30 İyun 2014 17:33
5 761
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bütün əziyyətlərin başında o durur"

Bu gün əməkdar artist Tünzalə Ağayeva yeni mahnı və klipini təqdim edib. Teleqraf.com-un xəbərinə görə, “Qovuş ona” adlı mahnıya çəkilmiş klip Türkiyədə istehsal olunub. Mahnını isə əməkdar artist Sura adında gənc müğənni ilə birgə ifa edib. Təqdimat mərasimində Sura ilə tanışlığının tarixçəsindən danışan Tünzalə Ağayeva bunları deyib: “Sura sanki Hüseyn Cavidin Gülbaharıdır. O səhnəyə, müğənni olmağa iddialı deyil. Onunla tanışlığımız Ümumrespublika Gənclər Forumu zamanı verdiyim iki günlük master-klasdan başlayıb. Sura şeir yazır və sonra ona mahnı bəstələyir. Bir gün Sura mənə SMS-lə şeir göndərdi. Şeiri oxudum, təsirləndim. Və həmin dəqiqə pianinonun arxasına keçdim, mahnını bəstələdim. “Qovuş ona” belə yarandı”.

“Konsert təşkil etmək planım var”

“Qovuş ona” mahnısının qismən “Gülbahar”a bənzədiyini inkar etməyən əməkdar artist Sura ilə bağlı yeni layihələrindən söz açıb: “Suranın qeyri-adi oxuma tərzi var, hətta mən deyərdim ki, Azərbaycanda belə bir səs yoxdur. Onun xüsusi aranjimanlı mahnıları olmayacaq, amma tezliklə solo mahnısı hazırlanacaq. Mənim qapım da, ürəyim də gənclərə açıqdır. Amma insanda naxış olmalıdır. Yaradıcılıqda belədir ki, naxış yüzdə bir insanda olur. Məni Suraya cəlb edən məhz o naxış oldu. Amma mən bununla demək istəmirəm ki, digər gənclərimiz istedadsızdır. Şərt o deyil ki, Tünzalə hamı ilə oxudu, hamı ilə klip çəkdirdi. İnsanlara müxtəlif formada dəstək göstərirəm. Hətta konsert təşkil etmək planım var: daha çox gənclərin oxuyacağı, üzə çıxacağı bir konsert. Gənclərlə çox işləyirəm və onları sevirəm. Belə uşaqları görüncə həmin dəqiqə onlardan yapışıram”.

“Şəkillərimizi çəkirdilər”

Qeyd edək ki, “Qovuş ona”nın klipi İstanbulda lentə alınıb. Rejissoru Taylan Gülər, operatoru Murat Bayrağoğludur. Müğənni belə bir qərar verməsinin səbəbini bu cür izah edib: “Klipdə İstanbul görüntüləri yer alır. İstanbul sevdiyimiz şəhərdir. Amma əsas məsələ çəkiliş adamların çox olduğu bir yerdə aparılmalı idi ki, Bakıda bunu etmək mənim üçün çətinlik yaradırdı. “Tünzalənin klipi çəkilir” sözlərini eşitməmək üçün məkan olaraq qardaş Türkiyəni seçdik. Amma inanın ki, kamera arxası bizim şəkillərimizi çəkən nə qədər adam var idi. Onların bəziləri azərbaycanlılar, bəziləri “TRT Müzik”dəki verilişimdən sonra məni tanıyan türklər idi”.

“Suyun altında qalmışdıq”

Müğənni xanım çəkiliş zamanı qarşılaşdıqları çətinliklərdən də söz açıb: “Bilirsiniz ki, çəkilişin aparıldığı əsas məkan İstiqlal Caddəsinin adamlarla çox olan müəyyən zamanı var: bu daha çox günün axşam vaxtlarına təsadüf edir. Çəkilişimiz o vaxtla üst-üstə düşməmişdi. Hava yağışlı və tutqun idi. Fikir verdinizsə, klipdə İstanbulun axşam görüntüləri yoxdur. Amma onun olması planlaşdırılmışdı. İnanın, elə şıdırğı yağış yağdı ki, Ortaköydə suyun altında qalmışdıq. Çəkiliş üçün “Motor” deyəndə göyün üzünü qara buludlar örtdü, dolu yağmağa başladı və çəkilişi dayandırmalı olduq”.

“Filankəs getdi, mən də gedim”

Jurnalistlərin “Türkiyədə klip çəkdirməyinizi digər sənətçilərdən geri qalmamağınızla əlaqələndirmək olar” sualına müğənni xanım maraqlı cavab verib: “Hər mərhələnin bir cərəyanı, tendensiyası olur. Bu gün Türkiyə cərəyanı başlayıb. Bu da çox normal haldır, hər bir sahədə olduğu kimi biz də yeni rejissorlarla görüşmək, yeni təcrübə ilə tanış olmaq istəyirik. Amma sabah bəlkə Fransaya yolumuz açılacaq. Hər şey ola bilər. Niyə də olmasın? Hətta mən bilirəm ki, Rusiyadan, Türkiyədən müğənnilər gəlib bizdə klip çəkirlər. Bu “Filankəs getdi, mən də gedim” məsələsi deyil, bu, ümumi bir cərəyandır və mən də onun içində yer alıram”.

Təqdimat mərasimində çıxış edən Sura musiqi sahəsində təhsilinin olmadığını deyib: “Tünzalə xanım olmasaydı, Azərbaycanda musiqi sahəsində heç bir fəaliyyətim olmayacaqdı. Tünzalə xanımla çalışmaq mənim üçün avantajdır”.
Sonda Tünzalə xanım mahnı və klipin ərsəyə gəlməsində əməyi olan hər kəsə təşəkkür edib: “Mən hamıya təşəkkür edirəm. Və demək istəyirəm ki, bütün bu əziyyətin arxasında başda mənim üçün bir adam durur. Həyatımın, fəaliyyətim içində olan və mənə ömür boyu sadiq bir insan var- o da Yalçın Cabbarovdur. Ona çox təşəkkür edirəm. Və inanın bəlkə də ən az adını çəkdiyim adamdır”.

Nərmin MURADOVA

Foto: Elçin MURAD


Müəllif: