4 İyul 2015 16:06
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müştərilər, adətən, bankın brendinə inanırlar"

Azərbaycan Sığortaçılar Assosiyasiyasının təşkilatçılığı, Maliyyə Nazirliyinin dəstəyi ilə keçirilən 6-cı Azərbaycan Beynəlxalq Sığorta Forumu (AİİF) dünən öz işini davam etdirib.

Tədbirdə sığorta sahəsini əhatə edən müxtəlif mövzulara toxunulub, bəzi ölkələrin sığorta təcrübəsi müzakirə olunub.

Azərbaycanda bank sığortası sahəsində yaxşı perspektiv olduğunu deyən Böyük Britaniyanın "HSBC" bankının sığorta departamentinin direktoru Hakan Sezik bildirib ki, vaxtilə Türkiyədə bank sığortasının müştərilərin razılığı olmadan ona satılması nazarazılıq yaradıb. Buna görə də tənzimləyici orqan bu məsələdə ciddi tələblər qoyub: "Banklar bu sığortanı öz üzərlərinə götürdülər və anderraytinq işini gücləndirdilər. Müştərilər adətən bankın brendinə daha çox inanırlar. Bu, əlavə dəyər məhsulu sayılır. Araşdırmalar göstərir ki, bu tipli məhsullar müştərilərin etibarlılığını artırır.

Türkiyə bazarında bank sığortası ümumi həyat sığortasının 70 faizini təşkil edir. Ən böyük həcm kredit sığortası məhsullarının satılması nəticəsində yaranır. Bu seqmentin payı getdikdə artır. Hazırda kreditin müdafiəsi məhsulunun payı 83 faizidir".

Hakan Sezikin sözlərinə görə, müddətli həyat sığortası məhsulu və investisiya sığorta məhsulu da Türkiyədə geniş yayılmaqdadır: "Banklar həmişə sığortaçılara mühafizəkarlar kimi baxırlar. Ona görə də, sığortaçılar yenilikçi olmalıdırlar, banklara və müştərilərə bank sığortasının vacibliyini göstərməlidirlər. Hazırda ideal model yoxdur, hər şirkət öz mödelini yaratmalıdır. Əgər müştəriyönümlü bank sığortası məhsulu yaradılsa, o, uğurlu olar".

Avtomobil sahiblərinin 45 faizi icbari sığortadan yayınır

"Avtomobil sığortası və bazarın inkişafı üçün yeni texnologiyalar" mövzusunda çıxış edən İcbari Sığorta Bürosunun (İSB) sədri Elxan Quliyev ölkədə kasko və icbari avtomobil sığortasının ötən illə müqayisədə azalmasının 3 səbəbini göstərib. Onun sözlərinə görə, azalmanın səbəbləri bu ilin fevral ayında Azərbaycanda manatın kəskin ucuzlaşdırılması, bank kreditlərinin azalması, eləcə də ölkədə "Avro-4" standartının tətbiq olunmasıdır.

Elxan Quliyev Azərbaycanda avtomobil sahiblərinin 45 faizinin icbari sığortadan yayındığını açıqlayıb: "Azərbaycan bazarının cəmi 55 faizi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası ilə əhatə olunub. Amma bu növ sığorta ilə əhatə olunan avtomobillərin sayının artması gözlənilir. Azərbaycanda icbari sığortadan yararlanmayan sürücülərə qarşı tətbiq olunan cərimənin məbləği 10 manatdan 50 manata qaldırıldı. Bu səbəbdən müsbət nəticə əldə etdik.

Amma cərimə o qədər də yüksək deyil. Məsələn, Fransada cərimənin məbləği 3750 avro, qonşu Qazaxıstanda 200 dollardır. Gördüyünüz kimi, bizdə cərimənin məbləği o qədər də çox deyil".

Elxan Quliyev əlavə edib ki, bu növ sığortaya sahib olmayan avtonəqliyyat vasitəsi sahiblərinin xəbərdarlıq prinsipi də qaneedici səviyyədə deyil.

Rusiyada həyat sığortasına maraq artıb

Rusiyada həyat sığortasının artım tempi sığorta bazarındakı ümumi inkişaf tempini üstələyir. Bunu isə "Bank sığortası və həyat sığortası" mövzusunda çıxış edən Rusiyanın "SBERBANK Insurance" şirkətinin baş direktoru Maksim Çernin deyib.

Onun sözlərinə görə, son 5-6 ildə bu sahədə ən yüksək artım baş verib: "Rusiya sığorta bazarının 9 faiz artımı fonunda həyat sığortası bazarında artım 30 faiz olub. Keçən il Rusiyada 1,5 milyon həyat sığortası müştərisi olub. 2014-cü ildə uzunmüddətli həyat sığortası bu seqmentin yarısını təşkil edib. Biz müddəti 5 ildən çox olan həyat sığortası planlaşdırırıq".

Maksim Çernin deyib ki, həyat sığortasına marağın artması Rusiya iqtisadiyyatında son illər müşahidə olunan tendensiyalarla bağlıdır: "Hazırda həyatın yığım sığortası 27 faiz paya malikdir. Bununla belə, insanların çoxu bu məhsulu başa düşmür. Çünki bank depozitlərinin faizləri 5-10 faiz arasındadır, həyatın yığım sığortasında isə bu göstərici 2-3 faizdir".

Onun sözlərinə görə, Rusiyada bank sığortası həyat sığortası bazarının əsas kanalıdır: "Uzunmüddətli həyat sığortasının çox böyük hissəsi bank kreditləri ilə bağlıdır. Kredit həyat sığortası bazarının 47 faizini təmin edir. Lakin getdikcə onun bazar payı azalır. Hesab edirik ki, bu sahənin gələcək perspektivi yaxşı olmayacaq.

Yaxın gələcəkdə həyatın yığım sığorta pensiya fondu sisteminə çevriləcək, təbii ki, əgər dövlət burada vergi və sair güzəştləri etsə. Bu ilin yanvarından etibarən ruslar həyatın yığım sığortasına yatırdıqları vəsaitlərin vergisini geri ala bilərlər. Bizdə gəlir vergi dərəcəsi 13 faizdir. Hazırda hökumətlə bu mövzuda müzakirələr aparılır və müvafiq təkliflər verilir".

Kağız sığorta polislərindən imtina ediləcək

Azərbaycanda avtomobillərin icbari sığortası polisinin tamamilə elektron qaydada satılması, kağız sığorta polislərindən imtina edilməsi təklif olunur. Bu barədə isə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi Namiq Xəlilov bildirib.

Onun sözlərinə görə, bu, həm sığorta şirkətlərinə, həm də onların müştərilərinə sərfəli olacaq: "Məsələn, indi müştərilər aviabiletləri heç yerə getmədən, əlavə vaxt və enerji sərf etmədən elektron qaydada alırlar. Yəni seçimi özləri edirlər, istər yerində gedib almaq, istərsə də internetdən sifariş etmək mümkündür. Elektron alış zamanı aviaşirkətlərə əlavə komissiya xərci ödəmirlər.

Sığorta məhsulunu da müştəri heç bir məsafə qət etmədən, elektron formada ala bilər. Ödənişi də bankomat və ya bank kartları vasitəsilə ödəyə bilər. Əgər ona əlavə xidmət lazımdırsa, onda şirkətə gedə bilər.

Məsələn, icbari sığortanı elektron formada əldə etdikdə şirkətlərə daha ucuz başa gəlir, əməliyyat xərcləri azalır. Biz düşünürük ki, xərclərin azalmasından qənaət olunan vəsait sığorta şirkətinə qalsa, daha yaxşı olar. Bu, daha sivil metod olar, nəinki agentlər vasitəsilə satmaq. Müştəri üçün də sığorta məhsulunu elektron vasitələrlə almaq vaxta, enerjiyə və pula qənaət olar. Qazaxstanda 2007-ci ildən etibarən bu sahədə vahid sistem yaradılıb və yaxşı effekt verir. Biz də bunu stimullaşdırmaq üçün addımlar atırıq".

Namiq Xəlilov elektron satış nəticəsində sığorta agentlərinin öz bazarını itirməsi ehtimalına da aydınlıq gətirib: "Avtomobillərin icbari sığortasını satmaq üçün agentlər elə də əziyyət çəkmirlər. Çünki istənilən halda sürücülər onu alırlar, fərq, sadəcə, bu məhsulun kimdən alınmasındadır. Agentlərin bundan qazandığı pul onların bu iş üçün çəkdiyi əziyyətə adekvat deyil. Agentlər könüllü sığorta növlərini satmaq haqda daha çox düşünməlidir. Düşünürük ki, icbari sığortadan gəlirlər azaldıqca onlar öz fəaliyyətlərini könüllü sığortalarda gücləndirəcəklər. Bu da könüllü sığorta növlərinin inkişafını sürətləndirəcək".

Naibə


Müəllif: