28 Fevral 2017 00:45
7 594
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Məzar yeri" layihəsi 4

Öncəki yazı

Bolşeviklər tərəfindən qətlə yetirilən şair Mikayıl Müşfiqin abidəsinin bu gün dağıdılaraq götürülməsi ictimaiyyət tərəfindən şiddətli şəkildə qınandı.

“Azəravtoyol” ASC-nin bu addımına Mədəniyyət və Turizm Nazirliyi haqlı olaraq sərt münasibət bildirdi, hətta işin məhkəməyə gedə biləcəyi ifadəsi işlədildi.

Professor Nərgiz Paşayeva isə daha sərt şəkildə bunları dedi: “Bu, vandalizim və barbarlıqdır. Böyük şairin xatirəsinə qarşı törədilmiş günahdır və təhqirdir”.

Əlbəttə, insanların rifahı üçün çox strateji layihələrə görə abidələrin yeri dəyişdirilə bilər, amma bunu heç bir çıxış yolu qalmadığı təqdirdə və ədəb-ərkana uyğun şəkildə həyata keçirmək olar. Üstəlik Müşfiq kimi qısa bir ömür yaşayan bir şairə qarşı belə addım atmaq, ümumiyyətlə, yolverilməzdir.

***

Abidələr, məzarlıqlar, heykəllər bir millətin tarixini əks etdirir, keçmişdə Vətən üçün savaşanların ruhuna hörmət olaraq hazırlanır. Dünyanın ən gözəl şəhərlərində sərkərdələrin, dövlət xadimlərinin, yazıçıların, sənətkarların abidələrinə rast gəlinir. Dövlət xadimlərinin məzarları isə mavzoley, anıt qəbir formasında hazırlanır.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra mühacirətdə vəfat edən, orada dəfn olunan şəxsiyyətlərin məzarlarının tapılması, ziyarət olunması və bərpasına diqqət göstərilməyə başlandı. Məsələn, Fransanın Sen Klü məzarlığında dəfn olunan Əlimərdan bəy Topçubaşının və digərlərinin məzarları dövlət tərəfindən bərpa olunub.

Ankarada dəfn olunan Məhəmmədəmin Rəsulzadənin məzarı üzərində isə 2008-ci ildə Azərbaycan Kültür Dərnəyi tərəfindən anıt hazırlanıb.

Ötən il isə Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən “Əbədi ezamiyyət” sənədli filminin və “Qərib məzarlar” kitab-albomunun təqdimatı oldu.

Görkəmli diplomat Ramiz Abutalıbovun zəngin bilgisi və xatirələri əsasında hazırlanan film bir daha bu məsələni gündəmə gətirmiş oldu.

Amma bu layihənin davamlı şəkildə aparılması vacibdir. Belə ki, bu yaxınlarda Azərbaycandakı Fəxri Xiyaban qədər bizim üçün önəmli olan İstanbuldakı Feriköy məzarlığını ziyarət etdik. Burada Azərbaycan tarixində önəmli rol oynamış Əhməd bəy Ağaoğlu və ailəsinin, Nağı bəy Şeyxzamanlı və ailəsinin, Xəlil bəy Xasməhəmmədlinin, Xosrov bəy Sultanzadənin, Şəfi bəy Rüstəmbəylinin, Məhəmmədsadıq Axundzadə Aranın, Əmircan, Kazımbəylilər ailələrinin məzarları var.

Yalnız iki məzarı çıxmaqla bu qəbirlərin əksəriyyəti baxımlı vəziyyətdədir, məzarlıq işçiləri də bu məsələdə diqqətcildirlər. Lakin onlardan asılı olmayan məsələlər də mövcuddur.

Baxımsız qalan məzarlardan biri Xəlil bəy Xasməhəmmədliyə aiddir. Bu barədə növbəti yazımzıda bəhs edəcəyik.

Digər baxımsız məzar isə video və fotodan da görəcəyiniz kimi Miryaqub Mirmehdiyevə aiddir.

M.Mirmehdiyev 1891-ci ildə doğulub. Peterburq Politexnik İnstitutunda, sonralar Almaniyada təhsil alıb. “İttihad” partiyasının yaradıcılarından olub. Zaqafqaziya Seyminin, Cümhuriyyət Parlamentinin üzvü olub. 1919-cu ilin yanvarında müşavir statusunda Paris Sülh Konfransına gedən nümayəndə heyətinin tərkibinə daxil edilib. Cümhuriyyətin işğalından sonra mühacir həyatı yaşamalı olub. “Prometey” hərəkatının liderlərindən sayılıb. İkinci Dünya müharibəsi illərində Türkiyəyə köçüb, 1949-cu ildə vəfat edib və orada da dəfn olunub.

Biz Əmircan ailəsinin məzarını ziyarət edərkən təsadüfən toz-torpağın içərisində qalmış, yalnız “Azərb” sözü oxunan bir başdaşını gördük. Əmircan ailəsinin məzarının yanındakı boşluqda olan baş daşının torpağını təmizlədikdən sonra gördük ki, üzərində bu cümlə yazılıb: “Milli Azerbaycan Cümhuriyetinin Avrupa mümessili Dr. Mir Yakup Mehtiev”.

Bəlkə də, bu başdaşı məzarlığın tamam başqa bir yerində olub, ümumi azərbaycanlı mühacirlərin olduğu yerə gətirilib. Bəlkə də, həqiqətən Miryaqub bəy burada dəfn olunub. Bunu ancaq xüsusi araşdırma nəticəsində bilmək olar.

Bizim hazırda əlimizdən gələn odur ki, belə bir faktı xalqımıza, dövlətimizə çatdıraq. Çünki gələn il Azərbaycan Cümhuriyyətinin qurulmasının yüz illiyi tamam olacaq və bu dövlətin Avropada tanınması üçün göndərilən nümayəndə heyətində yer almış şəxsin məzarı bu şəkildə qalmalı deyil...

Dilqəm ƏHMƏD

Foto/Video: Günel İsgəndərli


Müəllif: