23 İyun 2017 17:54
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada tanınan bir çox simalar – aktyorlar, aktrisalar, müğənnilər təkcə incəsənətdən qazandıqları pula dolanmırlar. Onların hamısının əlavə biznesləri də var.

Teleqraf.com dünyaşöhrətli ulduzların sahib olduqları şirkətləri araşdırıb.

Tanınmış aktyor Corc Kluni “Casamigos” (“Dostların evi”) adlı tekila brendlərinin satışı ilə məşğuldur. O bu biznesinin əsasını düz 4 il əvvəl qoyub. Aktyorun öz dediyinə görə, əvvəl hər şey hobbi idi və ayda cəmi min şüşə tekila satılırdı. Daha sonra onlar satışı ildə 120 min şüşəyə çatdırmaqla, ciddi biznesin əsasını qoydular.

Hollivud aktrisası Anjelina Coli və keçmiş əri Bred Pitt isə içki şirkətinə deyil, birbaşa şərabçəkmə müəssiəsinə sahibdirlər. Onlar öz işlərindən gələn gəlirdən o qədər razıdırlar ki, boşandıqdan sonra da şərikliyi davam etdirirlər.

2010-cu ildə kokoslu su “Vita Coco” adlı brend tanınmağa başlayır. Bu tip sular istehsal edən məşhurlara Madonnanı və Demi Muru misal gətirmək olar.

Madonna sağlam həyat tərzinin təbliğatçısı kimi bu işlə məşğul olmağı özünə borc bilir. Bu işə o, ilk dəfə 1,5 milyon dollar pul qoyub.

2015-ci ildə Beyons öz məşqçisi Marko Borqeslə birgə sağlam qidalanma ilə bağlı sayt açır və paralel olaraq, veqan yeməkləri olan “22 Days Nutrilition” məhsullarınının onlayn satılması və pulsuz çatdırılması ilə bağlı işlər görür.

Beyonsun dediyinə görə, o, həmişə artıq çəki ilə mübarizə aparıb və diyetalarda olduğu zaman yeməklə bağlı çətinliklər yaşayıb. Başqalarının da bu cür çətinliklə qarşılaşmasını istəmədiyi üçün belə bir şirkətin əsasını qoyub.

Qeyd edək ki, Beyonsun ən çox fıstıqlı batonları məşhurlaşıb.

İdman dünyasının ulduzu Mariya Şarapovanın da öz biznesi var. 2012-ci ildə Nyu Yorkda satışa çıxarılan “Sugarprova” adl konfetlər Mariya Şarapovanın sahibi olduğu şirkətə aiddir.

“Əgər hamı qara geyinibsə, mən qırmızı geyinməyi sevirəm. Hamı ya parfümeriya, ya içki biznesi ilə məşğuldur. Mənsə heç kimdə olmayan konfet biznesi ilə” deyən Şarapova 2013-cü ildən həmin konfetləri Rusiya bazarına da çıxarıb.

Ötən ildən etibarən isə bu brendin adı altında dadlı şokolad istehsalı ilə məşğuldur.


Müəllif: Könül Əlibəyli