22 İyul 2015 11:19
973
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İstehlakçıların maarifləndirilməsinə dəstək" İctimai Birliyi "Regionlarda qida təhlükəsizliyi üzrə monitorinq və istehlakçı hüquqlarının təbliğ edilməsi" layihəsi çərçivəsində İsmayıllıda növbəti maarifləndirmə görüşü keçirib. Prezident yanında Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən tədbir indiyədək Masallı, Lənkəran, Şamaxı rayonlarında da baş tutub.

Mövcud problemlər

Layihənin eksperti Şahin Rəcəbov bizimlə söhbətində bildirdi ki, tədbirdə məqsəd istehlakçıların qida təhlükəsizliyinin mövcud durumunu qiymətləndirmək, bu təhlükəsizliyin qorunmasına səy göstərmək, istehlakçı hüquqlarına dair piar təbliğatı aparmaqla əhalinin istehlakçı mədəniyyətini yüksəltmək, eyni zamanda, yerli əhalinin qida təhlükəsizliyini təmin etmək və bu istiqamətdə maarifləndirmə aparmaqdır.
Onun sözlərinə görə, layihə haqqında yerli sahibkarlara geniş məlumat verilərək, qida təhlükəsizliyinin mövcud problemləri barədə müzakirələr aparıblar.

Şahin Rəcəbovun sözlərinə görə, monitorinqlər bəzi müəssisələrin rəhbərliyi və əməkdaşları, sahibkarlar, rayon icra hakimiyyətlərinin, sanitar epidemioloji stansiyaların və yerli media nümayəndələrinin iştirakı ilə keçirilib. O, deyib ki, bu görüşlərdə sahibkarlar və istehsalçıların mövcud problemlərindən danışılıb: "İsmayıllı rayonundakı Şəhər bazarı, "Bolluq" Marketdə və Quşçuluq fabrikində monitorinqlər keçirilib. Ərzaqların yararlılıq müddəti, saxlanma şəraiti, keyfiyyəti, istehsal prosesinin incəliklləri, ehtiyac və problemlər barədə müzakirələr və qiymətləndirmələr aparılıb".

Layihə ekspertinin sözlərinə görə, monitorinq aparılan 4 rayonun hər birində 3 istiqamət üzrə araşdırmalar həyata keçirilib: "Bu istiqamətlər fermerlərin, kəndlilərin istehsalını nümayiş etdirən şəhər bazarı, qida sənayesi üzrə istehsal müəssisəsi və ərzaq dükanları oldu. Bu prinsiplə hər rayonda üç müəssisədə monitorinqlər apardıq. Öncədən suallar qoymuşduq ki, əhaliyə olan servisin səviyyəsi necədir, satıcılar məhsullar haqqında informasiyaları alıcılara necə çatdırır, ümumiyyətlə, onlar məhsullar haqqında nə qədər məlumatlıdırlar. Qida məhsulları saxlanan anbarlara baxış keçirdik, satılan malların saxlanma şəraiti, dəyərlilik müddəti, daşınması ilə maraqlandıq".

Satıcı da, alıcı da ictimailəşmək qorxusu stereotipini yaşayır

Ekspert dedi ki, əhali arasında anonim sorğular apararkən və monitorinqlər üzrə çəkilişlər edərkən həm satıcı, həm də alıcılar arasında ictimailəşmək qorxusu stereotipini müşahidə ediblər: "Müşahidə olunan hallardan biri o idi ki, satıcılar məlumat verməkdə rəhbərlikdən ehtiyat edirdilər. Çəkilişdən imtina halları ilə rastlaşdıq, ümumiyyətlə, satıcılar arasında mal haqqında məlumatlı olanlar az idi. Əhali də anonim sorğularda belə iştirakdan ehtiyat edirdi. Görünür, bu da ondan irəli gəlir ki, mağazalardan nisyə mal alanlar o dükanda satılan məhsullar haqqında düzgün fikir söyləməkdən çəkinirlər. Ona görə biz elə məqamlara toxunmağa çalışırdıq ki, konkret problemləri aşkarlayıb, onların həlli istiqamətində iş görək. Firma sahibini də, istehsalçını da, istehlakçını da məlumatlandırırdıq ki, bu tədbirin məqsədi onları maarifləndirmək, onlara faydalı tövsiyələr verməkdir. Elə marketlər vardı ki, məhsul götürərkən, onun uyğunluq sertifikatını tələb etmirdilər. Çünki aldıqları malı sırf ticari məqsədlə götürdükləri üçün, məhsulun keyfiyyəti onları maraqlandırmır. Məsələn, qablaşdırılmış sularda, yaxud balda, məhsulun müxtəlif həcmdə olduğuna şahidlik etdik. Mağaza rəhbərinə izahat verdik ki, məhsulun üzərində göstərildiyi həcmdən az və ya çox olması standartı pozmaqdır. Belə məhsul saxta ola bilər və sizin ticarətinizə xələl gətirər. Yəni mahiyyəti izah edəndə mağaza rəhbəri də problemi aradan qaldırmağa maraqlı olur".

Həmsöhbətimiz qeyd etdi ki, monitorinq zamanı vaxtı keçmiş mallar da aşkarlanıb: "Xüsusən uşaq qidalarına diqqət edirdik. Satıcılar bəhanə gətirirdilər ki, vaxtı keçmiş məhsul gözdən qaçıb, anbarda saxlamağa yer olmayıb, vitrinə qoyublar və sair. Kolbasa məhsullarında, habelə toyuq ətində keyfiyyətsiz hallar aşkarladıq. Bu məhsullar tövsiyəmizlə satışdan çıxarıldı. Amma yeni tipli, böyük marketlərdə qaydalara müəyyən dərəcədə əməl olunduğunun, servis səviyyəsinin yüksəkliyinə də şahidlik etdik. Sözün həqiqi mənasında monitorinqlərimiz böyük rezonans doğurdu".

"Aidiyyəti qurumların istehsala nəzarəti vacibdir"

Şahin Rəcəbov dedi ki, müəssisələrin yoxlanması ilə bağlı dövlət müəssisələrinə müəyyən qadağaların qoyulmasında problemlər yaranması hallarını müşahidə ediblər: "Keçən ildən başlayaraq qanunsuz yoxlamaların qarşısı alınıb. Dövlət bunu o məqsədlə edib ki, reket qəzetlərdən tutmuş, yerli aidiyyəti qurumlaradək hərə bir yoxlama adı ilə gəlib, müəssisələrdə rüşvətə, korrupsiyaya yol açaraq sahibkarların fəaliyyətinə yersiz müdaxilələr etməsin. Amma bu hal da həmin müəssisələrin fəaliyyətində özbaşınalıqlara yol verilməsinə şərait yaradır. İsmayıllıda Sanitar Epidemiologiya Mərkəzinin rəhbərliyi belə bir məsələ qaldırdı ki, onların heç bir müəssisədə gigiyenik sertifikat üzrə yoxlama aparmaq səlahiyyəti yoxdur. Əgər bu mərkəzə istehlakçı hər hansı bir müraciət etsə də, Ədliyyə Nazirliyindən çıxarış verilməsi tələb olunur və sair bu kimi bürokratik süründürməçiliklər edilir. Halbuki qidanın hansı keyfiyyətdə, hansı standart üzrə hazırlanması, gigiyenik qaydalara düzgün əməl edilməsi nəzarətdə olmalıdır, bunu istehsalçının vicdanına buraxmaq düzgün deyil".

"Su qiymətinə alır, baha satır..."

Şahin Rəcəbov dedi ki, bazarlarda yerli istehsala üstünlük verilməsində, kəndlinin öz məhsulunu satışa çıxarmasında, meyvə-tərəvəzin keyfiyyətində problemlər olması hallarına da rast gəlinib: "Yerli istehsalın satışının təşkili işində problemlərlə rastlaşdıq. Məsələn, keyfiyyətinə görə daha üstün olan Lənkəran limonu vitrində qalıb, gözəgəlimli Türkiyə limonu alınır. Bölgələrdə kifayət qədər müxtəlif çeşiddə kənd təsərrüfatı məhsulları ilə rastlaşsaq da, bu məhsulları konservləşdirən yerli sənaye müəssisələrin azlıq təşkil etdiyini gördük. Masallıda hər cür məhsul var, amma bu məsulları istehsal edən müəssisə azdır. Yaxud kəndlinin məhsulunu tədarükçü su qiymətinə alır, baha satır, nəticədə həm bazarda bahalıq yaranır, həm də kəndli bazar tapmadığına görə, məhsulu xarab olur, qidada təhlükəlilik yaranır. Eyni zamanda, ət məhsullarının satışında da problemli halları müşahidə etdik".

"Qida təhlükəsizliyi haqqında" qanun qəbul edilməlidir"

Aparılan monitorinqlərin nəticəsi olaraq İctimai Birlik müvafiq tövsiyələr də hazırlayaıb. Şahin Rəcəbov tövsiyələrlə bağlı bunları dedi: "Monitorinqlərin nəticəsi olaraq belə qənaətə gəldik ki, "Qida təhlükəsizliyi haqqında" qanunun qəbul edilməsinə böyük ehtiyac var. Biz obyektivlik naminə yoxlamalarda ictimai nəzarətin, QHT nümayəndələrinin və aidiyyəti dövlət qurumlarının birgə iştirakının vacibliyi, geniş maarifləndirmə işləri və bunun üçün xüsusi metodikaların hazırlanması, satıcıların mal məhsul haqqında məlumatlandırılması üçün təlimlərin keçirilməsini təklif etdik. Marketlərdə vətəndaşlar üçün təklif və şikayət qutusunun qoyulması təklifini irəli sürdük və bu fikrimiz bəyənildi. Növbəti dəfə biz bu təklifə nə dərəcədə əməl ediləcəyinə nəzarət edəcəyik. Həmçinin sahibkarların fəaliyyətinə dəstək üçün müxtəlif güzəştlərin edilməsi üçün təkliflər hazırlayırıq".

Sonda belə bir layihənin paytaxtda keçirilməsinin daha faydalı olduğunu vurğulayan Şahin Rəcəbov dedi ki, 4 region üzrə qiymətləndirmənin nəticələrinə dair ayın sonunda mətbuat konfransı keçiriləcək: “Hazırda apardığımız araşdırmaların təhlili üzərində işləyirik və müvafiq təkliflər hazırlayıb aidiyyəti qurumlara təqdim edəcəyik”.

Sevil Hilalqızı


Müəllif: