18 Aprel 2014 15:52
1 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər Hesablama Palatasının apardığı yoxlamalarla bağlı məlumatlar yayılır. İndiyə qədər qurumun Xarici İşlər Nazirliyi, İctimai Televiziya, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Azərbaycan Milli Elmlər Akademiyasının İşlər İdarəsi, Mingəçevir Politexnik İnstitutunda aparılmış yoxlamalar barədə xəbərlər açıqlanıb.

Hesablama Palatasının bir sıra nöqsanları aşkarladığı və müvafiq qərar qəbul etdiyi bildirilir. Aşkarlanan nöqsanlar hansı səbəblərdən ortaya çıxır?

İqtisadçı-ekspert Azər Mehtiyev hesab edir ki, vəsaitinin mənimsənilməsində ilkin səbəb yerli qurumlar səviyyəsində xərc normativlərinin olmamasıdır: “Ümumilikdə Azərbaycanda xərclərin tərtib olunmuş normativi yoxdur. Büdcə planlaşdırılması üçün ən vacib komponentlərdən biri xərc normalarının mövcudluğudur. Bu normativlər müəyyənləşsə, dövlət qurumlarının sərfiyyatları, həftəlik, aylıq, illik xərcləri şəffaf şəkildə ortada olar. Məsələn, kommunal xidmətlər, xidməti avtomobillər, ərzaq, qələm-kağız və sair nə qədər xərc tələb edir - bilinər. Bu normativlərinin tərtibi və cəmiyyətə açıqlanması vacibdir. Əks halda nəzarətin yayınmasına və yeyintilərin olmasına şərait yaranır”.

Ekspertin fikrincə, ikinci vacib məqam xərclərin məqsədyönlü istifadəsi ilə bağlı nəticələri qiymətləndirməyə imkan verən mexanizmin yaradılmasıdır: “Qurumlar dövlət vəsaiti hesabına ayrı-ayrı işlərə xərc çəkir. Ancaq sonda açıqlanmır ki, bu xərclərin çəkilməsi sayəsində hansı nəticələr əldə edilib”.
Bu sahədə hesabatlılıq sisteminin zəif olmasını da çatışmazlıq kimi görən Azər Mehtiyev deyir: “Qurumlara daxili nəzarət olmalıdır. Müəyyən qaydalarda büdcənin sərfi yoxlanılır. Lakin yoxlamanın nəticələrinə görə məsuliyyət mexanizmləri düzgün formalaşdırılmayıb”.

Bəs dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin əsasını təşkil edəcək xüsusi normativlər yoxdursa, bu büdcəni hansı amillər müəyyənləşdirir?

Azər Mehtiyevin sözlərinə görə, problem ondadır ki, qurumlara ayrılan büdcənin müəyyənləşdirilməsi ehtiyacların qiymətləndirilməsi sistemi əsasında qurulmur: “Müəyyən illərdəki sərfiyyata uyğun rəqəmlər əsas götürülür, onlara müəyyən artımlar edilir və büdcə formalaşdırılır. Yəni büdcə sistemi əvvəlki mövcud rəqəmlərin dəyişdirilməsinə əsaslanır. Halbuki yenidən dəqiq hesablamalar aparılmalı, ehtiyaclara uyğun büdcə müəyyənləşdirilməlidir”.

Sevinc FƏDAİ


Müəllif: