifadə olunmasıdır.

«Xidmət haqqı»na son!

Kapitalizmdə pensiyalar vətəndaşın aidiyyəti fonda vaxtında ödədiyi vəsaitlərin əsasında formalaşır və bu proses qanunvericiliklə tənzimlənərək, hesablanma qaydaları ictimaiyyət üçün açıq olur. Əvvəllər Azərbaycanda vətəndaşların pensiyası SSRİ-dən qalma mexanizm üzrə hesablandığından, bu hesablanmanın heç bir iqtisadi əsası olmurdu. Buna görə də, ölkə başçısı pensiyaların yeni elektron hesablanma sisteminə keçməsinə dair müvafiq sərəncam verdi. Sirr deyil ki, ölkədə əvvəlki illərdə pensiyaların hesablanması və ödənilməsi sahəsində ciddi problemlər var idi. Bəzən ünvanına çatmalı olan vəsaitlər vəzifəli şəxslər tərəfindən mənimsənilirdi və ya müxtəlif adlar altında pensiyalardan «xidmət haqqı» tutulurdu. Elektron xidmətə keçdikdən sonra bu sahədə «xidmət haqqı» anlayışı və s. mənimsəmələr, qeyri-dəqiq hesablanmalar aradan qaldırıldı.

Hazırda Dövlət Sosial Müdafiə Fondunun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 691 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanıb. Ötən il ərzində DSMF-nin həm öz saytı (www.dsmf.gov.az), həm də “elektron hökümət portalı” (www.e-gov.az) vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərdən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb.

Ən çox DSMF-nin xidmətlərindən istifadə olunur

Fonddan verilən məlumata görə, bu gün bütün ölkə üzrə iri və orta sahibkarlardan hesabatların tam elektron qaydada qəbul edilməsi təmin olunub. «Məcburi dövlət sosial sığortası üzrə hesabatların (B1, B2) və məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatın (B3) elektron formada qəbulu›› adlı elektron xidmət sığortaedənlərlə DSMF orqanları arasında münasibətlərin sadələşdirilməsinə imkan yaradır, sığorta-pensiya sistemində şəffaflığın daha da artırılmasını təmin edir. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarıq fəaliyyəti ilə məşğul olan şəxslər isə DSMF-nin yerli şöbələrində yaradılmış “Yardım masaları”nın xidmətindən yararlanmaqla öz hesabatlarını elektron formada təqdim etmək imkanı qazanırlar. “Yardım masaları”nın fəaliyyətinin genişləndirilməsi ilə bağlı kiçik ödəniş edən sığorta edənlərin elektron hesabatlarının sayının daha da artacağı gözlənilir.

Bundan başqa Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq məlumat almaq, pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablamaq imkanı əldə edir. Həmçinin, pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən DSMF-nin 190-0 «Çağrı Mərkəzi» nə zəng etməklə real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir.

Təsadüfi deyil ki, “elektron hökümət” portalının statistikasına əsasən DSMF-nin əhaliyə göstərdiyi elektron xidmətlər qısa müddət ərzində ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutub. Fond tərəfindən əhaliyə göstərilən elektron xidmətlərin keyfiyyətinin artırılması və əhatə dairəsinin genişləndirilməsi sahəsində ardıcıl işlər görülür.

«Vətəndaşa nəzarət imkanı verilib»

DSMF-nin maliyyə-büdcə şöbəsinin sektor müdiri Rüfət Oruclunun sözlərinə görə, istifadəyə verilən "sığortaolunanın onlayn uçota alınması" adlı elektron xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirilir: «İndi hər bir sığortaedən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə, sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malikdir. DSMF-nin elektron xidmətindən istifadə üçün sığortaedən www.e-gov.az internet ünvanına daxil olur, "Sığortaolunanın onlayn uçota alınması" elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilmiş ərizə DSMF orqanı tərəfindən qəbul edilir və bu barədə sığortaedənə elektron təsdiqetmə bildirişi göndərilir. Sığortaedən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına DSMF tərəfindən baxılır. Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsi 1 ay ərzində rəsmiləşdirilir».

DSMF-nin şöbə müdiri Famil Qədimov qeyd etdi ki, ölkə əhalisinin 40 faizindən çoxu DSMF-nin kontingentinə aiddir: «Bu insanlara göstərilən xidmətlərin modernləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması fondun siyasətinin əsas tərkib hissəsidir. İnformasiya texnologiyalarının uğurlu tətbiqi sahəsində əhaliyə göstərdiyimiz elektron xidmətlərin sayı 19-a çatdırılıb. Biz Azərbaycanın əksər rayonlarına səfərlər edib elektron xidmətlərimizlə bağlı əhaliyə geniş məlumatlar vermişik, proses bu gün də davam etməkdədir. «Elektron xidmətlər şəffaflığın əsas vasitəsidir» adı altında keçirdiymiz tədbirlər əhalinin maarifləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir. Məcburi dövlət sosial sığorta haqlarının ödənişi real vaxt rejimində onlayn həyata keçirilir. Vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olmasında mühüm rola malik olan “Sığortaolunanlara məlumatların verilməsi” adlı müasir məlumatlandırma sistemi tam istifadəyə verilib. Bu xidmət vasitəsilə istənilən sığortaolunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürənin onun üçün əməkhaqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər».
Nəzərə çatdıraq ki, hazırda DSMA Azərbaycanın dövlət pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması üçün "Tvinninq" layihəsi hazırlayır.
Burada əsas məsələ vətəndaşın fərdi hesabında real toplanan pul vəsaitinin gələcəkdə, uzun müddətdən sonra, onun pensiyaya çıxacağı vaxta qədər bazar təsirləri, inflyasiya risklərindən, maliyyə bazarının mənfi tendensiyalarından qorunmasıdır.

Beynəlxalq təcrübə

Əslində Azərbaycanda üç pilləli pensiya təminatı sistemi qurulur. Birincisi, həmrəylik prinsipinə, nominal yığıma əsaslanan və bu gün qüvvədə olan sistemə əsaslanan sistemdir. İkinci sistem real yığıma əsaslanır, üçüncüsü isə özəl pensiya fondlarıdır. Bir ara DSMF-da hesab edirdilər ki, I və II sistemin normal fəaliyyət göstərməsi üçün sosial sığorta haqları 35%-ə çatdırılmalıdır. Artırılan 10%-in böyük hissəsinin işçilərin hesabına ödənilməsi məqsədəuyğun sayılırdı. Məsələn, Almaniyada sosial sığorta haqlarının yarısını işəgötürən təşkilat, yarısını işçi ödəyir. Doğrudur, hazırkı Azərbaycan reallığında sosial sığorta haqlarını bu həddə çatdırmaq mümkün deyil. Amma "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda sosial sığorta haqlarının tədricən artırılması nəzərdə tutulub.

Hazırda Azərbaycanda sosial sığorta haqlarının dərəcəsi 25%-dir. Bunun 22%-ni işəgötürən təşkilat, 3%-ni isə işçi ödəyir. Əslində indiki məqamda DSMF-nin sosial sığorta dərəcəsini artırmaq niyyəti düzgün strategiya sayıla bilməz və effekt verməyəcək.

Ekspertlər hesab edir ki, sığorta-pensiya sistemində elektron xidmətlərin tətbiq edilməsi təkcə təqaüdçülərin və DSMF-nin işini asanlaşdırmayıb. Bu, beynəlxalq təşkilatların dövlətlərin korrupsiyaya dair siyahısında Azərbaycanın adının müsbətə doğru irəliləməsinə səbəb olur. Təsadüfi deyil ki, yeni sistem elektronlaşdırıldıqdan sonra ölkəmizin adı korrupsiyaya qarşı inamlı mübarizə aparan dövlətlərlə bir sıradp çəkilir.

Sahibkarlar bildirirlər ki, elektron sığorta-pensiya sisteminin elektronlaşdırılması onların işini xeyli yüngülləşdirib. Belə ki, əvvəlki dönəmlərdə hesabatlar DSMF-nin yerli bölmələrinə gedilərək verilirdi ki, bu da vaxt itkisinə, bürokratik əngəllərə, məmur-vətəndaş münasibətlərində birincinin üstün mövqe əldə etməsinə, nəqliyyat xərclərinə səbəb olurdu. Hazırda isə bu problemlərin heç biri yoxdur.

Ruslan Xəlil

Yazı Dövlət Sosial Müdafiə Fondunun “Sığorta-pensiya sistemində elektron xidmətlər şəffaflığın əsas vasitəsidir” mövzusunda elan etdiyi müsabiqəyə təqdim edilir


Müəllif: Ruslan Xəlil