30 Yanvar 2017 20:16
1 928
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kolleksiya" 5

Öncəki yazı

“Kolleksiya” layihəsində təqdim etdiyimiz növbəti material Sovet Azərbaycanının ilk gerblərinin təsvir edildiyi müxtəlif vərəqələrdir.

1918-ci ildə qurulan Azərbaycan Cümhuriyyətinin gerbinin hazırlanması və ilk gerbin təsviri ilə bağlı ötən yazılarımızın birində məlumat vermişdik.

Bu dəfə isə 1920-ci ildə Azərbaycanda Sovet hökuməti qurulduqdan sonra qəbul edilən gerbin təsviri ilə bağlıdır.

Bildiyimiz kimi, Azərbaycan SSR-nin Konstitusiyası, bayrağı, gerbi bir neçə dəfə dəyişdirilib.

1921-ci ilin mayında Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin (AİŞC) ilk Konstitusiyası qəbul edilir. Həmin Konstitusiyasının 103-cü maddəsində Dövlət gerbinin təsviri belə verilir: “Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin dövlət gerbi üzərində Azərbaycan və rus dillərində: “Azərbaycan İctimai Şuralar Cümhuriyyəti” və “Bütün ölkələrin proletarları birləşin!” sözləri yazılmış və doğmaqda olan günəşin şüaları üzərində oraq və çəkicdən, sünbül çələngi ilə əhatə olunmuş aypara və beşguşəli ulduzdan ibarətdir”.

1927-ci il Konstitusiyasının 99-cu maddəsində Dövlət gerbinin təsviri belə təqdim edilir: “Azərbaycan İctimai Şuralar Cümhuriyyətinin dövlət gerbi, üzərində Azərbaycan və rus dillərində: “Azərbaycan Sovet Sosialist Respublikası” və “Bütün ölkələrin proletarları birləşin!” sözləri yazılmış və qırmızı fonda doğmaqda olan günəşin şüaları üzərində oraq və çəkicdən, sünbül çələngi ilə əhatə olunmuş aypara və beşguşəli ulduzdan ibarətdir”.

1937-ci ildə qəbul edilən Azərbaycan Sovet Sosialist Respublikasının Konstitusiyasının 151-ci il maddəsində Dövlət gerbinin təsviri belə qeyd olunur: “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət gerbi, üzərində Azərbaycan və rus dillərində: “Azərbaycan Sovet Sosialist Respublikası” və “Bütün ölkələrin proletarları birləşin!” sözləri yazılmış və doğmaqda olan günəş fonu üzərində pambıq və sünbül əklilindən ibarət haşiyə ilə çəkilmiş oraq və çəkicdən və ön planda neft vışkasından ibarətdir. Gerbin yuxarısında beşbucaqlı ulduz vardır".

1978-ci ildə qəbul edilən Konstitusiyanın 180-ci maddəsində Dövlət gerbinin təsviri belə verilir: “Azərbaycan Sovet Sosialist Respublikasının Dövlət gerbi doğan günəş fonunda pambıq və sünbül çələngi ilə haşiyələnmiş oraq və çəkic, neft buruğu təsvirindən ibarətdir və üzərində Azərbaycan dilində: “Azərbaycan Sovet Sosialist Respublikası”, “Bütün ölkələrin proletarları, birləşin!” və rus dilində: “Азербайджанская Советская Социалистическая Республика”, “Пролетарии всех стран, соединяйтесь!” sözləri yazılmışdır. Gerbin yuxarısında beşguşəli ulduz vardır”.

Kolleksiyamızda olan vərəqələr 1927 və 1931-ci ilə aid olduğu üçün o zamankı Konstitusiyalara uyğun gerb təsviri verilib.

Birinci vərəqə 90 il əvvəl, 1927-ci ildə keçirilmiş "V ÜmumAzərbaycan Şuralar Qurultayı"na, digər vərəqə isə 1931-ci ildə baş tutmuş "VII ÜmumAzərbaycan Şuralar Qurultayı"na aiddir.

Teleqraf.com Azərbaycan SSR-nin gerbinin təsviri olan 90 illik vərəqəni təqdim edir:

Dilqəm Əhməd


Müəllif: