16 Mart 2018 16:55
3 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnstaqramın ən dəbli geyinən məşhurları:

Tünzalə Ağayeva

Tünzalə Ağayeva təkcə bənzərsiz ifaları ilə qəlblərə yol tapmır, o, həm də Azərbaycanın ən yaxşı geyinən ulduzları siyahısına daxil edilir. Əməkdar artist modelyer Gülnarə Xəlilovanın onun üçün hazırladığı parıltılı səhnə geyimləri, dəri ətəklər, böyük sırğaları, al qırmızı dodaq boyası, trendə çevrilmiş qısa saç düzümü və zövqlə seçilmiş ayaqqabıları sayəsində əsl dəb ilahəsinə çevrilib.

Qeyd etmək lazımdır ki, Tünzalə Ağayeva həm qeyri-rəsmi tədbirlərdə, həm də səhnədə fərqlənməyi sevir. Onun gündəlik geyim stili də xüsusi diqqətə layiqdir. Ulduzun qarderobunda midi donlarla, kombinezonlar çoxluq təşkil edir. Daha təmtəraqlı mərasimlərdə Tünzalə Ağayeva zərxara, zərli və ya parıltılı parçalardan tikilən libaslara müraciət edir. Əyninə kip oturan və belini vurğulayan kokteyl donlar isə ona zərifliyini vurğulamağa köməklik göstərir.

Geyimdə klassikanı sevməyən müğənni obrazını bir qayda olaraq böyük sırğalarla tamamlayır. Ümumiyyətlə, Əməkdar artist aksessuarları bir-birinə məharətlə uyğunlaşdıra bilir. Aksessuarlardan söz düşmüşkən, saçaqlı çantalar, iri kəmərlər, son vaxtlarda isə iri çərçivəli eynəklər ulduzun obrazının ayrılmaz detalları olub.

Könül Nağıyeva

Türkiyədə yaşayan və orada aktrisa kimi fəaliyyət göstərən, eləcə də bizneslə məşğul olan Könül Nağıyeva dəstlərini tez-tez instaqramda izləyiciləri ilə paylaşmağı sevir. Əvvəllər “Ok” və “Nargis” jurnalının redaktoru kimi çalışan aktrisanın hər çıxışı modapərəstlərdə böyük heyranlıq doğurur.

İdeal qarderobun formalaşması üçün rənglərin harmoniyasını və onları uyğunlaşdıra bilmək vacibdir. Əks halda, başqaları sizə baxdıqca yol verdiyiniz səhvləri redaktə etmək istəyəcək. Obrazları ilə dəbsevərləri ilhamlandıran məşhur aktrisa bir-birinə uyğun rəngləri çox ustalıqla seçir.

Onun obrazları olduqca modern və cəsarətli alınır, məhz buna görə də Nağıyeva hər yerdə və hər zaman öz stili ilə fərqlənməyə nail olur. İri həcmli aksessuarları sevməyən aktrisa dəstlərini minimalist bəzək əşyaları ilə tamamlayır. Onun obrazlarında rənglərin uyğunluğu elə ideal alınır ki, bəzən bəzək əşyalarına ehtiyac yaranmır. Nazik sadə bir boyunbağı və ya qırmızı dodaq boyası kifayət edir ki, görünüşünü tamamlasın.

Fransızsayağı tərzin pərəstişkarı olan ulduzun qarderobunda breton (ağ qara və ya ağ qırmızı və göy zolaq) köynəklər, eləcə də bu ilin trendi sayılan xallı donlar, həmçinin böyük ölçülü çantalar xüsusi yer tutur.

Onun seçdiyi ayaqqabılar modapərəstlər üçün gözəl nümunədir. O, daha çox hər geyimlə uyğunlaşan ayaqqabılar alır. Eyni ayaqqabını həm şalvar, həm də don və ətəklə geyinərək xanımlara bir ayaqqabını bir neçə dəstdə istifadə etməyin mümkün olduğunu göstərir.

Gündəlikdə kejual stilinə və idman elementlərinə üz tutan Könül Nağıyeva demokratik brendlərin məhsullarından geyinir: krosovkalar, cinslər, ağ maykalar və s.

Aygün Kazımova

Aygün Kazımovanı cəsarətli kostyumlarına görə, səhnəmizin divası adlandırırlar. Tamaşaçıları təəccübləndirməyi sevən 47 yaşlı Xalq artisti son zamanlarda açıq-saçıq geyimləri qarderobunda azaltmağa başlayıb. Müğənni çalışır ki, seçdiyi libaslar yaşına uyğun olsun, eyni zamanda onu cazibədar göstərsin. Bu məsələdə varlı ərəb şeyxləri və onların xanımları üçün paltarlar tikən dizayner Rüfət İsmayıl ona böyük dəstək olur. Xatırladaq ki, Xalq artistinin "Kristal Holl"da baş tutan konsertinin səhnə kostyumlarını da Rüfət İsmayıl hazırlamışdı. R.İsmayılın sehrli əlləri divanı bu il instaqramın ən dəbli ulduzlarından biri edib.

Aygün Kazımova böyük səhnələrdə təmtəraqlı görünməyə çalışsa da, rəsmi tədbirlərdə ciddi və işgüzar geyimlərdə qarşımıza çıxır. O, adi günlərdə özünü rahat hiss etməyə imkan verən idman geyimlərinə üz tutur.

Nura Suri

Nura Suri qara, yaşıl və bənövşəyi ilə retro stilini çox sevir, bunu onu tanıyan hər kəs yaxşı bilir. Lakin qeyd etmək lazımdır ki, Nura retro sevgisini fanatizm dərəcəsinə çatdırmır. Romantik libaslar, qadın seksuallığını artıran dikdabanlar, səliqəli makiyaj və saç düzümü müğənnini əsl ledi kimi göstərir. Nura Surinin stili özündə incəliyi, cazibədarlığı və romantikanı birləşdirir.

Nura Suri təkcə ekzotik gözəlliyi və dəbdəbəli libasları ilə deyil, həm də cəlbedici maneraları ilə fərqlənməyi bacarır. Üç uşaq anası olan ulduzun bədən quruluşu da imkan verir ki, istənilən fasonları sınaqdan keçirsin və şou-biznesin ən seksual müğənnisi adını qazansın. Təbiətin ona bəxş etdiyi gözəlliyini sənətçi zinət əşyalarının köməyi ilə vurğulayır. Vintaj elementləri ifaçının üslubunu son dərəcə zərif və individual edirlər.

Nura krujeva və tüldən tikilən libasları çox sevir. O, tüldən tikilən maraqlı fasonları tez-tez sınaqdan keçirir. Etiraf etmək lazımdır ki, bu tərz ifaçıya çox yaraşır və onu daha da gənc göstərir. Nuranı həmçinin tez-tez bel və kürək dekoltesi olan paltarlarda görə bilərik. O, qısa donların krujeva, tor və ya gipürlə örtülməsini çox sevir. Krujeva ilə örtülmüş dekolte hissəsi onun nəcibliyini artırmağa xidmət edir.

Adi həyatda Nura Suri rahat üsluba üstünlük verir, əvəzində önəmli tədbirlərdə və konsertlərdə heç vaxt diqqətindən kənar qalmır.

Röya Ayxan

Bakıda şəxsi moda evinə sahibi olması Röyanın dəb qurbanına çevrilməsinə imkan vermir. Odur ki, sənətçinin hər obrazının rəğbətlə qarşılanması təəccüblü deyil. Əməkdar artistin qarderobunda qeyri-standart geyimlər daha çoxdur. Bununla belə Röya həm dəbli, həm zərif, həm də seksual görünməyi bacaran nadir müğənnilərdəndir. Bu ulduzun hər obrazı əsl dəb şousudur.

Röya dərin dekolteli paltarlar geyinsə də, ifrata varmır və onda heç nə vulqar görünmür. Hətta ən açıq-saçıq paltarlar zərifliyini poza bilmir. Səbəbsiz deyil ki, onu bütün stilistlər estradamızın ən yaxşı geyinən ulduzu adlandırırlar. Röyanın əsas üstünlüyü odur ki, bədən quruluşu istənilən fasonu və dekolteni sınaqdan keçirməyə icazə verir. Ümumilikdə Röya geyim seçimində çox vaxt sadəcə öz əhval-ruhiyyəsinə qulaq asır. Doğrudur, axı dəb qadınlar üçün əyləncəli bir oyundur.

Günay İbrahimli

Müğənni Günay İbrahimli lüks brendlərin məhsullarına böyük pullar xərcləməkdənsə, yerli dizaynerlərə özəl geyimlər sifariş verir. Müğənni artıq çəkisini qara rəng, bol kəsimli şalvarlar və uzun yubkalarla örtməyə çalışır.

Vizual olaraq boynu və ayaqlarını uzun göstərə bilmək üçün dəb hiylələrini uğurla tətbiq edir. Bir çox müğənnilər kimi o da hündürdaban ayaqqabılardan ayrıla bilmir. Dəb hər saniyə dəyişdiyi kimi Günay İbrahimlinin stili də onunla birlikdə dəyişir. Müğənni çalışır ki, trendlərin heç birini buraxmasın. Lakin o, trendlərə kor-koranə əməl etmir. Gözəlliyini ön plana çıxaran, qüsurlarını örtən paltarları ustalıqla seçir.

Günay İbrahimlinin qarderobunda təsadüfi dəstlər yoxdur, onun obrazları bütün xırdalıqlarına qədər düşünülür. Silueti, aksessuarları, saç düzümü və makiyajı həmişə idealdır. Günay İbrahimli zəif obrazları sevir, amma incə paltarları tez-tez kedlər, krosovka və ya minimalist səndəllərlə tamamlayır.

Nigar Muradova

Nigar Muradova instaqramda qızı Banu sayəsində məşhurlaşıb. Bloger özündən əvvəl qızını populyar edib. Ölkənin yarısından çoxu Banu Muradı tanıyanda hər kəs onun ailəsi ilə maraqlanmağa başlamışdı.

İlk vaxtlarda Nigar Muradova üzünü və şəkillərini hamıdan gizlədirdi. Lakin həyat yoldaşından boşandıqdan sonra o, özünə instaqramda bloq açıb şəkillərini paylaşmağa başladı. Barbi gəlincikləri kimi geyinən xanım qısa müddətdə instaqramın modapərəst ulduzlarından birinə çevrildi.

Bloger bədəninə güvəndiyi üçün bir qayda olaraq dar şalvarlar, qısa paltarlar və sadə siluetlər seçir. O, adətən, uzun ayaqlarını vurğulayan dərin dekolteli nəfis libaslar geyinir. Onun çıxışları tez-tez müzakirələrə səbəb olur. İnstaqram ulduzunun hər bir obrazı darıxdırıcı olmayan zərifliklə fərqlənir və cazibədar təbəssümlə müşayiət olunur. Buna görə də, blogerin dəbli obrazları pərəstişkarlarını onun qızı Banu ilə olan şəkillərindən heç də az sevindirmir.

“Gucci”, “Chanel”, “Dolce and Gabbana” kimi lüks brendlərin çanta və ayaqqabıları Nigar Muradovanın qarderobunda məxsusi yer tutur. O, eksperimentləri və əlvan rəngləri çox sevir. Dəblə ayaqlaşmağı sevən bloger çalışır ki, heç bir trendi qaçırmasın. Gündəlik həyatda rahat ayaqqabılar geyinən N.Muradova ziyafətlərdə dikdabanlarsız keçinmir. Nigar Muradova nə geyinməsindən asılı olmayaraq hər zaman seksual görünür. O, öz gəncliyini və gözəlliyini tutqun pomadaların köməyi ilə vurğulamağa çalışır.

Dəbdəbəli axşam geyimləri, böyük dalğalı tellər və effektli makiyaj bu xanımı instaqramın ən yaxşı geyinən azərbaycanlı ulduzlarından biri edib./Publika/


Müəllif: Teleqraf.com