26 May 2017 18:45
1 953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənə yaxın çox dəyərli bir adamın ölüm xəbərini aldım. 15-20 dəqiqə stressdən ayrıla bilmədim. Bura da dərman içib gəlmişəm. O elə bir insan idi ki... Ölümünü çox ağır qəbul etdim.

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Damla bu gün Sputnik-Azərbaycan Mərkəzində keçirilən mətbuat konfransına 20 dəqiqə gecikməsinə aydınlıq gətirərkən deyib.

Müğənni Alanyada çəkilən yeni klipini iyun ayında təqdim edəcəyini deyib: “Adətən, iki aydan bir yeni mahnı üzə çıxarıram. Son dönəmlərdə isə yeni mahnılarımı kliplə bərabər təqdim edirəm”.

O, oktyabr ayında Heydər Əliyev adına Sarayda konsert verəcəyini bildirib: “Hazırlıqlara başlamışıq. Konserti oktyabrın 20-dən sonraya planlaşdırırıq. Ona qədər, yay aylarında çimərlik və istirahət mərkəzlərində konsert verəcəyik”.

Damla Almaniyada keçirilməli olan konsertinin təxirə salınması ilə bağlı gəzən söz-söhbətlərə belə aydınlıq gətirib: “Almaniyada keçirilməli olan konsertdə tək mən yox, bir neçə müğənni də iştirak edəcəkdi. Səfərlikdə sənədlərimiz hazır idi, vizamızı da almışdıq.

Sonradan dedilər ki, guya biletlər satılmadığına görə konsertimiz baş tutmadı. Yanlışdır. Ora həmvətənlərimizin istəyi ilə gedirdik. Hansı təşkilatçı bileti satılmayan müğənniyə konsert keçirər? Sadəcə, o konsertlə bizim burda işlərimiz üst-üstə düşdü. Alanyaya getdik, klip çəkildi. Başqa bir ölkədən dəvət aldıq, onların prodüserləri ilə əlaqə yaratdıq. Düşündük ki, Almaniyaya getsək, həmin ölkəyə verdiyimiz sözü tuta bilməyəcəyik.

Almaniyadakı təşkilatçılarla danışıb bunu onlara demişdik. Hətta bildirmişdik ki, elanları yaymasınlar. Onlar səbirsiz davrandılar...”

Damla məhrum müğənni Şəfanın mahnılarına müraciət etməsini belə əsaslandırıb: “Biz adətən, möhürü vurulmuş mahnıları oxumuruq. Götür-qoy edirik ki, həmin mahnıları oxusaq tamaşaçı qəbul edərmi? Tamaşaçı bəzən düşünür ki, Filankəs onun-bunun mahnılarını oxuya-oxuya sənətə gəlib. Halbuki möhürü qoyulmuş mahnıya müraciət etmək sənətçidən cəsarət, hünər tələb edir.

Mən Şəfadan gözəl oxuyacam deyə onun mahnılarına müraciət etmədim. Əsla, elə deyil... Sadəcə Şəfa erkən dünyasını dəyişdi. Mən sosial şəbəkədən, o isə kasetlərlə sevildi. Hər yerdə Şəfa xanımın mahnıları səslənirdi. Qəribə bağlılığımız var onunla, bəlkə də ona görə mahnılarını oxuyuram”.

Müğənni toy qiymətlərindən də söz açıb: “Toy qiymətlərimi açıqlamaq istəmirəm. Deyirlər, Damla toylara ucuz qonorara gedir. Qoyun desinlər”.

Damla VÖEN açdırdığını və vergiləri ödədiyini də deyib: "Toy qiymətim normaldır. Elə bir qiymətdir ki, həm orta, həm də yüksək təbəqə məni toyuna dəvət edir. Elə vaxtlar olub pulsuz da toylarda oxumuşam. Əsas odur ki, hər gün məclislərdəyəm".


Müəllif: Nərmin, Elçin Murad