30 İyul 2015 12:29

Banklardan istehlak krediti götürən vətəndaşlar bəzən aldıqları krediti ödəyə bilmir. Hətta elələri tapılır ki, imkanı olduğu halda kredit borcunu ödəməkdən imtina edir. Belə olan halda bankların bir çoxu həmin borcu geri qaytarmaq üçün müştərinin evinə zəng edir, çalışdığı müəssisənin rəhbərliyinə müraciət edir, eləcə də bank əməkdaşları vətəndaşın qapısına qədər gedib çıxır. Bəs görəsən bank əməkdaşının borcu istəmək üçün müştərinin qapısına gedib, evində oturub, hədə və qorxu ilə danışmağa hüquqi əsası varmı?

Banka etiraz

Belə hadisələri dəfələrlə eşitsək də, vətəndaşlar bank əməkdaşlarının onların qapısını qədər gedib çıxmasından narazılıqlarını bildirsələr də, bu məsələ mətbuatın gündəminə çox az hallarda gəlirdi. Lakin iyulun 13-də “Accessbank” ASC-nin İmişli şəhərində yerləşən filialının qarşısında yaranan qalmaqal bu məsələnin də aktuallığını ortaya qoymuş oldu. Belə ki, Beyləqan rayonunun Qarallar kəndinin sakini Cahangir Ağayev bankın qarşısında intihara cəhd edib. Şahidlərin dediyinə görə, Cahangir Ağayev əvvəlcə filialın yerləşdiyi ofis önündə bank işçilərindən birinə zəng vuraraq bayıra çıxmağını tələb edib. Həmin şəxs həm özünün, həm də filial işçisinin üzərinə benzin töküb. Sonuncu qaçmaqla canını yanğından qurtara bilib.

Hadisə yerinə çoxsaylı polis əməkdaşları gəlsə də, onlar da bir müddət Cahangir Ağayevə yaxınlaşa bilməyiblər.

Lakin İmişli polisinin əməkdaşları C.Ağayevi zərərsizləşdirə və onu polis şöbəsinə aparmağa müvəffəq olublar.

“Accessbank” ASC İmişli filialının müdiri Eldar Fərhadov hadisənin baş verdiyini təsdiqləyib: “Bu şəxs bizim müştərimiz olub. Onu narazı salan kredit ödənişində gecikməyə görə əməkdaşımızın evinə getməsi olub. Biz problemli kreditlərlə bağlı məhkəməyə başqa banklarla müqayisədə çox az müraciət edirik. Çalışırıq vətəndaşlarla danışıqlar aparmaqla problemi yoluna qoyaq. Bank əməkdaşının onun qapısına getməyi də xoşməramlı olub”.

“Qanun vətəndaşın evinə daxil olmağı qadagan edir”

Məsələyə münasibət bildirən hüquqşünas-ekspert Əkrəm Həsənov bildirib ki, prinsipcə, hamı hər kəsin qapısını döyə bilər. Onun sözlərinə görə, burada qəbahətli bir məqam yoxdur: “Bank əməkdaşılarının kredit borcu olan vətəndaşların evinə qədər gedib çıxması məsələsində vəziyyət başqa cürdür. Belə ki, vətəndaş bir dəfə etiraz etsə və bank işçisinə onun evinə gəlməsini yasaq etsə, o bir daha vətəndaşın qapsını döyə bilməz. Bank əməkdaşı buna əməl etməsə vətəndaş polis çağıra bilər. Bank kredit borcunun qaytarılmasında problemin olduğunu bilirsə, bu halda vətəndaşa məktub ünvanlaya bilər. Eyni zamanda bu mübahisəli məsələ ilə bağlı bankın hüququ var ki, məhkəməyə müraciət etsin. Amma vətəndaşın və məhkəmə qərarı olmadan icazəsiz şəkildə borclunun evinə icazəsiz gələ bilməz. Sadəcə, Azərbaycan qanunvericiliyi ümumən vətəndaşın icazəsi olmadan evinə daxil olmağı qadagan edir. Ancaq istisna kimi məhkəmə qərarı ilə olar”.

Ə.Həsənov deyib ki, banklar heç olmasa Konstitusiyanı bilsinlər: “Belə ki, konkret olaraq konstitusiya da maddələr də var. Konstitusiyanın 33-cü maddəsi mənzil toxunulmazlığı hüququn həsr edilib. Bu maddənin 1-ci bəndində qeyd edilir ki, hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. İkinci bənddə isə göstərilir ki, qanunla müəyyən edilmiş hallar və ya məhkəmə qərarı istisna olmaqla, mənzildə yaşayanların iradəsi ziddinə heç kəs mənzilə daxil ola bilməz. Göründüyü kimi hətta konstitusiyada da bu məsələ açıq şəkildə bildirilsə də, banklar nədənsə məhkəməyə müraciət etmir. Çünki məhkəmə uzun prosesdir, ona görə də müştəriyə psixoloji təzyiq edib, qorxudub borcu tez qaytarmaq istəyirlər”.

“Hələ ki, bir təşəbbüs yoxdur”

İqtisadçı-ekspret Samir Əliyev isə ölkədə maliyyə xidmətlərdən istifadə edən müştərilərin hüquqlarını qoruyan hansısa mexanizm və müstəqil institutun olmadığını deyir. O bildirib ki, digər vacib məsələ kimi “İstehlak kreditləri haqqında” Qanun qəbul edilməlidir: “Azərbaycanda isə mövcud bank qanunvericiliyi kredit təşkilatlarının fəaliyyətini tənzimləyir və daha çox onların hüquqlarını qoruyur. Müştərilərin hüquqları isə qanunlardan kənarda qalıb. Bu hüquqları qoruyan yeganə hüquqi akt, yəni “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunun tələbləri bank müştərilərinə şamil edilmir. İnkişaf etmiş ölkələrdə istehlak krediti məsələləri ayrıca qanunvericiliklə tənzimlənir. Müki Məcəllədə isə məsələyə ümumi yanaşmalar var”.

S.Əliyev dünya təcrübəsinə istinad edərək, bir il öncə Rusiyada istehlak hüquqları ilə bağlı qanunun qəbul olunduğunu deyib: “Məhz bu qanunda hər şey nəzərdə tutulub. Müqavilələrin tərtib olunmasından tutmuş kreditin alınması mərhələlərinə qədər hər bir məsələ nəzərdə tutulub. Azərbaycanda isə müqavilələr kiçik şriftlərlə tərtib olunub, oxumaq da olmur. Hamısı da standartdır və hamıya eyni tipli müqavilələr təqdim olunur. Amma halbuki fərdi yanaşma olmalıdır.

O cümlədən Rusiya qanunvericiliyində kreditin alınması ilə bağlı göstərilir ki, hansı saatlarda zəng etmək olar, gecə vaxtı, şənbə, bazar günləri, iş vaxtı vətəndaşı narahat etmək olmaz. Göründüyü kimi, bu cür nüanslar öz həllini tapır. Biz də isə kredit götürənlə yanaşı, zamin duranlara zəng edirlər, iş yerinə gedib çıxırlar ki, müdür həmin insanlara təzyiq eləsin. Bunlar son nəticədə müştərinin hüquqlarının pozulmasına gətirib çıxarır. Bu baxımdan hesab edirəm ki, bankların müştərilərin evlərinə gedib narahat etməsi kimi digər problemlərin həlli üçün bir istinad nöqtəsi olmalıdır. Bu istinadda “İstehlak kreditləri haqqında” qanunun qəbuludur. Təəssüf ki, Azərbaycanda bu sahədə hələki bir təşəbbüs yoxdur”.

BƏXTİYAR


Müəllif:
Загрузка...