26 İyul 2014 17:37
1 811
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com 1937.az-a istinadən "Avantaj" qrupunun üzvü Şəms İmanzadə ilə müsahibəni təqdim edir:
– Hazırkı fəaliyyətiniz nədən ibarətdir?

– “Avantaj” qrupu olaraq fəaliyyət göstəririk. Müxtəlif konsertlərdə, kanallarda çıxış edirik və ATV kanalında yayımlanan “Azərbaycanın səsi” yarışmasının iştirakçılarıyıq.

– Klublarda, partilərdə çıxış edirsiniz, yoxsa yalnız konsertlərdə?

– Biz sırf dövlət tədbirlərində, icra hakimiyyəti tərəfindən təşkil olunmuş bayram şənliklərində, dövlət kanallarında çıxış edirik.

– Deməli, sizin çıxışınızı hansısa restoranda, klubda izləmək olmaz...

– Olar. Bəzən qısamüddətli təklifləri qəbul edib, restoranlarda çıxış edirik.

– Necə oldu ki, musiqiçi olmaq qərarına gəldiniz?

– Ailəm incəsənət ailəsidir. Atam rəssamdır, anam “Bülbüllər”də oxuyub. Mən bir neçə il xora getmişəm, piano ilə, kanonla, 7 il də rəqslə məşğul olmuşam. Daha sonra Anitayla (qrupun digər üzvü) tanış olduq, Kübarə xanım (qrupun yaradıcısı) bizi bir araya gətirdi və biz qrup yaratdıq.

– Hansı janrda ifa edirsiniz?

– Daha çox caz, rok, soloblyuz. Hər janrda oxumağa məcburuq, çünki izləyici zövqü müxtəlifdir. Amma mənim seçimim caz və rokdur.

– Aydındır ki, fəaliyyətinizlə bağlı evə bəzən gecəyarısı qayıdırsınız. Konsertlərdən sonra evə qayıdanda ailənizlə hər hansı bir problem yaşanırmı?

– Yox, məni belə qəbul ediblər. Onlar bilirlər ki, bu, mənim seçdiyim həyat tərzidir, mən sənətçiyəm. Məni olduğum kimi qəbul etməlidirlər.

– Fəaliyyətə başladıqdan sonra qohumlar, qonşular, tanışlar tərəfindən təzyiqlərlə üzləşdiniz?

– Bəli, ilk vaxtlar ciddi yanaşmırdılar. Sonradan biz yavaş-yavaş uğur əldə etməyə başladıq. Artıq ətrafımızdakılar gördü ki, biz ciddi fəaliyyətlə məşğuluq və bizi dəstəkləməyə başladılar.

– Geyim tərziniz, saç düzümünüz, ifa etdiyiniz mahnılar Azərbaycan tamaşaçısının görməyə adət etdiyi kimi deyil. Stereotiplərə zidd davranmaq, tabulaşmış dəyərlərə üz çevirmək yəqin ki, asan deyil. İzləyicilərin buna münasibəti necədir? Yəqin ki, fanatlarınız olduğu qədər “hater”ləriniz də var.

– Bəli, asan deyil. Çox vaxt bəyənmirlər. Mentaliteti, etik normaları əllərində bayraq edən izləyicilər əvvəllər bizə öz “xoş” sözlərini sosial şəbəkələrdə yazırdılar. Lakin bir müddət sonra bu, sona çatdı. Artıq kifayət qədər pərəstişkarımız və dinləyicimiz var.

– Sizi heç lesbiyenlikləri ilə məşhur olan “Tatu” qrupuna bənzədiblərmi?

– Olub, çox olub.

– Bəs sizin reaksiyanız necə olub?

– Normal. “Tatu” qrup olaraq çox böyük naliyyətlər əldə etmiş qrupdur. Avropada dinlənildi, “Eurovision”da iştirak etdi və s. Mən buna müsbət yanaşıram. Yəni əgər siz...

– Hə, mən oriyentasiya ilə bağlı danışıram.

– Yox, yox. (gülür.) Bizə heç aidiyyəti yoxdur.

– Bir qadının həyatında karyera daha mühümdür, yoxsa ailə?

– Ailə çox önəmlidir. Məsələn, mən anamla yaşayıram. İstəyərəm ki, mənim övladım bir valideyni ilə kifayətlənməyə məcbur qalmasın. Anası da, atası da yanında olsun. Ona görə boşanmaya qarşıyam. Hər halda, elə birini seçməliyəm ki, fəaliyyətimdə mənə dəstək olsun. Əgər bir oğlan məni sevirsə, olduğum kimi məni qəbul edəcək. Və ya ilk gündən mənə fəaliyyətimi dayandırmağımı istədiyini desə, bəlkə də, mən öz sənətimi kənara atıb, ailəmin xanımı olaram.

– Sevdiyiniz kitablar, yazarlar haqda danışaq bir az. Ən sevdiyiniz roman hansıdır?

– Düzü, son 1-2 ildə kitab oxumuram. Bilirsiniz, musiqiçi həyatı bir az dağınıqdır. Axşam evə gec gəlirsən, istirahətə, yuxuya ehtiyacın olur. Mütaliə heç yadına da düşmür.

Amma ən sevdiyim yazarın İlyas Əfəndiyev olduğunu deyə bilərəm. Onun əsərləri mənim dünyagörüşümün formalaşmasında böyük rol oynayıb. Şairlərdən isə sevimlim Mikayıl Müşfiqdir.

– Sizcə, yaradıcı insanın mütaliəyə ehtiyacı var?

– Var, əlbəttə. Gəlin açıq danışaq. Bizim sənətçilərin müsahibələrini heç dinləmisiniz? Müğənni də olsan, danışıq qabiliyyəti, səhnə davranışı mühümdür. Hər insanın normal dünyagörüşü olmalıdır.

– Klassiklərlə aranız necədir?

– Klassiklərdən Bethoven və Şopeni daha çox sevirəm. Lakin bizim öz dahi bəstəkarlarımız da var ki, onları unutmaq olmaz – Tofiq Quliyev, Eldar Mansurov, Vaqif Gərayzadə. Doğrudur, indiki tələbat tamam fərqlidir, amma onların Azərbaycan musiqisində rolu əvəzedilməzdir.

– İçki və siqaretlə münasibətiniz necədir? Ümumiyyətlə, içki və siqaret Azərbaycan qadını ilə eyni portretə sığırmı?

– Aram normaldır. Bilirsiniz, qadına paltaryuyan, qabyuyan, dayə kimi baxmaq lazım deyil. Qadının da öz həyatı seçimləri var. Gənclikdə edilən bu şıltaqlıqlar başadüşüləndir, amma gələcəkdə ana olduqda körpəsinin yanında içib-çəkən qadını bağışlamaq olmaz. Çünki uşaqlar ilk tərbiyəni valideynlərdən götürür.


Yenə də hər şeyi mentalitetləşdirmək olmaz. Bunun tərbiyə ilə əlaqəsi yoxdur. Saat 9-dan sonra qız bayıra çıxanda mamont kimi üstünə düşürlər, o ki qaldı siqaret çəkən qıza tolerant münasibət bəsləsinlər.

– Günümüzdə ən aktual qadın problemi hansıdır?

– Bəzilərində ailə qurmaq, bəzilərində isə karyera sahibi olmaq.

– Bəs hansı üstünlük təşkil edir?

– Ərə getmək problemi.

– Qızlar ümumiyyətlə, niyə ərə getmək istəyir?

– Daha müstəqil ola bilmək üçün. Ailədən qızlara çox təzyiq olunur. Və onlar nə olur-olsun ərə gedib canlarını qurtarmaq istəyirlər.

– Bəs niyə gedə bilmirlər?

– Bilmirəm. (gülür.)

– Qadının namusu nə ilə ölçülür?

– Qız olmaq çətindir. Sən bir addım atmamışdan qabaq gərək ananı, atanı, qardaşını, xalan oğlunu düşünəsən. Ərə getdikdən sonra isə, sənin anan, atan, qohumların, qardaşın üstəgəl, ərinin bütün nəsil-nəcabəti. Buna görə də qadın hər atdığı addıma diqqət yetirməlidir.

– Gələcəklə bağlı hansı planlarınız var?

– “Azərbaycanın səsi” layihəsindəyik. Hər ötən həftə fanatlarımızı yeni və fərqli performansla sevindiririk. Bizə çox böyük dəstək var və buna görə hər kəsə minnətdarıq. Bu, bizim üçün çox önəmlidir.


Müəllif: