5 İyul 2016 12:06
1 553
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oğlum, qızım, anam, gəlinim, yoldaşım bir evdə yaşayırıq. 8 insan bir mənzildəyik, heç vaxt evdə söz-söhbət olmur. Oğlumun 34 yaşı var, övladlarım mənə heç vaxt “sən” deyə müraciət etməyiblər. Həmişə “siz” deyirlər. Bu da mənim üçün var-dövlətdir”.

Axşam.az-ın məlumatına görə, bu sözləri əməkdar artist Cavanşir Məmmədov “Bir sevgi tarixçəsi” verilişində deyib.

Müğənni ailəsindən danışıb: “Övladlarıma bu tərbiyəni yoldaşım Xalidə xanım verib. Mən qazanıb gətirmişəm, anamla Xalidə ev qurub. Anamın qoyduğu qaydaları yoldaşım qəbul edib. Güllü xanımla Xalidə arasında bir dəfə də olsun küsülülük yaşanmayıb. Özüm də buna çox təəccüblənmişəm ki, necə olur? Hər ikisinin xasiyyəti çox ağırdır".

C.Məmmədov həyat yoldaşına etdiyi xəyanəti ilk dəfə etiraf edib: “Məni 5 il azadlıqdan məhrum etsələr də, bu haqda danışmazdım. Amma indi bunu deyirəm ki, gənclər dərs çıxarsın. Bir ara yolumu azmışdım. Hər kişi edir. Bəzən gül kimi ailəsini qoyub, başqa qadınla sevgi macərası yaşayır. Bunu mən də etdim. Çətin hala düşdüm, tanınmaz vəziyyətə gəlmişdim. Elə vəziyyətdə idim ki, evə əsəbi gəlirdim. Toydan sonra gedirdim o xanımın evinə, sonra ailəmin yanına gəlirdim. Gecə yatırdım, səhər 6-da oyanıb yenə gedirdim. Ailəmi ata bilmirdim, kənarda isə məni başqa şey çəkir. İki dostum həmin ərəfədə mənə çox kömək oldu.

O biri qadının da günün qara etmişdim, öz xanımım da pis olurdu. Anam çox danladı. Gördüm mümkün deyil, yoldaşımla oturub danışdım, ondan kömək istədim. Dedim, “Mən evdə olmayanda ağlayırsan, qapını üzümə açanda gözündə qızartılar görürəm. Gəl ər-arvadlığı qoyaq kənara, bacı kimi kömək et, hər şey düzələcək (kövrəlir-red.)". Xanımın səni geyindirir, evdən yola salır, sən evdən çıxıb gedirsən başqasının yanına. Mən o kişilərdən deyildim ki, xanımımı, anamı, iki övladımı evdə qoyub, gedim, arada da pul göndərim. Ya mən həyatda olmayacam, ya da qayıdacam.

Yaşadığım xanım çox varlı idi. Mənə dedi, sən də, mən də boşanaq, qarşıma böyük mücrüdə brilyantlar qoydu. Dedi, var-dövlətim bizə ölənə kimi bəsdir, ailənə də baxacam, sən də toylara getmə. Həmin an ona sillə vurdum. Dedim, bilməlisən ki, anam məni halal çörəklə böyüdüb, atamdan sonra ikinci bir kişi tanımayıb. Mən anamın qarşısında aciz qalaram. Başladım o münasibəti yavaş-yavaş soyutmağa”.

Həyat yoldaşı Xalidə xanım da ifaçının xəyanətini xatırlayıb, göz yaşını saxlaya bilməyib: “Xəyallarda olurdu, çox fikirli idi. Hər bir qadın bunu başa düşər ki, kişinin həyatında nəsə var. Üstünə getmək olmazdı. Ancaq gözləmək lazımdır. Həmin an kişini sıxmasan, söz-söhbət yaratmasan qayıdıb gələcək. Hər bir kişi başa düşür ki, səhv edib. Ailədə hər şeyi yola vermək, keçmək lazımdır. Xəyanət görən qadın özünü necə hiss edər? (ağlayır – red.) Qadın gərək dözə, başqa heç nə”.


Müəllif: