12 May 2016 12:03
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Supermarket sahiblərinin əlavə dəyər vergisinin (ƏDV) ləğvi ilə bağlı müraciəti nəticəsiz qaldı. Ancaq bu mövzu hökumət-özəl sektor münasibətlərini gündəmə gətirdi.

Azərbaycanın ən iri supermarket şəbəkələrinin rəhbərləri aprelin 18-də iqtisadiyyat naziri Şahin Mustafayevə müraciət edərək manatın devalvasiyasından və vergi qanunvericiliyində edilmiş dəyişikliklərdən sonra üzləşdikləri acınacaqlı vəziyyətdən çıxmaq üçün kömək istəmişdilər.

Sahibkarlar sosial əhəmiyyətli ilkin tələbat məhsulları üzrə ƏDV-yə sıfır faiz dərəcəsinin tətbiqi, ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə, tərəvəz və uşaq qidaları üzrə ƏDV-nin ləğvi təklifini irəli sürmüşdülər.

Daha sonra sahibkarlar İqtisadiyyat Nazirliyinə dəvət olunmuş, birgə müzakirə aparılmışdı.

Mayın 10-da isə vergilər naziri Fazil Məmmədov məsələyə münasibə bildirdi. Nazirin sözlərinə görə, marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz: “Nəyə görə marketlər ƏDV-dən azad olunmalıdır ki? Kənd təsərrüfatı məhsullarının 95-98 bazarlarda, yerdə qalan hissəsi isə, yəni 1-2 faizi marketlərdə satılır. Ona görə marketlərin ƏDV-dən azad olunmasından söhbət gedə bilməz. Bu, mümkün deyil”.

İqtisadçı Qalib Toğrul hesab edir ki, özəl sektorun problemlərinin həll olunmamasının ən əsas səbəblərindən biri indiyədək dövlət qurumları ilə özəl sektor arasında dialoqun qurulmamasıdır:

“Kimsə etiraz edə bilər ki, sahibkarların müraciətindən sonra dərhal iqtisadiyyat naziri onları qəbul etdi. Qəbulu fakt kimi qəbul edirəm, doğrudur. Ancaq bu görüşü qətiyyən hökumətlə özəl sektorun dialoqu adlandırmaq olmaz.


Əvvəla, görüşün formatı dialoqa uyğun deyildi. Hər iki tərəfdən bütün maraqlı və qərar vermək səlahiyyəti olan şəxslər dialoqda təmsil olunmamışdı. Dövlət tərəfdən əksər maraqlı və səlahiyyətli qurumlar (Vergilər Nazirliyi, Milli Məclis, Prezident Aparatı), biznes ictimaiyyətindən isə ən azı sahibkarların ən böyük ictimai birliyi olan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası bu prosesdən kənarda qalmışdı.

Görüş dövlət-özəl dilaoqun başlıca prinsipinə - açıqlığa zidd, bağlı qapı arxasında keçirildi. Görüşdən sonra İqtisadiyyat Nazirliyinin mətbuat xidməti tərəfindən bir-iki cümləlik press-reliz yayılmışdı. Orda deyilirdi ki, problemlər nazir tərəfindən dinlənildi, araşdırılır”.

Ekspertə görə, dövlət-özəl sektor dialoqunda dövlətin məqsədi biznesin real vəziyyəti barədə səhih informasiya almaq, özəl sektorun məqsədi isə dövlətin diqqətini problemlərinə cəlb etməklə qanunvericilikdə dəyişiklik yolu ilə biznes mühitini münbitləşdirməkdir: “Ancaq çox təəssüf ki, təşkilatlanmamış, birlik qurmamış sahibkarların təqdim etdikləri təkliflər aydın deyildi və əsaslandırılmamışdı. Prosesi lap əvvəldən diqqətlə izləsəm də, mənə – belə görürəm ki, elə hökumət qurumlarına da – onları nə istədikləri tam aydın deyil. Dövlət-biznes dialoqu nəticə etibarı ilə hər iki tərəfin qazandığı, konstruktiv bir proses olmalıdır. Supermarket sahibləri ilə dövlət qurumlarının dilaoqu isə informasiya mübadiləsindən daha çox ittiham, hədə üstündə qurulmuşdu.

Market sahibləri hökumətə yaxınlığı ilə seçilən bir saytda əgər tələbləri qəbul olunmazsa, işçilərin ixtisarı, sosial gərginliyin artacağı ilə hökuməti təhdid edirdilər. Hökumət qurumları isə əvvəlcə kommunikasiyaya loyal yanaşsalar da, sonradan qəti şəkildə təkliflərin qəbul oluna biməyəcəyini bəyan etdilər”.

Qalib Toğrul hesab edir ki, dialoqun uğurla sonunclanması üçün mütləq bu sahədə daha çox təcürəbəyə malik beynəlxalq təşkilatların və şəffaf yollarla advokasi imkanlarından istifadə edən müstəqil vətəndaş cəmiyyətinin təmsilçiliyi vacib şərtdir.

Naibə QURBANOVA


Müəllif: