11 İyun 2014 22:55
856
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hələlik adı çəkilən zavodların heç birində struktur dəyişikliyi və ona uyğun sərbəstləşmə halı qeydə alınmayıb”.


Bunu Axar.az-a Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat katibi Nizaməddin Quliyev tabeliklərində olan iki zavodda 800-ə yaxın işçinin ixtisara düşəcəyi ilə bağlı məlumata açıqlama verərkən deyib. Onun sözlərinə görə, adı çəkilən “Azərneftyağ” və Heydər Əliyev adına Neft Emalı zavodlarında hər hansı bir struktur dəyişikliyi qeydə alınmayıb:

“Bu gün “Azərneftyağ” və Heydər Əliyev adına Neft Emalı zavodlarında işçilərin ixtisarı ilə bağlı yayılan informasiyalar həqiqəti əks etdirmir. Həmin adı çəkilən idarələr ilə əlaqə saxlamışam. Hələlik adı çəkilən zavodların heç birində struktur dəyişikliyi və ona uyğun sərbəstləşmə halı qeydə alınmayıb. Heç bir işçiyə heç bir söz deyilməyib”.

Amma ARDNŞ rəsmisi struktur dəyişikliyinin aparılacağını deyib:

“Dövlət Neft Şirkətində zaman-zaman struktur dəyişiklikləri aparılır. Bunun başlıca səbəbi şirkətlərimizin beynəlxalq şirkətlər səviyyəsində fəaliyyət göstərməsinə nail olmaqdır. Və ona görə də şirkət və idarələrin strukturları üçpilləli sistemdən ikipilləli sistemə keçməlidir. Bu da təbii ki, müəyyən işçilərin sərbəstləşməsinə gətirib çıxarır. Struktur təkmilləşdirilməsi davam edəcək. Amma konkret olaraq hansı idarədə və hansı səviyyədə olacağı bəlli deyil”.

Qeyd edək ki, Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı ARDNŞ-in tabeliyindəki zavodlarda ixtisarların olacağı ilə bağlı informasiya yayıb. Hüquq müdafiəçisi bildirib ki, aparılacaq struktur islahatları ilə bağlı “Azərneftyağ” neft emalı zavodundan 420, Neft Emalı zavodundan isə 300-dən artıq işçi ixtisara düşəcək. Ümumilikdə isə ilin sonunadək neft sektorunda 1500-ə yaxın neftçi işini itirəcək.


Müəllif: