13 İyul 2015 21:02
844
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan müşavirəsi keçirilib.

Teleqraf.com-un məlumatına görə, Prezident İlham Əliyev müşavirədə dedi ki, bu ilin 6 ayının yekunları çox müsbətdir və Azərbaycan uğurla inkişaf edir. Dövlətimizin başçısı bildirdi ki, son 6 ayda iqtisadiyyat 5,7 faiz, qeyri-neft sektoru 9,2 faiz artıb. Sənaye istehsalı təxminən 4 faiz, qeyri-neft sənayesi 14 faizdən çox artıb. Ölkədə inflyasiya 3,5 faiz, əhalinin pul gəlirləri 6,2 faiz olub. Kənd təsərrüfatında 7,3 faiz artım qeydə alınıb. Son 6 ayda ölkəmizə 12,7 milyard manat sərmayə qoyulub.

Sonra maliyyə naziri Samir Şərifov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov ilin 6 ayının yekunları ilə bağlı məruzələrlə çıxış etdilər.

Yekun nitqində Prezident İlham Əliyev ilin sonuna qədər iqtisadi artımın yüksək templərinin və makroiqtisadi sabitliyin saxlanması, dövlət investisiya proqramının, yeni infrastruktur, o cümlədən sosial layihələrin icrası ilə bağlı işlərin görülməsinin vacibliyini bildirdi. Bölgələrin qaz, elektrik enerjisi və içməli su ilə təminatının daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlarını verən Prezident İlham Əliyev bu layihələrin tam icrası məqsədilə müvafiq vəsaitin ayrılacağını da dedi. Ölkədə meliorasiya tədbirlərinin davam etdirildiyini, sənayeləşmə prosesinin uğurla getdiyini deyən dövlətimizin başçısı yeni ixrac bazarlarının tapılması, rəqabətədavamlı məhsulların istehsal olunması və yeni iş yerlərinin yaradılması ilə bağlı göstərişlərini verdi.

Prezident İlham Əliyev qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, ölkədə vergi daxilolmalarının tam təmin edilməsi, bu sahədə qanunsuz halların qarşısının alınması, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı görülən işlərdən danışdı.

Dövlətimizin başçısı yaxın vaxtlarda dərman preparatlarının qiymətlərinin tənzimlənəcəyini və bu sahədə şəffaflığın təmin olunacağını bildirdi. İpoteka kreditləşməsi ilə bağlı dövlət büdcəsindən əlavə 200 milyon manatın vəsaitin ayrılacağını deyən Prezident İlham Əliyev paytaxtda ekoloji vəziyyətin getdikcə yaxşılaşdığını, Böyükşor gölünün təmizlənməsi prosesinin davam etdiyini bildirib.


Müəllif: