3 İyul 2015 19:53
360

Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşları qəbul edir, onların qarşılaşdığı problemlərin həllinə köməklik göstərirlər.

Növbəti belə qəbul iyul ayının 3-də vergilər naziri Fazil Məmmədov tərəfindən Qazax rayonunda Qazax, Ağstafa və Tovuz rayonlarından olan vətəndaşlar üçün keçirilib. Vergilər Nazirliyinin analitik-informasiya şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, qəbulda vergilərin hesablanması, ödənilməsi, nəzarət-kassa aparatlarının tətbiqi, POS-terminalların quraşdırılması, əmək müqavilələrin bağlanması, vergi borcları, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, əmək haqqı fondundan ödənilən icbari ödənişlərlə bağlı məsələlər müzakirə olunub.

Eləcə də vergi ödəyicilərinə göstərilən xidmətlər, vergi orqanlarına işə qəbul, yerli (bələdiyyə) vergilərin toplanması prosesində rast gəlinən müxtəlif çətinliklər və digər məsələlərlə bağlı vətəndaşların müraciətlərinə baxılıb.

Qəbul zamanı qaldırılan problemlərin əksəriyyəti yerindəcə həll olunub, müraciətlərin bir qismi nəzarətə götürülüb, digərlərinin araşdırılması və lazımi tədbirlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Qəbula gələn vətəndaşlar onlar üçün yaradılmış bu imkandan razı qaldıqlarını bildiriblər.

Naibə QURBANOVA


Müəllif: