23 Fevral 2018 01:12
1 697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 22-də qala gecəsi keçirilən "GülƏhməd" filminin yayımı bu gündən dayandırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə filmin rəsmi və hüquqi mülkiyyət sahibi, "İmperator Lion M" şirkətinin rəhbəri, eyni zamanda filmin baş prodüseri Vüqar Cavadov "Xeberci.az"a açıqlamasında bildirib. Vüqar Cavadov filmin dayandırılmasına səbəb kimi rejissor və ssenarist Metin Yücelin gördüyü işin uğursuz və keyfiyyətsiz olması ilə əlaqələndirib.

" Bəli, "GülƏhməd" filminin yayımını bu gün dayandırdım. Filmin plagiat olduğunu təəssüf ki, bir az gec anladım. Plagiat film üçün həm rejissor, həm də aktyor heyətinə şirkətimiz tərəfindən külli miqdarda pul ödənilib. Filmdə səsləndirilən söyüşlər Azərbaycan xalqına, mentalitetinə yaraşmır. Bu, biabırçılıq idi. Baxmayaraq ki, bu cür qeyri-etik ifadələr və hərəkətlərin filmdən yığışdırılmasına dair dəfələrlə göstəriş vermişdim, lakin sonda rejissor öz bildiyini etdi. Təbii ki, bununla bağlı müvafiq tədbirlər görüləcək. Hər zaman ona deyəndə ki, bu cür söyüşləri yığışdır, bizə yaraşmır, bizdə qəbul olunmur, qayıdıb deyirdi ki, bəs mən nə çəkim ki, gülməli olsun, "şu olmaz-bu olmaz" bəs sizdə nə olar axı?! Dünən gecə filmin yayımını o cür qeyri-etik sözlərə görə dayandırmaq istəyirdim, sadəcə qala gecəyə gələn şəxslərə hörmətsizlik etmək istəmədim. Metin Yücelin bu işinə "sıfır" qiyməti verirəm. Filmə baxan hər kəsdən üzr istəyirəm. Sadəcə bərbad və plagiat ssenari ("Gülcamal" filmnin oğurlanmış versiyası ) idi. Bundan əlavə rejissor şəxsi maraqlarından dolayı Gülnaz obrazının səhnələrini artırmaqla filmi bu günə qoydu. Bir sözlə hər şeydən bezdik. Zərər etsək belə xalqımıza bu cür filmə baxmağı layiq bilmədik!"

"GülƏhməd" filmində eyniadlı obrazı canlandıran aktyor Rəşad Vahidzadə qala gecəsindən əsəb keçirdiyini, səhərə kimi bu biabırçılığı həzm edə bilmədiyini açıqlayıb: "8 ay dırnaq, saç, saqqal uzatdım. Bunları o qeyri- peşəkar rejissor Metin Yücelə halal etmirəm. Səhərə qədər yatmamışam, əsəbdən gözümə qan yığılıb. Şəxsən mən öz ailəmlə gedib o filmə baxsaydım və o cür söyüşlər səslənsəydi dünyanı dağıdardım. Vüqar müəllimə təşəkkür edirəm ki, filminin yayımını dayandırdı ".


Müəllif: Teleqraf.com