21 Noyabr 2017 13:59
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu tərzdə konsert vermək uşaqlıq arzum idi. Nəhayət, arzumu gerçəkləşdirdim. Bu, çox böyük məsuliyyətdir. Ümid edirəm ki, bu konsertlə gənclərimiz unudulmaz əsərlərimizi dinləyər və sevər.

Teleqraf.com xəbər verir ki, bu sözləri dünən Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin dəstəyi ilə keçirilən solo konserti zamanı müğənni Zamiq Hüseynov deyib.

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilən musiqili gecədə Zamiqi Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri müşayiət edib.

Televiziya diktoru Nurlana Cəfərovanın aparıcısı olduğu konsertin irəliləyən dəqiqələrində Zamiq bəstəkar Tofiq Quliyevin yaradıcılığından “Badamlı”, “Qəmgin mahnı”, “Neftçi mahnısı”, “Sevgilim” kimi dillər əzbəri olan bəstələri də səsləndirib.

Gecə maraqlı anlarla yadda qalıb. Belə ki, Zamiq Hüseynov, italyan bəstəkar və müğənni Eduardo di Kapuanın yazdığı və dünyaca məşhur tenorların səsləndirdiyi “O sole mio” mahnısını ifa edib. Bəstəni səsləndirmədən öncə həyəcanlı olduğunu bildirən ifaçı bunun öhdəsindən gəlməyi bacarıb.

Mərhum xalq artisti İlhamə Quliyevanın repertuarında yer alan “Kaman” mahnısı isə konsert üçün xüsusi olaraq nota alınıb və simfonik orkestrin müşayiəti ilə səslənib. Bəstə tamaşaçılar tərəfindən böyük alqışla qarşılanıb.

Bəstəkar mahnılarından ibarət gecədə ifaçı öz repertuarından “Sən necə də gözəlsən” mahnısını da oxumağı özünə borc bilib. Gecədə diqqət çəkən məqamlardan biri də Zamiq Hüseynovun sənət dostlarının konsertə gəlməməsi olub. Müğənni həmkarlarını konsertə dəvət etməməsinə belə aydınlıq gətirib:

“Həmkarlarımdan və müəllimlərimdən heç kimi dəvət etməmişəm. Çünki həm konsertin, həm də orkestrin həyəcanı var. Zalda əyləşənləri görsəydim həyəcanım daha da artacaqdı. Ona görə də məni düzgün anlasınlar”.


Müəllif: Teleqraf.com