6 Fevral 2017 22:12
2 190
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəli burada

Teleqraf.com “Varislər” layihəsində Kazım Qarabəkir paşanın qızı Timsal Qarabəkirlə müsahibəni təqdim edir:

- Timsal xanım, Kazım Qarabəkir paşanın ev muzeyini gəzdim. Türk tarixinin önəmli şəxsiyyətlərindən olan atanızın xatirəsini yaşatdığınız üçün Sizə təşəkkür edirəm. İstərdim, öncə muzeyin yerləşdiyi ev haqqında danışaq. Qarabəkir paşa nə zamandan etibarən o evdə yaşamağa başladı?

- Atam o evi 1930-cu ildə alıb. Həmin köşkün baxçasında iri zürafə heykəli olduğu üçün “zürafəli köşk” də deyərmişlər. Osmanlının maarif nazirlərindən Munif paşa o evi tikdirib. Daha sonra məktəb, xəstəxana, qərargah olub. Atamın həyatını, yəqin ki, müəyyən qədər bilirsiniz. Mustafa Kamal paşa ilə atam gənc yaşlarından dost olublar, bir yaş fərqləri var. İstiqlal savaşı dönəmində ətlə-dırnaq kimi bir-birinə yaxın olublar. Fəqət Vətən qurtulub cümhuriyyət qurulduqdan sonra, siyasət həyatı başladığında bir sıra fikir ayrılıqları yaranır. Kazım Qarabəkir daha liberal bir partiya qurur. Qurduğu liberal Tərəqqipərvər Cümhuriyyət Firqəsi nüfuz qazanan kimi onu qapatdırmaq istəyirlər. Çünki o biri partiyaya rəqib durumda olacaqdı. Bu hadisələrdən sonra bir az sıxıntılı vaxtlar yaşayır. Həmin sıxıntılı dönəmlərdə bu evdə göz həbsində qalır. Kitablarını da bu dönəmdə qələmə alır. 1930-dan 1939-a qədər bu evdə yay-qış yaşayırlar. Məndən böyük olan əkiz bacılarım o zaman çox kiçik yaşda idilər. 1939-da atam millət vəkili seçildikdən sonra Ankarada yaşayacağımız üçün buranı yazlıq olaraq istifadə etməyə başlayırıq.

Mən 1941-ci ildə Ankarada doğulmuşam. 1948-ci ildə atam vəfat etdikdən sonra buraya köçdük və daimi yaşamağa başladıq. Daha sonra ailə mirası bölüşdürülərkən o ev böyük bacıma düşdü. Bacım isə vəfat edəndən sonra, təbii olaraq, onun yoldaşına qaldı. Amma demək ki, Allah da çox yaxşı şəkildə proqramlayıb ki, bacımın yoldaşı memar-mühəndis idi. Ev yıxıla bilərdi. Yeznəmiz onu təmir etdirdi. Təmirdən sonra alt mərtəbəni bizə sata biləcəyini dedi. Biz də o zaman vəqf qurmaq, muzey açmaq istəyirdik. Alt mərtəbəni aldıq. Bütün əşyaları da alt mərtəbəyə qoyduq ki, muzey orada açılacaq. Yeznəmiz vəfat edəndən sonra qızı ikinci mərtəbəni də bizə bağışladı və beləcə Allaha şükür ki, muzeyi aça bildik.

- Atanız vəfat etdiyi zaman 7 yaşında idiniz. Necə xatırlayırsınız onu?

- Yeddi il atamla yaşamağın sevincini dadmışam. Atam övladlarına çox düşkün bir adam idi. Biz üç bacı idik, amma atam evlənmədən öncə Doğuda 6 min uşağa həqiqi ata olub. Ona “Yetimlər atası” deyərdilər. Şəfqətli bir adam idi. Onunla bağlı çox gözəl xatirələrim var. Öldüyü gün çox iztirab çəkdim. Həmin gün doğum günüm olduğu üçün mənə söyləməmişdilər. Cumhurbaşqanı İsmət paşa məndən bir neçə yaş böyük qızı Özdenin mənim üçün doğum günü tortu hazırladığını deyib evdən uzaqlaşdırır. Atamın ölümündən sonra həyatımız daim üzgün şəkildə keçdi. Atam yetim uşaqlar üçün “Uşaqlara öyüdlərim” adlı kitab yazıb. Əgər yaşasaydı, məni də orada yazdığı öyüdlər əsasında böyüdəcəkdi.

- Kimsəsiz uşaqlardan söz düşmüşkən, Qarabəkir paşanın böyütdüyü, təlim-tərbiyə verdiyi o uşaqlardan bu gün kimləri tanıyırsınız, yaxşı karyera qura bilənlər oldumu?

- Əlbəttə ki. Həmin uşaqların içində mənim tanıdıqlarımdan yaşayanlar yoxdur. Tanınmışlara gəldikdə isə Türkiyə ordusunun baş qərargah rəisi olmuş Cemal Tural paşa həmin uşaqlardan olub. Zəki İlter, Sabri Koçak paşalar var. Bursa İşıqlar əsgəri liseyinə göndərdiyi uşaqların çoxu yüksək mərtəbələrə gəldilər. Sabri Koçak mayor olanda 1960-cı ildə biz Sivasın kəndində müəllimlik edirdik. Bir gün bizi çağırdı. Biz də həyəcanlandıq ki, komandan bizi niyə çağırır. Otağına girdiyim zaman əlini çiynimə qoydu və dedi ki, "sənin atan səndən öncə mənim atam idi, mən onun yetim övladlarındanam". Həmin uşaqların çoxu ilə doğuya getdiyim zaman tanış oldum. Məni duyğulandıran bir xatirə də var. Biz bu vəqfi qurarkən bir məqsədimiz də Qarabəkir paşanın vəsiyyətinə əsasən, atası olmayan uşaqlara dəstək olmaq idi. Təqaüd verdiyimiz yüzə yaxın uşaq var. Sağ olsunlar, dostlar, qohumlar, tanışlar vəqfə yardım edirlər. Heç tanımadığım Mehmet Şairoğlu adlı bir şəxs o gün üçün çox böyük pul olan 5 min lirə yardım etmişdi. Çox şaşırdım, o qədər yardım edən heç olmamışdı. Zəng etdim, dedi ki, mən paşanın övladlarındanam. Çox xoşbəxt oldum ki, zamanında ehtiyac içində olan bir uşaq böyüyüb, özünə yaxşı imkan qurub indi isə ehtiyacı olanlara məlhəm olur. Tanıdığım sağ qalan yoxdur. Amma Sarıqamış, Qars, Ərzurum kimi yerlərə gedərkən orada həmin kimsəsiz uşaqların övladları, nəvələri ilə rastlaşıram.

- Bayaq qısa olaraq Cümhuriyyət dönəmində yaşanan olaylara toxundunuz. Mustafa Kamal həmin dönəmlərdə dava dostlarının bir çoxu ilə problem yaşayır. Kazım Qarabəkir paşanın qurduğu partiyadan sonra Fethi Okyarın, Əhməd Ağaoğlunun başında olduğu Sərbəst Firqə ilə da narazılıq yaranır. Bu gün o dövrə nəzər salanda, Atatürkün dövlətin güclənməsi üçün hər şeyi nəzarətdə saxlamasına haqq vermək olurmu?

- Bu gün üçün biz doğru deyə bilmərik. Yəni o hadisələr bu gün olsa. Amma Cümhuriyyətin ilk qurulduğu dönəmlərin şərtləri elə idi ki, bəlkə də, bunları etməyə məcbur idi. Atatürkün də bilmədiyi bir çox hadisələr ola bilərdi. Anadoluda Qurtuluş savaşına başlayan ilk beş paşa bunlardır: Mustafa Kamal, Kazım Qarabəkir, Refet Bele, Ali Fuat Cebesoy, Rauf Orbay. Daha sonra Xalidə xanımın əri Adnan Adıvar da qoşulur. Lakin Cumhuriyyət dönəmində İstiqlal hərbində əlini daşın altına qoymayan bir sıra tufeyli şəxslər Atatürkün ətrafına yığışır və adını çəkdiyim şəxsləri yox etməyə çalışırlar. Atatürkün olanlardan nə dərəcədə xəbəri vardı bilmirəm. Dolmabaxçadakı dil qurultayında İzmir məhkəmələrində bəraət etmiş, amma hələ də göz həbsində olan atam üçün Ali Fuat paşaya deyir ki, “çağırın Kazımı, görüşmək, fikirlərindən istifadə etmək istəyirəm”.

Amma Atatürkün ətrafındakılar araya elə girirlər ki, Atatürkün atamla göz-gözə gəlmək imkanı da olmur. Yəni bir sıra şəxslər onların bərabərliyini istəmirdilər. Mənim ürəyimi sıxan bir məsələ də var. Atatürk komaya girməmişdən öncə “çağırın Kazımı, halallaşmaq istəyirəm” deyir. Təəssüf ki, bunu da xəbər vermirlər. Atatürkün vəfatından sonra bacılarım atamdan soruşurlar ki, gedərdinmi? Atam “əlbəttə ki, gedərdim. O, Mustafa Kamaldır, çağırdığı zaman gedilməlidir” deyir. O dönəmin məsələlərinə gəldikdə isə indi də müzakirə olunur. Atam deyirdi ki, cumhurbaşqanı bir partiyaya mənsub ola bilməz, o, partiyaüstü bir mövqeyə malikdir. Bu, çox doğrudur, bu gün biz də bunu müdafiə edirik. Amma o gün etibarilə Atatürk partiya mənsubiyyəti ilə cumhurbaşqanı idi. Əsas odur ki, o insanlar cümhuriyyətin qurulmasında ətlə-dırnaq kimi bir arada olublar.

- “Əmrinizdəyəm, paşam” hadisəsini tarixçilər müxtəlif cür yazırlar. Bəziləri yazır ki, Mustafa Kamal Qarabəkir paşanı inandıra bilib. Bəziləri deyir ki, heç bir danışıq olmadan Qarabəkir Mustafa Kamalın çadırına gələn kimi, “əmrinizdəyəm, paşam” deyib. Əslində, hadisə necə olub?

- O hadisəyə qədər baş verənlərə diqqət etmək lazımdır. Qarabəkir paşa o hadisəyə qədər doğunu, Naxçıvanı qurtarmış, yardım üçün Bakıya yola düşmək üzrə idi. Amma Mondros müqaviləsi imzalandığı üçün Bakıya gələ bilmir və geri çağırılır. İstanbula gəldiyi zaman boğazda müttəfiqlərin ordusunu görüb çox iztirab çəkir. Mustafa Kamal paşanın evinə gedir. Həmin vaxt Mustafa Kamal əməliyyat keçirmişdi, evində xəstə yatırdı. Atam ona deyir ki, “paşam, İstanbulda qalmaqla bir şey əldə edə bilməyəcəksən, doğuya gəl, ordunun başına keç, səni dəstəkləyəcəyəm". Yəni Qarabəkir paşa Mustafa Kamalı razı salır ki, doğuya gəlsin. Mustafa Kamal doğuya gedir. Nə qədər üzücüdür ki, Mustafa Kamal öz vətənində bir şəhərdən digərinə ingilis vizası ilə hərəkət edir. Çünki padşah aciz şəkildə idi. Mustafa Kamal Amasya qurultayında “Vətən, millət bütündür” deyəndə ingilislər narazı olurlar. Padşahın Mustafa Kamalı 3-cü ordu müfəttişliyinə göndərdiyi zaman əmri belə idi ki, türklərdən silahları topla, üsyanları yatırt. Mustafa Kamal isə əksini edərək “vətən, millət bütövdür, qalx ayağa, türk” deyir. Padşah Mustafa Kamalı həbs etdirmək istəyir və əmri Qarabəkir paşaya verir. Qarabəkir saraya rədd cavabı verir. Bu da ürək istəyir. Çünki padşaha tabe olasan və əmri yerinə yetirməyəsən. Yaxşı ki, elə deyib. Rauf Orbay və Qarabəkir paşa Mustafa Kamala istefa etməyi məsləhət görürlər ki, ordu səni çıxararsa, daha çox sıxıntı yaşayarsan. Mustafa Kamala Kazım Qarabəkir paşanın gəldiyini deyəndə rəngi bir az saralır, bir an üzülür, "hər şey bitdi, gəlib məni həbs edəcək" deyir. Qarabəkir paşa gəlib “əmrinizdəyəm, paşam” dediyində isə vəziyyət tamam dəyişir...

(davamı var)

Dilqəm ƏHMƏD
Fotolar: Dilbər Coşqunsoy


Müəllif: