19 Aprel 2014 12:12

Azərbaycanda qızıl istehsalçısı olan "Anglo-Asian Mining plc" (AAM) şirkəti cari ilin I rübündə "Gədəbəy" kompleks mədənində hasil edilən 11 312 unsiya qızıl istehsal edib. Bu barədə Trend şirkətin saytına istinadən məlumat verir. Müqayisə üçün deyək ki, şirkət 2013-cü ilin I rübündə 8 585 unsiya qızıl istehsal edib.

AAM hesabat dövründə 10 403 unsiya (qızılın unsiyası orta hesabla 1303 dollar) qızıl satıb.

Şirkət, həmçinin "Qoşa" yatağının mütəmadi işlənməsinə başlayıb. Belə ki, I rübdə 1095 ton qızıl filizi (1 tonda orta hesabla 12 qram qızıl) hasil edilib, bu həcmdən 250 ton emal edilməsi üçün "Gədəbəy" yatağına göndərilib. AAM-ın proqnozlarına görə, 2014-cü ildə "Qoşa" yatağında 58 min ton filiz (1 tona görə orta hesabla 6 qram qızıl) hasil ediləcək ki, bu da təqribən 10 min unsiya qızıl istehsal etməyə imkan verəcək.

Şirkətin rəhbəri Rza Vəzirinin sözlərinə görə, AAM cari ildə hasilat həcmləri üzrə proqnozları 80-90-dan 62-67 min unsiya qızıladək endirib.

O qeyd edib ki, azalma bu yaxınlarda işə salınmış qızılın çən yuyulması zavodunun gözlənilən istehsal həcmlərinin yenidən hesablanması ilə əlaqədardır: "Bununla belə, biz cari ildə ötən il hasil ediləndən (52 068 unsiya) daha çox qızıl istehsal etmək niyyətindəyik və səmərəliliyin artırılması üzərində işləri davam etdiririk".

Qeyd edək ki, Azərbaycan hökuməti ilə məhsulun bölüşdürülməsi haqqında sazişin şərtlərinə görə, AAM təqribən 2 min kvadratkilometr sahədə mineral resursların kəşfiyyatı və hasilatını aparmaq hüququna malikdir. Bura 3 müqavilə sahəsi ("Qoşa", "Gədəbəy" və "Ordubad") daxildir.

Şirkətin resurs bazası 36 ton qızıl, 292 ton gümüş və 94 min ton misdən çoxdur. AAM-in işlədiyi yataqlar arasında ən irisi "Gədəbəy" kompleks mədənidir. Burada ilk qızıl və gümüş 2009-cu ilin may ayında hasil olunub.


Müəllif: