29 Yanvar 2017 22:46
2 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kolleksiya" 4

Öncəki yazı

“Kolleksiya” layihəsində növbəti materialımız Azərbaycan tarixinin, ədəbiyyatının öyrənilməsində mühüm xidmətləri olmuş iki şəxslə bağlıdır.

Arxivimizdə yer alan bu material “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabının müəllifi Manaf Süleymanovun imzalı kitabıdır.

M.Süleymanov bu məşhur kitabını professor Abbas Zamanov üçün imzalayıb. Kitabı dəyərli edən ən önəmli səbəblərdən biri isə ürək sözlərinin əski əlifba ilə yazılmasıdır.

Manaf Süleymanov 3 Mart 1912-ci ildə İsmayıllı rayonun Lahıc kəndində anadan olub. İlk təhsilini doğulduğu Lahıcda alıb. 1926-cı ildən təhsili Bakıda davam etdirib. 1931-ci ildə Azərbaycan Sənaye İnstitutuna (indiki Neft Akademiyası) geoloji-kəşfiyyat fakültəsinə daxil olub. 1937-ci ildə institutu birinci dərəcəli fərqlənmə diplomu ilə bitirib, kəşfiyyatçı-dağ mühəndisi adını alıb, geoloq kimi işləməyə başlayıb.

Əmək fəaliyyətinə Qaradağ neftqaz mədənləri idarəsində mühəndislikdən başlayıb. Azərbaycan Sənaye İnstitutunda assistent, dosent (1939), institutun neft-qaz yataqları geologiyası axtarışı kafedrasının dosenti olub. Ədəbi yaradıcılığa 1947-ci ildə “Azərbaycan” jurnalında dərc olunan “Yerin sirri” romanı ilə başlayıb. İngilis dilindən bədii tərcümələr edib, dövri mətbuatda məqalələrlə də çıxış edib, bəzən onları “Fərəcoğlu” imzası ilə çap etdirib.

1949-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan Manaf Süleymanov Cek London, Con Steynbek, O’Henri, M.Kopelen, A.Qrasi, Oqoto, Aleks La Çuma, Y.A.Makmani, P.Abrams, R.Riv, A.Paton, Fillim Altman, S.Moem kimi görkəmli ingilis yazıçılarının əsərlərini dilimizə tərcümə də edib.

Manaf Süleymanov ilk dəfə olaraq Bakı tarixindən, Bakı milyonçuları və qoçularından, Azərbaycan Cümhuriyyətinin üzvləri haqqında elmi-publisistik kitablar yazıb, nəşr etdirib.

Manaf Süleymanov 2001-ci il sentyabrın 12-də Bakıda vəfat edib.

***

Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olub. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşayıb. (1921-1927). "Ədəbiyyat" qəzetində məsul katib, "Azərnəşr"in bədii ədəbiyyat şöbəsində müdir (1937-1939) olub. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsini qiyabi bitirib və oraya müəllimliyə dəvət edilib.

Opera teatrının və filarmoniyanın direktoru (1940-1941) olub. M.F.Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik edib. (1941). İkinci dünya müharibəsi illərində Ordu sıralarında xidmət edib. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1948-1960), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı (1960-1968), Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru (1968-1971), ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri (1971-1979) vəzifələrində çalışıb. Universitetdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olub (1979-cu ildən). Ədəbi fəaliyyətə 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlayıb. Bolqarıstan, İran, Türkiyə, İraq, Avstriya və digər ölkələrdə məqalələri çıxıb. "Sabir və müasirləri" monoqrafıyası Əsəd Behrənginin tərcüməsində Təbrizdə, "Cəlil Məmmədquluzadə" oçerki Ələkbər Qəhrəmaninin tərcüməsində Tehranda fars dilində nəşr olunub. Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü (1971), Konya və Səlcuq Universitetlərinin (Türkiyə) fəxri doktoru seçilib. Mətnşünaslıq sahəsində ciddi fəaliyyət göstərib, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov, S.Hüseyn, H.Nəzərli, S.Ə.Şirvani, S.M.Qənizadə və Q.Zakirin əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəşr etdirib. O, M.Ə.Sabir, Cavid haqqında xatirə və məqalələri toplayıb ön sözlə "Sabir xatirələrdə" (1982) və "Cavidi xatırlarkən" (1982) adı ilə kütləvi tirajla çap etdirib. 1 dərəcəli "Vətən müharibəsi" ordeni, döyüş xidmətlərinə görə medalı və bir sıra digər medallarla təltif edilib.

Müstəqillik illərində Sovet dönəmində gizli şəkildə məşğul olduğu Azərbaycan mühacirəti ilə bağlı açıq fəaliyyət göstərməyə başlayıb. 1993-cü il aprelin 1-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.

Teleqraf.com tariximizdəki iki azman şəxsiyyətlə bağlı ithaf yazısını təqdim edir:

“Ədəbiyyatımızın yorulmaq bilməyən fərhadı, alim dostum Abbas Zamanova can sağlığı arzusuyla müəllifdən xatirə. 19.X.1987”.

P.S. İthaf yazısını əski əlifbadan oxuyan həmkarımız Ruslan Rəhimova təşəkkür edirəm.

Dilqəm Əhməd


Müəllif: