26 İyul 2016 19:00
198

Sentyabrın 24-də Heydər Əliyev Sarayında "Baku Sinfonietta" orkestrinin iştirakı ilə “Broadway Night Show” konserti keçiriləcək.

Saraydan Axşam.az-a verilən məlumata görə, konsertdə tamaşaçılara sevilən "Walt Disney" musiqiləri təqdim olunacaq.

Hər yaş dövründən tamaşaçılara maraqlı və baxımlı olan, rəngarəng süjet xətti ilə seçilən “Aslan Kral” (The Lion King), “Cəngəlliklər kitabı” (The Jungle Book), “Gözəl və Bədheybət” (Beauty and the Beast), “Ələddin” (Aladdin), “Su Pərisi”(The Little Mermaid), “Mulan” (Mulan), “Pinokkio” (Pinocchio), “Anastasiya” (Anastasia) və s. kimi ən məşhur Walt Disney cizgi filmlərindən kompozisiyalar səsləndiriləcək.

Baku Sinfonietta orkestrinin bədii rəhbəri və baş dirijoru, beynəlxalq müsabiqələr laureatı Cavad Tağızadədir.

Konsertdə, həmçinin “O səs Türkiyə” müsabiqəsinin qalibi Elnur Hüseynov və “Səs Azərbaycan” müsabiqəsinin iştirakçısı Nərmin Kərimbəyova da çıxış edəcək.

Saat 19:00-da başlayacaq konsertin biletlərinin qiyməti 20-60 manat təşkil edir. Biletləri şəhərin mərkəzi kassalarından və ASAN xidmət mərkəzlərindən əldə edə bilərsiniz.


Müəllif: