24 İyul 2015 12:07
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda avqustun 20-dək gözlənilən quraq hava şəraiti ilə əlaqədar əkin sahələrinin suvarılması sahəsində hər hansı problemin yaranacağı gözlənilmir.

Bunu Trend-ə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Aparat rəhbəri Cahan Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda suvarma üçün kifayət qədər su ehtiyatı olduğundan əlavə tədbirlərin görülməsinə ehtiyac yoxdur və belə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmur.

Cəmiyyətin birbaşa suvarma ilə məşğul olmadığını xatırladan C.Məmmədovun sözlərinə görə, suvarma suyu Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən sudan pullu istifadə edən Sudan İstifadəedənlər Birliklərinə verilir: "Bu birliklərin su ilə təchiz edilməsi tərəflər arasında bağlanan müqavilə əsasında həyata keçirilir. Ölkədə 100-500 hektar torpaq sahələri olan fermerlər Sudan İstifadəedənlər Birliklərində birləşirlər. Bu birliklər yerlərdə könüllülük prinsipi əsasında yaradılır. Onların özlərinin idarəetmə heyətləri, şuraları var. Biz suvarma suyunu onlara veririk. Bunun üçün ilin əvvəlində istehlakçılarla müqavilə bağlanılır”.

C.Məmmədovun sözlərinə görə, ölkədə suvarmaya ehtiyac duyulan əkin sahələrinin olduğu bütün ərazilərdə belə birliklər yaradılıb.

ASC rəsmisi bildirib ki, hər hansı yerdə əkin sahəsinin suvarılması ilə bağlı problemin yaranmaması üçün fermerlər öz aralarında razılıq əldə etməlidirlər: “Bəzi ərazilərdə su qıtlığı problemi həqiqətən də var. Hamı istəyir ki, əkin sahəsini tez suvarsın. Ancaq fermerlər əkin sahələrini növbə ilə, yoldaşlıq prinsipi əsasında suvarmalıdırlar”.

Xatırladaq ki, Trend-in bir müddət əvvəl verdiyi məlumata əsasən, avqustun 20-dək ölkə ərazisində quraqlığın müşahidə ediləcəyi gözlənilir. Mərkəzi Aran rayonlarında quraqlığın özünü daha intensiv şəkildə göstərəcəyi proqnozlaşdırılır. Qeyd edilən müddətdə isti küləklərin intensivliyinin artması nəticəsində quraqlığın da ötən ilə nisbətən kəskin olacağı gözlənilir.

Ölkə ərazisinin yalnız 52,3 %-i kənd təsərrüfatına yararlıdır. Suvarılan torpaqlar ölkənin kənd təsərrüfatına yararlı torpaq sahələrinin üçdə birini (1424 min hektar) təşkil etsə də, ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 90-%-ə qədəri bu torpaqlardan götürülür.

Suvarılan torpaqların təxminən üçdə birindən çoxu (559 min hektarı) mexaniki üsulla, o cümlədən 350 min hektar elektrikləşdirilmiş, 68 min hektar dizel nasos stansiyaları ilə, 141 min hektarı isə subartezian quyuları vasitəsi ilə suvarılır.


Müəllif: