4 İyun 2014 16:58
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyun ayının 4-də Vergilər Nazirliyində vergi orqanlarına işə qəbul olunmaq üçün test imtahanından uğurla keçmiş 76 nəfər namizədlə görüş keçirilib.

Vergilər Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, insan resursları idarəsinin rəisi Faiq Şahbazov namizədləri salamlayaraq onları təbrik edib.

Onun sözlərinə görə, indiyədək keçirilmiş 9 belə müsabiqə nəticəsində vergi xidmətinə 1000 nəfərdən çox gənc kadr işə qəbul olunub, indi daha 76 nəfər namizəd növbəti mərhələdə öz qüvvələrini sınamaq imkanı qazanıb.

Qeyd olunub ki, test imtahanında iştirak etmək üçün elektron ərizə ilə müraciət edən 2303 nəfərin 1931-nin sənədləri qəbul olunub, imtahanda 1390 nəfər iştirak edib. Test imtahanında uğur qazanmış 76 nəfər növbəti mərhələdə Vergilər Nazirliyinin Aparatında müsabiqə komissiyası tərəfindən müsahibədən keçməlidirlər.

Müsahibənin dəqiq vaxtı və nəticələri barədə Vergilər Nazirliyinin rəsmi internet saytında (www.taxes.gov.az) və kütləvi informasiya vasitələrində məlumat veriləcəyi bildirilir.

Naibə


Müəllif: