20 İyul 2015 21:32

Yunanıstanın iqtisadi vəziyyəti, sözün əsl mənasında, hər dəqiqə pisləşir. Ölkənin xarici borcu artmaqda davam edir, maliyyə yardımı ilə bağlı kreditorlarla əldə olunan yeni sazişlər isə Afinanı borc quyusuna itələyir.

Belə çətin bir vəziyyətdə Yunanıstan fikrini gələcəkdə ölkəyə gəlir və divident gətirəcək strateji layihələrin inkişafına cəmləməlidir. Belə layihələr kimi Azərbaycan layihələrini də nəzərdən keçirmək olar: SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti) Yunanıstanın qaz operatoru DESFA-dan pay alması ilə bağlı razılıq və “Cənub qaz dəhlizi”nin bir hissəsi olan Transadriatik boru kəməri (TAP) layihəsinin tikintisi.

Bu ilin yanvar ayında hakimiyyətə gələn Yunanıstan hökuməti əvvəllər bu layihələrə etinasız baxırdı. SOCAR-DESFA sazişinə münasibətdə hökumət tərəfindən passivlik nümayiş olunurdu. Sonra cari razılığa yenidən baxılma və SOCAR-ın DESFA-da əldə olunan payının 49 faizə kimi endirilmə cəhdləri həyata keçirildi.

Görünür, yeni kabinet DESFA ilə bağlı qərarın qəbul edilməsində səs çoxluğunu saxlamaq fikrində idi və güman edirdi ki, operatorun səhmlərinin böyük hissəsi saxlanıldıqda, böyük gəlir əldə olunacaq. Lakin deyəsən yunanlar unudublar ki, layihələrə paya uyğun olaraq investisiya qoyulur, SOCAR-ın indiki şərtlər daxilində bundan çox investisiya qoyması mümkün deyil. Bu layihənin mənfəətini azaldırdı, eyni zamanda, SOCAR-ın belə şərtlər daxilində layihədə iştirak edəcəyini şübhə altına salırdı. Elə belə də oldu: SOCAR gözlənilən kimi güzəştə getməkdən və mövcud razılığı dəyişməkdən imtina etdi.

TAP-a qarşı da münasibət belə qeyri-müəyyən idi. Hökumət gah layihədə maraqlı olduğunu deyir, gah da bu layihənin reallaşdırılmasından daha böyük həcmdə divident əldə etməyə işarə edirdi. Azərbaycan Bakı-Tbilisi-Ceyhan layihəsinin reallaşdırılması zamanı belə bir sınaqdan keçmişdi. Onda yunanlara bildirilmişdi ki, heç kim imzalanandan sonra beynəlxalq saziş və müqavilələrə yenidən baxmır.

Və indiki vəziyyət Yunanıstanı baxışlarını dəyişməyə məcbur edə bilər. Ölkə parlamenti kreditorların şərtlərini qəbul etdi. Bu şərtlər daxilində onlar Afinaya əlavə vəsait ayırmağa razılaşdılar. Şərtlər arasında bir sıra dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı müddəa var. Güman etmək olar ki, məsələnin belə qoyuluşu Afinanın DESFA ilə bağlı sazişdə daha çox aktivlik göstərməsinə səbəb olacaq. Sazişə görə əldə olunacaq 400 milyon avro da Yunanıstana artıqlıq etməyəcək.

TAP boru kəmərində İtaliyanın “Snam” şirkətinin pay almaqla bağlı xəbərləri ilə paralel olaraq Yunanıstanın da layihədən pay əldə etmək istəyi ilə bağlı xəbərlər yayıldı. Layihədə bir və ya bir neçə Yunanıstan şirkətinin iştirakı, əlbəttə, müəyyən kapital tələb edəcək, ancaq gələcəkdə TAP-ın fəaliyyətindən və əməliyyatlardan əldə olunacaq gəlir dəfələrlə çox olacaq.

Sözsüz, Yunanıstanın özəl sektoruna pul axını ümumilikdə ölkə iqtisadiyyatına müsbət təsir edəcək. Məhz bu səbəbdən Yunanıstan başa düşməlidir ki, Azərbaycanın enerji layihələri ona kömək edəcək.


Müəllif:
Загрузка...