13 İyun 22:58
2 613

”Erotik səhnə çəkilsə, Azərbaycanda dəvət alsaz, çəkilərsizmi” sualını ünvanlayıblar, demişəm yox. Çünki erotika anlayışını burda başa düşən yoxdur. Əgər bir ssenari olarsa, əgər maraqlı, faciəvi sevgi hekayəsi olarsa, aktrisalıq istedadımı işə salıb ssenarini qəbul edib çəkilərəm”.

Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli ARB-nin "Şou məkan” verilişinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, "Atəş” və "Qəmli nağıl” klipləri çox müzakirə olunsa da, orda açıq-saçıq səhnələr olmayıb.

"Hər adam göbəyiaçıq efirə çıxa bilmirdi. Bizim göbəyimiz yox, belimiz görünürdü. Kriteriyanı saxlamışdım. İndi müğənnilərin əksəriyyəti real həyatda o cür gəzir. O vaxt rejissor Fuad Əlişov obraz olaraq bunu düşünmüşdü. O kliplərdə Azərbaycan xanımı üçün çərçivədən çıxan heç bir görüntü yox idi. İndi müğənnilər, adi insanlar real həyatda o cür gəzirlər. Biz bu sənətdəyiksə, bizim bu sənətə qurban verəcəklərimiz var. Hərə öz dərəcəsinə görə, öz ailəsinə, övladlarına görə addım atır”.

Roza Zərgərliyə ünvanlanan "açıq-saçıq səhnələrə çəkilərsizmi” sualına belə cavab verib: "Mən bu sənətdəyəmsə, evdən niyə razı olmasınlar. İkinci bir tərəfdən ssenariyə də baxmaq lazımdır. Bəlkə, ssenaridə elə bir məqam var ki, mən onu edə bilmərəm. Biz "Qəmli nağıl” klipini çəkəndə model Rüstəm Cəbrayılov mənim dostum idi. Və onun klipdə obrazı canlandırması üçün bəlkə də, 30 kişi onu başa salırdı ki, nə etməlidir. Mənim ağırlığım onu narahat edirdi və o deyirdi ki, mən sizi sevə bilmirəm. Kadrda biz dostuq. Ancaq Rüstəm öhdəsindən gəldi”.

Onun üçün heç bir məbləğin başgicəlləndirən olmadağını deyən Roza Zərgərli mənəviyyatını pula qurban verməyəcəyini söylədi.

"Elə bir məbləğ yoxdur ki, mən onun qarşısında aciz qalam. Bu həyatda mənəviyyatdan və mənim istəklərimdən daha böyük məbləğ yoxdur. Mən 1 milyon dollara Hollivudda hansısa filmə çəkilərəm. Ancaq əgər lüt çəkiləcəmsə, o zaman mənim Azərbaycana qayıtmağım var, ailəm var, övladlarım var. Mənim 38 yaşım var, 20 yaşım yoxdur ki, sənət üçün gedib bikinidə konsert verim. Hərənin öz statusu var. Elə cəmiyyətdə yaşayırıq ki, hamı bir-birini tanıyır. Mən övladlarıma da diqqətli olmalarını söyləyirəm”.

Sifarişli şəkildə ünvanına böhtan yazılar yağdırıldığını deyən müğənni həmin adamların çirkin əməllərindən danışdı.

"Haqqımda çıxan yazılar sifarişli "reket" yazılarıdır. Həmin saytlar da pul tələb edir. Mən demişəm ki, gedin nə yazırsız, yazın. Mənim şəklim deyil, montaj olunub. Həmin yazıları silsinlər deyə heç kimə pul verilə bilməz. Həmin adamı çıxararam ortaya və deyərəm ki, yazan budur. Həmin adam dilənçiliklə məşğuldur. Necə ki, əl altdan yazırdılar, indi üzrlə canlarını qurtara bilməyəcəklər. O, video şəklində məndən üzr istəyəcək. Paparassilər öpüşüb görüşəndə elə bir məqamı tuta bilir ki, o, biabırçı görünür. Ancaq əslində elə deyil axı. Hansısa başqa bir adamın bədəninin üstünə mənim başımı qoyub montaj edib təqdim etmək isə şərdir. O adamlar buna görə cavab verəcəklər”.


Müəllif: Teleqraf.com