23 İyul 2015 21:16

2015-ci ilin 1-ci yarısında Azərbaycanda toplanmış sığorta haqlarının məbləğinə görə, bazarın lideri “Paşa Sığorta” şirkəti olub. Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, şirkət yarım il ərzində 39,5 milyon manat sığorta haqqı toplayıb.

Sonrakı yerləri tutan “Paşa Həyat Sığorta”nın yığımları 32,8 milyon manat, “Atəşgah Sığorta”nın yığımları isə 26,3 milyon manat olub. Sığorta yığımlarının məbləğinə görə, ilk beşliyi “Atəşgah Həyat Sığorta” (21,7 milyon manat) və “Azərsığorta” (19,5 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə bazarın 58%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 140 milyon manat) düşür.

Ən az sığorta haqqı toplayanlar isə “Rəvan Sığorta” (900 min manat), “Başak İnam” (635 min manat), “Amrah Sığorta” (451 min manat), “Azərqarant” (136 min manat) və “Günay Sığorta” (46 min manat) şirkətləri olub. Bu şirkətlərin ümumi göstəricisi 2,17 milyon manat olub və ümumi sığorta yığımlarının 0,9%-ni təşkil edib.

Lisenziyası ötən ilin dekabrında dayandırılmış, ötən ay isə ləğv edilmiş “Era-Trans” və praktiki olaraq fəaliyyətini dayandırmış “Çartis Azərbaycan” sığorta şirkətləri isə təbii olaraq sığorta haqqı toplamayıb.
Ümumilikdə 27 sığorta şirkətindən 2-də sığorta haqlarının məbləği 30 milyon manatdan çox, 2 şirkətdə 20 milyon manatdan çox, 4 şirkətdə 10 milyon manatdan çox, 5 şirkətdə 5-10 milyon manat arasında, 7 şirkətdə 1 milyon manatdan 5 milyon manata qədər, 2 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 5 şirkətdə isə 500 min manatdan da aşağıdır. Şirkətlərdən 11-də sığorta haqlarının artımı, 16-da isə azalması baş verib.

Yarım il ərzində sığorta ödənişlərinin məbləğinə görə isə lider “Qala Həyat Sığorta” şirkətidir – 16,1 milyon manatla. Sonrakı yerləri tutan “PAŞA Sığorta”nın ödənişləri 14,1 milyon manat, “Atəşgah Həyat Sığorta”nın ödənişləri isə 8 milyon manat təşkil edib. Ödənişlərin məbləğinə görə, ilk 5-liyi “Atəşgah Sığorta” (7,5 milyon manat) və “Azərsığorta” (6 milyon manat) şirkətləri tamamlayır. Ümumilikdə, ödənişlərin 56%-i ilk beşlikdə təmsil olunan şirkətlərin payına (təxminən 52 milyon manat) düşür.

Ən az ödəniş edən şirkətlər isə “Era-Trans” (121,5 min manat), “Günay Sığorta” (56,5 min manat), “İpək Yolu Sığorta” (21,6 min manat), “Çartis Azərbaycan” (39,8 min manat) və “Azərqarant” (1,6 min manat manat) olub. Bu şirkətlərin ümumi göstəricisi 241 min manat olub ki, bu da ödənişlərin 0,3%-ni təşkil edir.
Ümumilikdə 27 sığorta şirkətindən 2-də ödənişlərin məbləği 10 milyon manatdan çox, 5-də 5 milyon manatdan çox, 10-da 1 milyon manatdan 5 milyon manata qədər, 3 şirkətdə 500 min manatdan 1 milyon manata qədər, 3 şirkətdə 100 min manatdan 500 min manata qədər, 4 şirkətdə isə 100 min manatdan da aşağıdır. Şirkətlərdən 15-də sığorta ödənişlərinin artımı, 12-də isə azalması baş verib.

Naibə QURBANOVA


Müəllif:
Загрузка...