5 Fevral 2017 17:17
2 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Varislər” layihəsi 2

“Varislər 1”

Dahi Stefan Sveyqin Napoleonun Vaterloo savaşı ilə bağlı hüzünlü bir yazısı var. Vaterlooda Napoleonun, gələcək Avropanın taleyi həll olunarkən marşal Qruşi ona tabe olan zabitlərin israrlarına baxmayaraq, prussiyalıları izləməkdə davam edir, bütün ümidlərini ona bağlayan imperatorun köməyinə getmir.

Düzdür, ona bu əmri Napoleonun özü vermişdi, amma Qruşi sərbəst düşünərək müstəqil qərar versəydi, həm sadiq olduğu imperatoru xilas edəcək, həm də Avropanın taleyini dəyişdirəcəkdi. Sveyqin də yazdığı kimi, Avropanın bir kəndində Avropanın taleyi böyük dühaya sahib olmayan bir marşalın dodaqları arasındaydı. O, ya vəziyyəti düzgün dəyərləndirib imperatora dəstəyə gedəcək, ya da imperatorun ona verdiyi əmri yerinə yetirəcəkdi. Napoleon özü də son ana qədər Qruşinin əmri pozaraq ona yardıma gələcəyinə ümid etmişdi. Qruşi isə qərarını verir: “İmperator nə əmr edibsə, yerinə yetirmək lazımdır...”.

Tanrının və ya təbiətin bəzən seçilmiş insanlara dünyanın və ya bir ölkənin, millətin taleyini dəyişdirmə şansı verməsi tarixdən bəllidir. Eyni tale Türkiyə tarixində də təkrarlandı. Amma bu dəfə əmr alan hərbçi əmri pozaraq bir dövlətin və bir millətin taleyini dəyişdirdi.

***

1919-cu il. İngilislərə qarşı Anadoluda Mustafa Kamal paşanın başçılığı ilə başlayan hərəkat mühüm nüfuz qazanır. İngilislərin basqısı nəticəsində İstanbul hökuməti Mustafa Kamalı geri çağırır. Paşa əmrə tabe olmur. Bu dəfə hökumət Mustafa Kamalı həbs etmək üçün Kazım Qarabəkir paşanı göndərir. Tarixçilərin yazdığına görə, həmin gün Mustafa Kamal olduqca hüznlü şəkildə artıq taleyi ilə barışmış vəziyyətdə idi. Qarabəkir paşanın gəldiyini eşidəndə daha da hüzünləndi və artıq hər şeyin bitdiyinə qərar verdi. Bu zaman onun çadırına girən Qarabəkir paşa deyir: “Əmrinizdəyəm, Paşam! Mən, əsgərlərim, zabitlərim, kolordum, hamımız əmrinizdəyik!...”.

Kazım Qarabəkir paşanın bu addımı Türkiyənin və türk millətinin qədərini dəyişdirdi. Əgər o, marşal Qruşi kimi hökmdarın əmrindən çıxmağı təsəvvürünə sığışdırmayacaq bir şəxs olsaydı, paşanı həbs edərdi, ingilislər, bəlkə də, Mustafa Kamalı edam etdirərdilər. Amma Kazım Qarabəkirin qərarı Türkiyənin taleyini dəyişdirir.
Sonralar bu iki şəxs arasında anlaşmazlıqlar yaranır, küsülülüklər olur. Amma bunların heç biri Mustafa Kamalın çadırında yazılan qədər kimi önəmli deyildi.

Biz də Türkiyənin qədərini dəyişdirən bu insanın həyatını, yaşadıqlarını onun ailə üzvündən – qızı Timsal Qarabəkirdən öyrənmək üçün müsahibə izni istədik.

Timsal xanım 7 yanvar tarixində Qarabəkir paşanın muzeyinə gələ biləcəyimizi söylədi. Həmin gün İstanbula çoxlu qar yağmasına, güclə hərəkət etməmizə baxmayaraq, Qarabəkir paşanın ev muzeyinə yollandıq. Muzeydə məlum oldu ki, Timsal xanım bizi muzeyin yaxınlığında yerləşən evində gözləyir. Bələdçi muzeylə tanış olduqdan sonra bizə yolu göstərəcəyini deyir.

***

Qarabəkir paşanın yaşadığı bu köşk Sultan II Əbdülhəmidin maarif naziri Antepli Münif Tahir Paşa tərəfindən italiyalı memar və heykəltaraş Rozetteyə inşa etdirilib. Vaxtilə köşkün baxçasında memar tərəfindən böyük zürafə heykəli tikildiyi üçün “zürafəli köşk” kimi də tanınıb. Sonralar zurafə heykəli dağılıb. 1930-cu il noyabrın 15-də Kazım Qarabəkir bu köşkü satın alır və ailə 1938-ci ilə qədər burada yaşayır.

Qarabəkir paşa İstanbuldan millət vəkili, daha sonra Məclis başqanı seçildiyi üçün ailə Ankaraya köçür. Köşk isə ailənin ancaq yay tətillərində gəldiyi məkana çevrilir.

Köşk içində ilk muzeyi Qarabəkir paşanın özü açır. Belə ki, köşkün bir otağında uşaqlıqdan bəri topladığı, saxladığı ailəsinə aid əşyaları sərgiləyir. Köşkün muzeyə çevrilməsi fikri də sonralar elə paşanın bu addımına görə yaranır.

1948-ci ildə Qarabəkir paşa vəfat etdikdən sonra ailə İstanbula dönür və bu köşkdə yaşayır. Həyat yoldaşı İclal xanımın vəfatından sonra isə köşk paşanın əkiz qızlarından Emel Karabekir Özerenginə miras qalır. 1984-ci ildə Emel xanımın vəfatından sonra köşk bir müddət kimsəsiz qalır. 2002-ci ildə Paşanın qızları Hayat Karabekir FeyzioğluTimsal Karabekir Yıldıran ilə Emel xanımın qızı Gülden Gazioğlu tərəfindən Kazım Qarabəkir Paşanın adını və xatirəsini yaşatmaq məqsədi ilə Kazım Qarabəkir Vəqfi qurulur.

Vəqf tərəfindən 2005-ci ildə köşkün iki mərtəbəsində Mədəniyyət və Turizm Nazirliyinin nəzarətində xüsusi bir muzey yaradılır.

1 oktyabr 2005-ci ildə muzey ziyarətçilərə açıq elan edilir. Muzey müdiri Figen Batı muzeyin formasını paşanın yaşadığı dönəmi nəzərə alaraq tənzimləyir.

Üst mərtəbədə Qarabəkir paşanın yataq otağı, ailə fərdlərinin fotolarının olduğu bir otaq və paşaya və xanımına aid paltarların sərgiləndiyi bir hissə, alt mərtəbədə isə qonaq otağı, paşanın iş otağı və qarşılama salonu mövcuddur.

***

Muzeydə sərgilənən eksponatlara gəldikdə isə Qarabəkir paşaya aid nümunələr bunlardır: Qurtuluş savaşında istifadə edilən qatlanan səyahət kreslosu, xəritə sandığı, silah-sursat sandığı, atının yəhəri, Qurani-Kərim, qar ayaqqabıları, borazanlar, Qurtuluş savaşına aid bayraq və sancaq, dəri kitab saxlancı, hərbi geyimi, pul qabısı, qələm qutusu, durbini, kompası, Qurtuluş savaşına aid bombalar, himayəyə götürdüyü uşaqların hədiyyələri, qılınc və tüfəngləri, aldığı medallar, şapkası, şahmat taxtası, fotoaparatları, yazı makinası,gözlükləri və s.

Məlum olduğu kimi “yetimlər babası” kimi də tanınan Qarabəkir paşa müharibədə kimsəsiz qalan uşaqları himayəyə götürərək onların sağlamlığının, təhsilinin qayğısına qalıb. Ona görə də həmin kimsəsiz uşaqlar paşaya təşəkkür etmək üçün müxtəlif hədiyyələr veriblər.

Həmin hədiyyələrdən biri də paşaya kimsəsiz erməni uşaqlarının hədiyyə etdiyi portretdir. Həmin portretin altında yazılıb: “Yetimlər atası qəhrəman Kazım Qarabəkir paşa həzrətləri, Trabzon erməni yetimləri tərəfindən, 9 sentyabr 1338”.

Timsal xanımın müsahibəsində də qeyd edəcəyi kimi, Qarabəkir paşanın kimsəsiz türk cocuklarla yanaşı, erməni uşaqları da himayəyə götürməsi qondarma “soyqırımı” iddialarına da bir cavabdır. Paşa “Cocuk davamız” adlı kitabında himayəyə götürdüyü uşaqlarla bağlı geniş məlumatlar verir.

Muzeydə ən maraqlı bölümlərdən biri də paşanın kitabxanasıdır. Kitabxanada əski əlifba ilə yüzə yaxın kitab mövcuddur. Bir neçə bəstə müəllifi olan paşanın pianosu da muzeydə sərgilənir. Muzeydən çıxdıqdan sonra muzey və paşanın həyatı haqqında geniş məlumat almaq üçün qızı Timsal Qarabəkirin evinə yollanırıq.
Bizi gülərüzlə qarşılayan Timsal xanımla “Varislər” layihəsi üçün söhbətə başlayırıq...

(davamı var)

Dilqəm Əhməd
Fotolar müəllifindir

P.S. Timsal Qarabəkirlə görüşü təşkil edən İstanbul Azərbaycan Kültür Evinin başqanı Hikmət Elpə və müsahibədə mənə yardımçı olan Kültür Evinin Gənclər qolunun başqanı Dilbər Coşqunsoya təşəkkür edirəm.


Müəllif: