14 İyul 2015 20:22
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənub Qaz Dəhlizi”nin reallaşdırılması istiqamətində işlərin gedişatını müzakirə etmək məqsədilə Azərbaycan tərəfindən ilin sonunda layihə üzrə Məşvərət Şurasının ikinci iclasının keçirilməsi təklif edilib.

Belə bir təklif ötən həftənin şənbə günü (11 iyul) ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi elçisi və əlaqələndiricisi Amos Hokstaynın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən Azərbaycanın energetika naziri Natiq Əliyev tərəfindən səsləndirilib.

Teleqraf.com nazirliyin saytına istinadən bildirir ki, həmin görüşdə Azərbaycanla Birləşmiş Ştatlar arasında ikitərəfli əlaqələrin, o cümlədən enerji sahəsində əməkdaşlıq əlaqələrinin mövcud vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Ölkələrimiz arasında enerji əməkdaşlığının yüksək səviyyədə olduğu qeyd edilib və bu sahədə əlaqələrin davam etdirilməsinin vacibliyi vurğulanıb. Energetika naziri Natiq Əliyev “Cənub Qaz Dəhlizi” layihəsinin enerji təhlükəsizliyi baxımından yüksək perspektivlərindən bəhs edərək, qonaqlara Transanadolu qaz boru kəməri – TANAP layihəsi çərçivəsində görülən işlər barədə məlumat verib.

A.Hokstayn isə bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji təhlükəsizliyinə təminat verən layihədir və ABŞ Azərbaycanın strateji tərəfdaşı kimi gələcək layihələrə də dəstək verəcək.

Qeyd edək ki, “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının I iclası bu ilin fevralında rəsmi Bakının təşəbbüsü ilə keçirilmişdi.


Müəllif: