1 İyun 2016 10:58

Su təchizatı və tullantı sularının axıdılması tariflərinin qaldırılmasından sonra digər kommunal xidmət haqlarının da artacağı ilə bağlı məlumatlar dolaşır.

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli Teleqraf.com-a açıqlama verib.

Bu il mayın 13-də “Azərsu” ASC-nin müraciəti əsasında bir kubmetr su təchizatının tarifi ƏDV daxil olmaqla əhali üzrə Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu üçün 35 qəpik (əvvəl - 30 qəpik/kubmetr), digər inzibati ərazi vahidləri üzrə 30 qəpik (əvvəl - 25 qəpik/kubmetr), qeyri-əhali üzrə əvvəlki səviyyədə - bir kubmetr üçün 1 manat, sudan xammal kimi istifadə edənlər üçün isə suyun istifadə təyinatından asılı olmayaraq (tullantı sularının axıdılması xidmətləri də daxil olmaqla) bir kubmetr üçün 8 manat müəyyən edilib.
Tullantı sularının axıdılması xidmətlərinin tarifləri əhali üçün bir kubmetr üçün 15 qəpik, qeyri-əhali üzrə 1 manat səviyyəsində təsdiq olunub.

Natiq Cəfərli deyir ki, bu qiymət artımı iqtisadi faktorlara əsaslanmır: “Tarif Şurasının sonuncu qərarı “Azərsu”ASC-nin düşdüyü ağır durumla bağlıdır. Çünki “Azərsu”nun həm tərəfdaşları, həm dövlət büdcəsi, həm də xarici kreditorlar qarşısında böyük miqdarda borcu var. Bunu nəzərə alaraq yeganə çıxış yolu kimi tariflərin artırılması oldu ki, əhalidən toplanan vəsaitlər hesabına borcların bir hissəsi qapadılsın. Çünki nə valyuta məzənnəsi amilindən danışmaq olar, nə də “Azərsu”yun fəaliyyətində istifadə olunan məhsul və xidmətlərin qiymətində artım yoxdur ki, “Azərsu”nun Tarif Şurasına müraciət etməsi zərurəti ortaya çıxsın. Buna görə də Tarif Şurasının bu qərraının heç bir iqtisadi səbəbi yoxdur”.

Müsahibimiz qazın və elektrik enerjisi tariflərinin qaldırılacağı ilə bağlı deyilənləri də təsadüfi saymır: “Hazırda həm “Azərenerji”nin, həm də “Azəriqaz”ın borc problemi var. “Azərsu”yun təcrübəsindən çıxış edərək bu məntiqlə digər təbii inhisraçıların da Tarif Şurasına müraciət ünvanlayacağı gözlənilir. Adı hallanan dövlət qurumlarının kifayət qədər borcu var və o borcların ödənilməsi üçün qiymətlərin artacağı istisna deyil”.

Yeri gəmişkən, dünən Milli Məclisdə “2015-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layuihəsi ətrafında müzakirələr başlayıb. Deputat Zahid Oruc hökumətdə struktur və idarəetmə islahatlarının həyata keçirilməsinin zəruri olduğunu bildirib. Onun sözlərinə görə, ölkəni elektrik enerjisi ilə təmin edən “Azərenerji” ASC-nin dövlət borcu bir milyard manata yaxınlaşır: “Artıq bu vəziyyət bizi vadar edir ki, belə bir qurumun idarə edilməsinə yenidən baxmaq lazımdır. Bu qurumun özəl idarəetməyə verilməlidir”.

Naibə QURBANOVA


Müəllif:
Загрузка...