6 Aprel 2016 16:00

Aprelin 6-da Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında “Hava nəqlıyyatı haqqında” saziş imzalanıb.

Teleqraf.com-un məlumatına görə, iki ölkə arasında aviadaşımalar bazarının liberallaşdırılması üzrə "Açıq Səma Sazişi"ni ("Open Skies Agreement”) "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin prezidenti Cahangir Əsgərov və ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta imzalayıblar.

Sənədin imzalanmasını Azərbaycan mülki aviasiyası tarixində önəmli hadisə adlandıran Cahangir Əsgərov bildirib ki, sözügedən saziş iki ölkənin aviaşirkətləri üçün bütün məhdudiyyətləri aradan qaldırmağa imkan verəcək, Azərbaycan Respublikasına və Amerika Birləşmiş Ştatlarına məxsus aviaşirkətlərin fəaliyyətinə müsbət təsir göstərəcək.

“Azərbaycan Hava Yolları” tərəfindən Nyu-Yorka müntəzəm uçuşların 2014-cü il sentyabrın 23-dən həyata keçirildiyini xatırladan Cahangir Əsgərovun sözlərinə görə, bu uçuşlara başlamaq üçün mülki aviasiyamızın normativ-hüquqi bazası tam yenilənim və Azərbaycana Aviasiya təhlükəsizliyi üzrə “1-ci Kateqoriya” verilib: “Bunun nəticəsi olaraq biz bu gün “Açıq Səma” Sazişini imzaladıq”.

İmzalama mərasimində çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta sazişi ölkələr arasında əlaqələrin irəliləməsi üçün çox vacib sənəd adlandırıb: “Bu imzalanma Prezident İlham Əliyevin ABŞ-a çox uğurlu və məhsuldar səfərindən sonra baş verir.

Saziş ölkələrimiz arasında əlaqələrdə irəliyə doğru atılmış çox vacib sənəddir. O, ABŞ-la Azərbaycan arasında bir körpü yaradacaq”.

Teleqraf.com


Müəllif:
Загрузка...