23 İyul 2014 17:05
1 079
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vəkil cavab verdi

Bu gün Ali Məhkəmədə xalq artistləri Nazpəri Dostəliyeva ilə İlhamə Quliyevanın növbəti məhkəmə prosesi keçirilib. Ali Məhkəmənin qərarına əsasən Nazpəri Dostəliyeva 25 min manat cərimələnib.

İlhamə Quliyeva mətbuata açıqlamasında Nazpəri Dostəliyevadan həmin məbləği alacağını deyib: “Məhkəmənin qərarına əsasən Dostəliyeva mənə 25 min manat ödəməlidir və eyni zamanda məndən üzr istəməlidir”.

O həmçinin bildirib ki, o puldan özü istifadə etməyəcək: “Bu pul mənə lazım deyil. Onu Qarabağ əlillərinə, Xocalı soyqırımından əziyyət çəkənlərə, şəhid ailələrinə, kimsəsiz uşaqlara və qocalara bağışlayacam. Artıq 25 mini hara xərcləyəcəyimi qərarlaşdırmışam. Özü də məbləği bütov formada tələb etmişəm. Bank hesabına keçiriləcək. Sonra vəkilim onu götürəcək, çəkilişlə birlikdə sadaladığım yerlərə baş çəkəcəyik, pul paylanılacaq. Məhkəmədə qalib oldum. Buna görə, dövlətimizə, Ali Məhkəmənin işçilərinə, vəkilim Pərviz Hacılıya minnətdaram. Bu cür obyektivliyə görə təşəkkür edirəm. Mən hər zaman qalib gələn xanımam”.

N.Dostəliyevanın vəkili Yunus Vəliyev Teleqraf.com-a açıqlamasında bildirib ki, məhkəmənin qərarı açıqlananda, orda Nazpəri Dostəliyevanın İlhamə Quliyevadan üzr istəməsi bəndi yer almırdı:

“Məhkəmə qərarı bir cümlə ilə elan etdi: Ödəniləcək cərimənin məbləği 25 min manat müəyyən olunub. Qərarın ikinci hissəsi ilə tanış deyiləm. Qayda belədir ki, qərarın tam versiyası on gün müddətində bizə təqdim olunmalıdır. Qərarı məhkəmədən tam alandan sonra orda hansı qeydlər var, biləcəyik. Bu məqamda kim nə deyirsə, nisyə söhbətdir”. “Nazpəri xanım 25 min manat məbləği ödəyəcəkmi, yoxsa etiraz edəcək” sualına vəkilin cavabı belə olub: “Nazpəri xanımla bu barədə danışmamışam. Ona görə bilmirəm bu məsələlərlə bağlı fikri necədir”.

Pərvin


Müəllif: