2 İyun 2014 14:55
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Balakən rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

Teleqraf.com-un məlumatına görə, fond bununla bağlı Balakən rayonunun Qullar kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Balakən rayonu üzrə sahibkarlıq subyektlərindən qeyd olunan istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

İstiqamətlərə ixtisaslaşdırılmış "yaşıl market"in, müasir suvarma sistemlərinin tətbiqi ilə taxılçılıq (qarğıdalı) təsərrüfatlarının, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir istehsalı və meyvəqurutma müəssisələrinin, arıçılıq təsərrüfatlarının (o cümlədən sənaye üsulu ilə bal istehsalı) yaradılması daxildir.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri Sahibkarlığa Kömək Milli Fondundan əldə edə bilərlər.
Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək.

Naibə


Müəllif: