4 İyul 2015 17:45
673

"On günə məhsul bolluğu olacaq"

Kənd Təsərrüfatı Nazirliyinin Elmi Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun elmi işlər üzrə direktor müavini Vahid Əliyev bildirib ki, hazırda meyvə-tərəvəzin qiymətindəki bahalıq havaların quraq keçməsi ilə əlaqədardır.

Vahid Əliyevin sözlərinə görə, quraqlıq bitkilərin yarpaqlarının vaxtından əvvəl qurumasına, məhsuldarlığın azalmasına gətirib çıxarır və bu hal dağlıq rayonlarla müqayisədə Aran rayonlarda yetişdirilən bitkilərin məhsuldarlığına daha ciddi təsir edir.

Direktor müavinin fikrincə, quraqlığın bitkilərə təsirini azaltmaq üçün ilk növbədə suvarmanın həcmi artırılmalıdır. Hazırda ölkədə suvarma suyunun çatışmadığını deyən Vahid Əliyev bildirib ki, bu durumun çoxillik bitkilər də daxil olmaqla, bütünlüklə tərəvəzə, meyvələrə və dənli bitkilərə mənfi təsiri var: "Tərəvəz məhsulları hər yığımdan sonra suvarılmalıdır. Bunun üçün su ehtiyatı olmalıdır".

Alimin sözlərinə görə, çaylarda sululuğun azalması bağların, bostanların suvarılmasında çətinliklər yaradır: "Quraqlıq fermerlərin məhsul yetişdirməsinə imkan verməyəcək. Onlar əziyyət çəkirlər, amma məhsullarını yetişdirib sata bilməcəyəcəklər. Yetişdirdikləri məhsulun keyfiyyəti isə aşağı olacaq".

Məhsuldarlıq var, rəqabət yox...

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə qiymətlərin bahalaşmasını quraqlıqla əlaqələndirmir. Mütəxəssis bildirir ki, əksinə, ötən illə müqayisədə bu yaz havalar yağmurlu keçib: "Bazarlarda rəqabət mühiti zəifdir. Bəzi işbazlar fermerlərin öz məhsullarını bazara çıxarmasına süni maneələr yaradır ki, bu da rəqabətə imkan vermir. Yəni eyni növ məhsulu satan iki şəxsin hər biri çalışar ki, öz məhsulunu daha tez satmaq üçün digərinə nisbətən qiyməti endirsin. Çünki meyvə-tərəvəz nə qədər tez satılırsa, bir o qədər itkiyə getmir. Qiymət də həmin işbazların nəzarətində olduğu üçün bu həm fermerin məhsulu bazara çıxarmasına imkan vermir, həm də istehsala mənfi təsir göstərir.

Dünən bir fermer rayondan zəng edib deyir ki, özü becərdiyi pomidorun kilosunu 10 qəpiyə belə sata bilmir. Rayonlardan gündüz məhsul gətirilməsinə qadağa qoyulması da fermerlərin işinə bir tərəfdən əngəl yaradıb".

Paytaxta avtomobil məhdudiyyəti də qiymətlərə təsir edir

Qeyd edək ki, Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının sədri Abid Şərifov rayonlardan gələn bütün növ avtomobillərin Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılacağını bildirib.

Mütəxəssis hesab edir ki, bu məsələ kənd təsərrüfatı məhsullarını paytaxta gətirən fermerlər üçün istisna olmalıdır: "Fermer üçün ən əlverişli satış yeri paytaxtdır. Onun məhsulu paytaxta gətirməsinə məhdudiyyət meyvə-tərəvəzin, digər kənd təsərrüfatı mallarının qiymətinin bahalaşmasına səbəb olur. Yay ayları fermerlər üçün ən fəal dövrdür, onsuz da bu ərəfələrdə onlar yorğun olur, üstəlik də gecə yuxusuz qalıb paytaxta mal gətirmək fiziki baxımdan onlara əl vermir. Əksəriyyəti də avtomobili özü idarə edir, gecə vaxtı onlar üçün avtomobil sürmək riskdir.

Fermer adətən çalışır ki, səhərə yaxın rayondan çıxsın, bazara səhər çatıb, malını satıb getsin. Bu məhdudiyyət isə paytaxta məhsul çatdırılmasında problem yaradacaq, yaxud fermer məcbur olub əlavə sövdələşməyə gedəcək ki, onu paytaxta buraxsınlar.

Əlavə xərclər, yaxud məhsul qıtlığı da, təbii ki, qiymət artımına şərait yaradan amilllərdəndir. Ona görə də mən hesab edirəm ki, bu məhdudiyyətin öz məhsulunu paytaxta nəql edən fermerə aidiyyəti olmamalıdır.

Digər tərəfdən, keçən ay rayonlardan avtomobillərin paytaxta buraxılmasına ümumiyyətlə, qadağa qoyulması bölgələrdə kənd təsərrüfatı məhsullarının zay olmasına səbəb oldu ki, bu da qiymətə öz təsirini göstərdi. Əgər bazarlarda qiymətlərin münasib olmasını istəyiriksə, maksimum dərəcədə çalışmaq lazımdır ki, fermer becərdiyi məhsulu satışa əlverişli şərtlərlə çıxarsın".

Şaban qarpızına yer ayrılmalıdır

Vahid Məhərrəmov onu da bildirdi ki, ötən ayla müqayisədə bu ay bəzi məhsulların qiymətində azalma da müşahidə olunur ki, bu da mövsümlə əlaqədardır: "Keçən ilin müvafiq dövrü ilə müqayisədə bəzi məhsulların qiyməti yüksəkdir. Qarpızla bağlı daşınmada problem var, qarpız istehsalçıları birbaşa bazara məhsul çıxara bilmirlər. Ötən ilə qədər qarpız satışı üçün müəyyən yerlər ayrılmışdı, bu il hələ belə yerlər ayrılmayıb. Yeri gəlmişkən onu da deyim ki, hazırda tezyetişən Şaban sortu geniş yayılıb. Bu sort qarpızlar iyunun sonlarında yetişir, avqust ayında tükənir, yeyilməsində heç bir təhlükə yoxdur. Bu qarpızların satışı üçün yerlər ayrılmalıdır".

Hava çox quraq da keçər, leysan da yağar...

Mütəxəssis onu da dedi ki, qarşıdakı qızmar yayda havaların quraq, yaxud yağmurlu keçəcəyini indidən proqnozlaşdırmaq tezdir: "Ola bilər ki, avqust ayında leysan yağılar yağsın, yaxud gözləndiyindən quraq keçsin. Bunu indidən proqnozlaşdırmaq tezdir. Davamlı yağışı olar, su eroziyası baş verər, davamlı külək olar, külək torpağı üfürüb, külək eroziyası yaradar, havalar çox isti keçər, ot bitməz.

Kənd təsərrüfatı riskli sahə olduğuna görə hər bir şəraitə uyğun tədbirlər planı hazırlanmalıdır. Mən bu yaxınlarda Qubaya getmişdim. Dağətəyində meşə zolağı, kolluq, təbii ot örtüyü artıq yoxdur və torpaqlarda eroziya prosesi gedir. Havaların da isti keçməsi deqradasiyaya uğramış torpaqlara həmin anda təsir edir.

Əgər qoruyucu meşə zolağı, çim örtüyü olsaydı, bu quraqlıq prosesinin qarşısını almağa xeyli öz təsirini göstərmiş olardı. Həm hava təmizlənər, həm su bolluğu yaranar, həm də torpaq münbitləşər, meşə zolağındakı rütubət şiddətli istidən, yaxud qışda şaxtadan əkin sahələrini qoruyar".

Qiymətlər enəcək

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə bildirdi ki, havaların quraq keçməsinin meyvə-tərəvəzin qiymətinə mənfi təsiri barədə nazirliyə heç bir məlumat daxil olmayıb. Onun sözlərinə görə, KTN-də meyvə-tərəvəzin qiymətinin bahalaşması barədə heç bir məlumat yoxdur.

KTN rəsmisi dedi ki, iyulun 15-dən sonra bazarlarda kənd təsərrüfatı məhsullarının bolluğu gözlənilir, məhsul bolluğunun isə qiymətlərin aşağı düşməsinə müsbət təsir edəcəyi şübhəsizdir: "Meyvə-tərəvəzin kütləvi yetişmə dövrü hələ qarşıdakı iyul-avqust aylarında olacaq, o zaman da siz şahidi olacaqsınız ki, qiymətlər necə kəskin şəkildə aşağı enir".

Sevil Hilalqızı


Müəllif: