11 İyun 2017 22:33
890
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün instaqram, feysbuk, tvitter kimi sosial şəbəkələr təkcə üzdə olan və tanınan şəxslərin deyil, adi insanların belə ən çox istifadə etdiyi reklam qaynağıdır. Dünya şöhrətli ulduzların bir çoxunun rəsmi səhifələrini menecerləri və ya bunun üçün tutulmuş xüsusi işçilər idarə edir. Lakin zaman-zaman dünyanın ən tanınmış simaları belə sosial şəbəkələrdən bezir və səhifəsini silməyi, ən yaxşı halda isə müvəqqəti bağlamağı qərara alırlar.

Teleqraf.com sosial şəbəkələrdən tez-tez imtina edib daha sonra fikrini dəyişərək, yenidən geri qayıdan ən seçmə ulduzların siyahısını təqdim edir.

Castin Biber - Təxminən 1-2 il əvvəl Castin Biberin instaqram akkauntunun 100 milyona yaxın izləyicisi var idi. Lakin bir gün bundan bezən gənc ulduz akkauntunu bağlamağı qərara alır. Çünki o, yazılan bəzi xoşagəlməz şərhlərə biganə qala bilmir, izləyicilərinə cavab yazmalı olur və nəticədə şərh bölməsində onlarla söz güləşdirirdi. Bununla imicinə zərər vurduğunu anlayan müğənni bir neçə dəfə instaqram səhifəsini bloklayıb, daha sonra yenidən açır. Lakin bir gün yeni sevgilisi Sofiya Riçi ilə olan fotosunu paylaşdıqdan sonra, o, eks-sevgilisi Selena Qomes başda olmaqla, bütün tamaşaçılar tərəfindən tənqid atəşinə tutulur və bundan bezən ulduz öz profilini bağlamağı qərara alır. Hamının acığına instaqram hesabını birdəfəlik silir. Castin düz 7 ay heç bir sosial şəbəkədə görünmür və yalnız 7 ay sonra internetə daxil olur. Amma o vaxtdan bu günə qədər Castin Biber artıq şəxsi fotolarını paylaşmır.

Selena Qomes - 2016-cı ilin avqustunda Castin Biber özünü bütün sosial şəbəkələrdən sildikdən sonra Selena da eyni addımı atmağı qərara alır. Lakin bundan da böyük səbəb onun reabilitasiya mərkəzində müayinə və müalicə aparmalı olması idi. Yalnız klinika Selenanı sərbəst buraxdıqdan sonra dünyaşöhrətli ulduz sosial şəbəkələrdə görünməyə başlayır. Bu gün Qomes instaqramın ən populyar və ən çox izlənilən hesabının sahibidir. 122 milyon izləyicisi olan Qomes hətta Beyonsu da geridə qoyur.

Cici Hadid - Dünyanın ən çox müzakirə olunan top modeli Cici Hadid mütəmadi olaraq, instaqram və tvitterdə görünsə də, 2016-cı ildə öz izləyicilərinə sosial şəbəkələrdə fasilə edəcəyi ilə bağlı elan verir. 35 milyon izləyici aylarla onun yolunu gözləyir. Az sonra yenidən instaqrama qayıdan modelin səhifəsini artıq köməkçiləri idarə edir və onlar çəkiliş meydançalarından modelin maraqlı fotolarını yayımlayırlar.

Rihanna - 1-2 il əvvəl təxminən 35 milyon izləyicisi olan Rihanna qəfildən instaqramdan yoxa çıxır. Deyilənə görə, müğənninin bir çox hədsiz açıq-saçıq fotoları instaqram rəhbərliyinin xoşuna gəlmir və onun akkauntu bloklanır. Rihanna səsini də çıxarmadan auditoriyasını tvitterə aparmağı planlaşdırır. 6-7 ay sonra instaqram Rihannanı blokdan çıxarır və müğənni geri qayıdır. Bundan sonra onun erotik fotoları paylaşılmır.


Müəllif: Könül Əlibəyli