6 Sentyabr 22:45
426

Bu gün aktrisa Məlahət Abbasovanın ATV kanalında yayımlanacaq “Məlahətli söhbətlər” verilişi ilə bağlı mətbuat konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, media nümayəndələri ilə görüşdə azərbaycanlı aktrisa Məlahət Abbasova, aparıcı Turan İbrahimov və türkiyəli müğənni Pətək Dinçöz iştirak edib. M.Abbasova bildirib ki, türkiyəli və azərbaycanlı məşhurların iştirak etdiyi veriliş hazırlamaq onun çoxdankı arzusu olub. O bu təşəbbüsün həyata keçməsində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi olduğunu xüsusi vurğulayıb:

“Uzun illərdir ki, Türkiyədə yaşayıram. Türk müğənni və aktrisaların çoxu bizim sənətçiləri tanımır. Biz onların sənət adamlarını tanıyırıq. Odur ki, qərara gəldim ki, hər iki qardaş ölkənin dəyərli sənətçilərinin iştirak etdiyi layihə hazırlayım. Veriliş tamamilə fərqli formatda olacaq. Görkəmli sənət nümayəndələri ilə Azərbaycanın məşhur çay süfrəsi arxasında oturub söhbət edəcəyik. Veriliş şou və qalmaqaldan uzaqdır. Mən özümü aparıcı adlandırmıram. Hətta layihəni kanala təqdim edəndə dedim ki, başqa aparıcı seçə bilərsiniz. ATV-nin rəhbəri Vüqar bəy razılaşmadı, “Sizin simanız bizim üçün yetərlidir” , - deyə bildirdi”.

Məlahət Abbasova onu da əlavə edib ki, türkiyəli müğənnilər Bakıya təmannasız gələcək. O, Pətək Dinçözün də verilişdə iştirak etmək üçün ondan pul tələb etmədiyini söyləyib:

“Bundan sonrakı qonaqlar da verilişdə təmannasız olaraq iştirak edəcək. Xüsusi qeyd etməliyəm ki, türkiyəli ulduzların Bakıya gətirilməsində, qarşılanmasında Mədəniyyət və Turizm Nazirliyi dəstək göstərməyə razı oldu”.

Aparıcı Turan İbrahimov M.Abbasovanın verilişdə həm türk, həm də öz dilimizdə danaşacığını deyib:

“Məlahət xanım öz dilimizdə çox səlist danışa bilir, lakin proqramda müəyyəm məqamlarda qonaqların bir-birini başa düşməsi üçün hər iki dildə danışacaq. Çünki layihə “Bir millət, iki dövlət” devizi altında təqdim olunur”.

Pətək Dinçöz isə dəfələrlə Bakıda qonaq olduğunu və burada özünü qətiyyən yad hiss etmədiyini deyib. Müğənni Türkiyədə yaşayan həmyerlimiz Məlahət Abbasova ilə uzun illərdir tanış olduğunu deyib:

“Bakını çox sevirəm, əgər təşkilatçılardan təklif gələrsə, böyük məmnuniyyətlə konsert verərəm. Yeni İli çox zaman Bakıda qarşılayıram, insanlarınız çox istiqanlıdır. Veriliş üçün xüsusi hazırlıq görmüşəm, saçlarımın rəngini dəyişdirmişəm, paltar almışam”.

Pətək Dinçöz Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya olan heyranlığını da gizlətməyib:

“Sizin birinci xanımınızı çox sevirəm, ən böyük arzularımdan biri də onunla tanış olmaqdır. İnşallah bir gün bu arzuma çataram. Buradan ona sevgilərimi və sayğılarımı bildirirəm”.


Müəllif: Aytən, Elçin Murad