11 May 2018 13:17
1 919
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Maşın” şou mayın 28-də ATV-də ilk efir həyəcanını yaşayacaq.

“M Group Production”dan Teleqraf.com-a verilən məlumata görə, növbəti dəfə 18 məşhur insan mübarizə aparmağa hazırlaşır:

“Realiti şounun iştirakçı heyəti artıq bəllidir, seçim yekunlaşıb. İştirakçıların hamısı tanınan, sevilib-seçilən məşhurlardır.

Yeni heyətdə bu şouda bir neçə dəfə iştirak etmiş şəxslər də var, ilk dəfə şouya qatılanlar da... Lakin bu dəfə yeni adlar daha çoxdur. Müxtəlif kanalların siması olan tanınmış aparıcıların şouya qatılacağı da gözlənilir. “Maşın”ın 16-cı sürətində hər kəsi sürprizlərlə dolu həyəcan gözləyir”.

Layihə rəhbəri və aparıcı hər zamankı kimi əməkdar artist Murad Dadaşovdur.

Qeyd edək ki, Azərbaycan teleməkanında ən uzunömürlü realiti şou olan “Maşın” ilk efir gününə qədər bir çox məşqlərdən və hazırlıq dövründən keçir. Realiti şou üzərində zəhmət çəkən kollektiv ciddi rejimdə hazırlıq aparır və gündəlik toplantılar edir.

Toplantılarda “Maşın”ın konsepsiyası düşünülür və ona uyğun dekorun hazırlanması üçün danışıqlar gedir.

Onu da vurğulayaq ki, “Maşın” realiti şou bu dəfə 2 önəmli nüansla yadda qalmağa çalışacaq. Şounun müəllif hüquqlarının sahibi olan “MGP” özünün 15 illik yubileyini və cümhuriyyətimizin 100 illiyini xüsusi formada qeyd etmək üçün maraqlı ideyalar düşünür.

Bayram günü münasibəti ilə studiyaya sürpriz qonaqlar da dəvət olunacaq.


Müəllif: Cəmilə