11 İyul 2014 17:44
5 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsan doğulan gündən etibarən daxilində ülvi hisslər olmalıdır. Buraya zövq də daxildir. Xanım sadə geyim geyinə bilər. Lakin hərəkətlərinə və rəftarına baxanda orada ayrı bir gözəllik dayanır və bu, onu daha cəlbedici edir. Qadının şarmı, nitq qabiliyyəti, duruşu, bir sözlə, özünə xas gözəlliyi olmalıdır. Gözəllik təkcə cazibədar bədən quruluşu və zahiri görünüş ilə ölçülmür. İnsanın daxili aləmi də zəngin olmalıdır. Elə bizim qonağımız da hərəkətlərində və rəftarında kübarlığı əks etdirir. Bu həftə “Kokteyl” layihəsinin qonağı stilist-vizajist və rəssam Nərmin İbrahimova oldu. Nərmin İbrahimova dəbdən, estetik gözəllikdən və makiyaj incəlikləri haqqında danışdı.

- İsti və qızmar yay günlərinin makiyajı necə olmalıdır?

- Xanımlara yayda gündəlik makiyajda tonal kremdən çox az istifadə etməyi tövsiyə edirəm. Tonal kremlərdən düzgün istifadə edilmədiyi halda, Günəşin mənfi şüalarının təsiri nəticəsində dəridə ləkələr yaranır. Üzündə müəyyən problemləri və qüsurları olan xanımların korrektor və yüngül kirşandan istifadə etməsi daha məqsədəuyğun olar. Daha ciddi iş yerlərində çalışan xanımlar SPF tərkibli, həmçinin tərkibi mutlivitaminlərlə zəngin olan kremlərdən istifadə edə bilərlər. Kosmetik məhsullar alanda da satıcıdan məsləhət almaq olar. Onlar bu barədə daha məlumatlı olurlar və daha peşəkardırlar. Həmçinin yaşı da nəzərə almaq lazımdır. Üzlərində heç bir problemi olmayanlar isə sadə makiyaj və yüngül kirşanla kifayətlənsinlər.

- Bu yayın makiyaj dəbində nələr trend hesab olunur?

- Makiyaj dəbi ilə hər kəsin ayaqlaşmaq kimi haqqı və şansı yoxdur. Çünki hər bir xanım onu fərqli göstərən özünəməxsus üz cizgilərinə sahibdir. Xanımın dodaq quruluşu parlaq tonlu dodaq boyasını çəkməyə icazə vermirsə, ondan istifadə etməsi şərt deyil. İstifadə edilən hər hansı kosmetik məhsulun dəbdə olması deyil, yaraşması əsasdır.

Bu ilin dəb tendensiyasının əsasında daha çox dodaqları vurğulamaq və göz kölgələrindən minimum istifadə etmək dayanır. Göz kölgələri də təbii çalarlarda olmalıdır. Ümumiyyətlə, yay aylarında xanımlar hər hansı önəmli mərasimə getmirsə, toz halında olan göz kölgələrindən uzaq durmalıdırlar. Tərləyən zaman göz kölgələri göz qapaqlarının üstünə yığılır və mimik qırışların yaranmasına vasitə olur. Makiyja daha çox meyilli olan xanımlarımız kosmetika şirkətlərinin yay üçün istehsal etdiyi yüngül, yağlı göz kölgələrindən istifadə edə bilərlər. Bu növ məhsullar dəri üçün o qədər də təhlükəli hesab olunmur. Mən xanımlara yay mövsümündə göz makiyajında suya davamlı, üz tərləyəndə yayılmayan laynerdən istifadə etməyi tövsiyə edirəm.

Yay mövsümündə əsasən, əlvan dodaq boyaları dəbdə olur. Amma gün dodaqları da qurutduğu üçün nəmləndirici və yüngül parıltı effekti verən dodaq boyalarından istifadə etməlidilər.

- Çimərlik makiyajı necə olmalıdır? Ümumiyyətlə, çimərliyə gedərkən makiyaj etmək düzgündür?

- Çimərliyə gedərkən makiyajdan istifadə etməməliyik. Birincisi, biz ora dincəlmək üçün gedirik. Əgər biz dincəliriksə, dərimiz də dincəlməlidir. Dərini Günəşin mənfi şüasından qorumaq və istədiyimiz qaralma effektini almaq üçün müəyyən kremlərdən, yağlardan istifadə edirik. Dolayısı ilə Günəş şüasından qorumaq üçün tək bədənə deyil, üzə də krem çəkirik. Çimərlikdə də makiyajdan vaz keçə bilməyən xanımlar isə suya davamlı tuşdan və laynerdən faydalana bilərlər.

- Bu yayın gəlin saç düzümü və makiyajı necə olmalıdır?

- Gəlin makiyajı ümumiyyətlə, gəlinin iç dünyasına, zərifliyinə, xarakterinə, onun ismətinə, gözəlliyinə daha da gözəllik qatmalıdır. Amma hər şey miqdarında olmalıdır, gəlini vulqar etmək, onu korlamaq olmaz. Ona incə, gözəl və sadə makiyaj etmək lazımdır. Əsas məsələ zərifliyinə zəriflik qatmaqdır.

Bu yay təbii dalğalı, laksız saç modelləri daha çox aktualdır. Amma gəlinin saçı mövsümdən deyil, onun seçdiyi gəlinlikdən daha çox asılıdır. Əgər gəlinlik libası çox açıqdırsa, bu halda gəlinə havalı buruqlar, açıq saç modeli daha çox yaraşır. Kip yığılmış saç düzümü üz quruluşunu ön plana çıxardığı üçün üzündə problemi olan, həmçinin açıq gəlinlik seçən xanımlara bu cür saç düzümlərini məsləhət görməzdim. Seçdiyi gəlinlik qapalıdırsa, xanımın üz quruluşu idealdırsa, alnında heç bir problem yoxdursa, mən sadə saç modeli yığılmasını məsləhət görərdim.

Saçını tökmək istəyən, lakin isti olduğuna görə bu fikrindən daşınan xanımlara havalı buruqlarla saç yığıram. Çünki bu saç düzümü kənardan həm boş saç effekti yaradır, həm onun üz quruluşuna yaraşır, həm də xanım buruqlarının açılmasını dərd etmir, özünü komfortlu hiss edir. Nəticə etibarı ilə yay mövsümündə yığılmış saçlara daha çox tələbat var.

“Özünə arxayın olmayan, konservativ, dəyişilməyi sevməyən və kompleksi xanımlar çox narahat olurlar”

- Bizim xanımlarımız nə dərəcədə kaprizlidir?

- Özünə arxayın olmayan, konservativ, dəyişilməyi sevməyən və kompleksi xanımlar çox narahat olurlar. Onlarla işləmək, onları razı salmaq əlavə enerji və səbir tələb edir. Bu cür xanımları dəyişdirmək və yeniliyə öyrəşdirmək bir az çətin olur. İstər həkim, istər stilist, istər müəllim olsun. Peşədən asılı olmayaraq, insanlarla işləmək çətindir.

- Sizi hövsələdən çıxaran müştəri olub?

- Çox olub. Bir dəfə xanım toy makiyajı və saç düzümünü mənə həvalə etmişdi. Üzündə heç bir qüsur olmadığına görə - ideal üz quruluşuna, minimum buruna, gözəl alına sahib olduğu, bir sözlə, xoşagəlimli xanım olduğu üçün ona sadə saç düzümü yığmışdım. Gəlini bəzəyib qutarandan sonra mənə bu cür saç düzümü istəmədyini söyləmişdi. Bu halda xanımları başa düşməkdə çətinlik çəkirəm. Sən əgər öz istəyinlə gəlmişdinsə, bunu mənə göstərərdin ki, işimi əvvəlcədən bilərdim. Çünki gəlini hazır etmək çox uzun prosesidir, hər gəlinin də öz vaxtı var. Belə hallar olan zaman o artıq baş gəlinin vaxtını almış olur.

- Bu zaman gəlinin nazı ilə oynayırsınız?

- Təbii ki, gəlin olduğu üçün onu ağladıb kədərli halda yola salmaq istəmirəm. Bəzən də heç nə istədiyini bilməyən gəlinlər olur. Saç düzümü yığan zaman fikrini dəyişir. Belə problemlərin çıxmaması üçün bütün əvvəlcədən hər bir detalı planlaşdırmaq lazımdır.

“Gəlinlərin çox dolu görünməsini istəməzdim”

- Hər gün xanımları gözəlləşdirməklə məşğulsunuz. Onların xarici görkəmində ən böyük qüsurları nədir, bir stilist kimi sizi ən çox nə narahat edir?

- Bizim xanımlarımız yağlı yeməkləri çox sevirlər. Məncə, ən böyük qüsurları çəki problemidir. Stilist kimi bu, məni narahat edir. Yanıma həddindən artıq dolu xanımlar gəlirlər. Mən gəlinlərin çox dolu görünməsini istəməzdim. Onları toy günü makiyajın bütün hiylələrindən istifadə edərək bəzəsən də, üz quruluşu arıq göstərmək üçün nə qədər korreksiya etsən də, bədən öz sözünü deyəcək.

Bəzi xanımlar da dərilərinə qulluq etmirlər. Üzləri çox yorğun görünür və gənə xəstəliyi olur. Bu, çox pis dəri xəstəliyidir. Dərisində gənə problemi olan xanımlarla işləmirəm. Çünki makiyaj ləvazimatlarında infeksiya yarana bilər. Xanımların 90 faizi dəri korlandıqdan, iş-işdən keçəndən sonra ah-vay edib, müalicə edirlər. Halbuki, dəri problemlərinin vaxtında müalicə etmək lazımdır.

- Bəs qadınların xasiyyətlərində ən dözülməz və xoşagəlməz cəhətlər hansıdır?

- Məni tanımasalar da, güvəndikləri üçün öz gəlinləri haqqında danışırlar. Bu, mənə çox pis təsir edir. Bu yaxınlarda baş verən bir hadisəni misal çəkim. Baldızla, qaynana gəlindən tez gəlmişdi. Yanımda oturub gəlinin dalınca danışırdılar. “Onu oğluma almaq istəmirdim, məcburi şəkildə elçi getdim” və.s məsələlərdən danışırlar. Yəni, tanımadıqları, yaxud ilk dəfə gördükləri adamın yanında ailə sirlərindən, gəlin haqqında qeybət etmələrini mənfi qarşılayıram. Ailənin içində baş verənləri yad adamlarla paylaşmaq, qeybət etmək heç doğru deyil.

- Qeybət etməyi sevməyən qadın tapılmaz. Bəs siz necə heç qeybət etmirsiniz, yaxud ailə sirlərini saxlaya bilirsiniz?

- Mən görmüşəm ki, ailədə hər hansı problem olanda onu ört-basdır edərlər, ailədaxilində həll edərlər. Etibar istənilən qarşılıqlı münasibətlərin təməl daşıdır. Ailə sirlərini də ancaq etibarını qazanan adamla bölüşə bilərsən. Hər gördüyün adama dərdini danışmaqla onun yayılma ehtimalını artırırsan. Yayılan xəbərlər isə istənilən halda problemin həllinə mane olur.

- Xanımlarımız geyimlərində nə qədər cəsarətlidir? Siz yəqin ki, onları kənardan müşahidə edirsiniz. Geyimlərində hansı xətalara yol verirlər?

- Bəzən bədən quruluşunda çox problemləri olan xanımlar ona uyğun olmayan geyim seçirlər. Onlar gözəl göründüklərini düşünsələr də, belə deyil. Sanki qüsur olan nahiyəni daha çox vurğulamağa çalışırlar. Kök xanımın həddindən ziyadə dar lasin şalvar geyinməsi onu ifrat dərəcədə çirkin göstərir. Distrofik dərəcədə arıq olan xanımlar, vizual olaraq normal çəkidə görünmək üçün boş geyimlərə yönəlməlidir. Eyni zamanda, kök xanımlar da artıq çəkilərini gizlətmək üçün boş geyimlərə müraciət edə bilərlər.

- Məşhur insanlarla işləyəndə nəyi əsas götürürsünüz? Yaradıcılığını sevmədiyiniz ulduzlarla işləyirsiniz?

- Yox, özümü heç vaxt kiminləsə işləməyə məcbur etməmişəm. Bu mənim seçimim olub. İstədiyim insanla işləmişəm, olub ki, sonra öz istəyimlə vaz keçmişəm. Sevmədiyim insandan təklif alanda yaxşı mənada yola verirəm. Bəyəndiyim insanlarla isə hər zaman böyük həvəslə işləyirəm. Bütövlükdə üstünlüyü adi, siravi Azərbaycan xanımları və gəlinləri işləməyə verirəm. Ailə qurmazdan öncə çoxlu müğənni ilə işləmişəm və çox da peşman olmuşam. Sonralar gördüm ki, onlarla işləmək çox çətindir. Adamı çox yorurlar, artıq-əskik danışırlar, qeybət edirlər. Mən demirəm ki, onlar pozğundurlar, qətiyyən! Pozğunluq tək şou-biznesdə deyil. Hər sahədə ola bilər və bundan heç bir peşə sığortalanmayıb. Evində oturan qadın da pozğun ola bilər. Bəlkə də onların həyat tərzi, danışıqları mənim xasiyyətimə uyğun deyil. Onların həyat tərzləri və atmosferləri mənim ruhuma uyğun deyil. Hamıya aid edə bilmərəm, amma çevrələrində insanın aurasını korlayanlar olur. Onlardan neqativ enerji aldığım üçün məsafə saxlayıram.

- Daha çox makiyajla təbii gözəlliyə, yoxsa daha az makiyajla təbii gözəlliyə nail olmaq olar?

- Təbii gözəlliyə minimum makiyajla daha tez nail olmaq olar. Təbii makiyajda tonal kremlərin, kosmetik məhsulların istifadəsi minimuma enməlidir, kosmetikadan miqdarında və yerində istifadə olunmalıdır.

- Makiyajsız gözəllik əldə etmək mümkündür?

- Xanımların çoxu gözəl və cazibədar görünmək üçün saçın daranmasını, mükəmməl makiyaj edilməsini və bahalı geyimin kifayət etdiyini düşünür. Halbuki, birinci insan daxilinə və təmizliyinə fikir verməlidir. Üzündə qüsurlar və problemlər varsa, makiyaj etməzdən əvvəl kosmetoloqa müraciət etməli və dərisinə ehtiyacı olan baxımı, qulluğu göstərməlidir. Mənəvi olaraq da özünü buna hazır etməlidir. Nə yediyinə, nə içdiyinə nəzarət etməli və mütəmadi olaraq idmanla məşğul olmalıdır. Xanımların çoxu kilo almasına və üzündəki problemlərinə səbəb olan qidalardan uzaq durmur və makiyajla örtə biləcəyini düşünürlər. Bu hal daha pis nəticələrə gətirib çıxarır.

- 90-cı illərdə dodaq qələmi çox dəbdə idi. Şəkillərə baxanda onun uğurlu kosmetik vasitə olmadığını müşahidə edirəm. Sizcə, hazırda hansı kosmetik vasitəni qüsur hesab etmək olar?

- 90-cı illərdə tək Azərbaycanda deyil, bütün dünya ulduzları dodaq qələmindən istifadə edirdilər. Dodağı çərçivəyə alan, qələmin dodaq boyasından fərqlənməsi təbii ki, qüsur idi. Dodaq qələmi boya ilə tamamlanırsa, istifadə etmək olar. Yaxud, indi bizə gülünc gələn kəkillərin şişirdilmiş formada yuxarı qaldırılmasını dəb xətası adlandırmaq olar. Bunu o dövrün qadınlarının çoxu edirdi. Onlar da dünya ulduzlarından bəhrələnirdilər. İllər ötdükcə insan daha çox püxtələşir, dünyagörüşü artır və bu sahədə daha çox marağı artır.

Xanımlarımızın ənlik sevdasını da başa düşmürəm. Rus matroşkaları effekti yaradırlar. Bizim xanımlar ənlikdən həddindən artıq istifadə edirlər. Üzü təravətli göstərmək və üz quruluşunu korreksiya etmək üçün ənlikdən istifadə edilir. Kök xanımları arıq göstərmək üçün qəhvəyi tonlardan, arıq xanımları kök göstərmək üçün çəhrayı tonlarından istifadə olunur.

- Makiyaja neçə yaşından başlamaq lazımdır?

- Tələbə qızlar layner, tuş və pomadadan istifadə edə bilərlər. Amma müəyyən yaş dövründən sonra diskomfort yaradan problemlər olur ki, korrektordan istifadə etməli olurlar. Hər dövrün özünün müəyyən kosmetik məhsulu var. Əlbəttə ki, 18 və 20 yaşından kosmetik məhsullardan istifadə etmək daha yaxşı olardı. Üzündə qüsur olan xanımların kosmetikadan istifadə etməsi yaşa baxmır. Sadəcə istifadə etdiyi məhsulun keyfiyyətinə fikir verməlidir.

- Sizcə, niyə xanımlar bu qədər süni olmağa can atırlar. Süni dırnaqlardan, taxma saçlardan, kirpikdən istifadə etməyə can atırlar?

- Hər şeyi qabaqlamağa tələsirik. Daha gənc olanda makiyaj etməyə, saçımın rəngini açmağa can atırdım. Qızlar da valideynlərinin ona makiyaj etməsinə icazə verməsini gözləyirlər. Öz yaş dövrünün qədrini bilmirlər. İndiki ağlım olsaydı, mən saçımın rəngini dəyişməzdim, düzləşdirici vasitələrdən istifadə edib saçımı yandırmazdım. Bu baxımdan bəzən məcbur qalıb kirpikdən və qaynaqdan istifadə etməli oluruq.

- Hər bir xanımın makiyaj çantasında nələr mütləq olmalıdır?

- Üzündə qüsur varsa, tonal krem olmalıdır. Məncə, tuş, layner, bir də tonal krem olmalıdır. Tonal krem yoxdursa, krişan olmalıdır.

- Siz makiyaj çantanızda nələri gəzdirirsiniz?

- Məndə hər şey var. (Gülürük) Amma onu getdiyim hər yerə daşımıram. Gecə ziyafətinə gedirəmsə, makiyajı dağılmağa qoymayan spreylərdən istifadə edirəm. Çantamda ətirdən başqa heç bir kosmetik vasitə gəzdirmirəm. Amma gözümə nə isə düşmə ehtimalını nəzərə alaraq güzgü və qulaq çöpünü də qoya bilərəm.

“İstər-istəməz özündə də arvadlaşma, qadınlaşma prosesi gedir”

- Azərbaycan kişilərinin geyimlərində hansı qüsurları müşahidə edirsiniz? Sizcə bizim kişilər qadınlardan daha zövqlə geyinir?

- Kişilərin daha çox süsləndiyini, bəzəndiyini görürüəm. Bu cür kişiləri heç sevmirəm. Kişi hər zaman səliqəli, təmiz geyinməlidir. Məncə, süslənmək kişilərə xas olan xüsusiyyət deyil. Həddindən çox aksessuar taxan, özləri ilə həddindən artıq məşğul olan kişilərdə məncə, oriantasiyasına dəyişiklik olur. İstər-istəməz özündə də arvadlaşma, qadınlaşma prosesi gedir. Kişilik xarizmasını itirməməlidir.

- Dəb, gözəllik, zövq. Bunların bir-birindən fərqi nədir?

- Bunların üçü də bir-birinə bağlıdır. Ayrı-ayrılıqda tamamlanmır. İnsanın daxilində şəxsiyyət və mədəniyyət yoxdursa, onu geyindiyi libas, etdiyi makiyaj onu xilas edə bilməz. Məsələn, çox dəbdəbəli geyinib, təmtəraqlı makiyaj edən xanım elə bir şəkildə əyləşir və danışır ki, onun zövqünü və gözəlliyini bir kənara itələyir. Qadın öz xanımlığını qoruyub saxlamalı, öz etikasını bilməli ondan sonra digər vasitələrdən istifadə etməlidir.

İnsanın qəlbində həvəs, zövq və fantaziya varsa, düzgün geyim seçə və onu üzərində mükəmməl daşıya biləcək. Yüksək mədəniyyətə və zövqə malik olmayan birini isə nə qədər zövqlü geyindirsən də, üzərində daşımağı bacarmayacaq.

- Rəsmlərinizdən insan gözünü çəkmək istəmir. Sərgi keçirməyi düşünmürüsünüz?

- İşlərim o qədər çoxdur ki, ona görə vaxtım olmur. Həm də hər birinin üzərində yenidən işləməliyəm. İnşallah payıza planlaşdırıram.

/tabloid/


Müəllif: