13 Avqust 2014 10:59
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bir gün Allaha yalvardım ki, ata-anam gəlsin..."

Teleqraf.com Stilist Samir Əliyevin (Samiraldo) “Qafqazinfo”ya müsahibəsini təqdim edir:

- Samir, müsahibələrinizin birində yeni il ərəfəsində toyunuz olacağını demişdiniz. Toyun tarixi bəllidir?

- Həmin xanımla internatda bir yerdə böyümüşəm. O sonradan Londona getdi. Onun neçə ildir uşağı olmur, mənə dedi ki, istəyirəm səndən uşağım olsun. Biz neçə ildir hər gün danışırıq. Qərara gəldik ki, ailə quraq. O Bakıya gələ bilməz.Mən hazırlaşdım ki, qışa kimi pul yığıb orada toy edim. Ancaq bir həftəyə yaxındır ki, mübahisəmiz olub və məndən küsüb. Ona görə də hələ ki, bu məsələ dayanıb.

- Bəziləri isə düşündü ki, özünüzü bu yolla reklam edirsiniz?

- Mənim reklama ehtiyacım yoxdur. O toyu burada da edib, səs-küy yarada bilərdim. İstəmirəm. Mən gələcək övladım haqda düşünürəm. Həyatımı hər adama etibar edə bilmərəm. O xanım uşaqlıq dostumdur, həyatımı ona etibar etdiyim üçün ailə qururam.

- Dediniz xanım Bakıya gələ bilmir. Siz onunla Londonda yaşayacaqsınız?

- Mən Bakısız qala bilmirəm, O da Londonsuz qala bilmir. Ayrı yaşayacağıq. Mən ora tez-tez gedib gələcəm.

- Demişdiniz ailə qurduqdan sonra tamam dəyişəcəm. Bu dəyişiklik nədən ibarət olacaq.

- Mən evdə başqa Samirəm. çöldə Samiraldoyam, bu bir obrazdır. Mən normal düşüncəli insanam. Ağıllı insanlar baxan kimi bilir ki. Bu obraza girir, ya həyat tərzi budur. Samiraldonun həyat tərzində olan insanlar çoxdur və onlar efirlərə buraxılmır. Çünki onların həyat tərzi budur. Mənim obrazım işimlə bağlıdır. Mən bu obrazı pozğunluğa görə etmirəm. İstəsəm kişi obrazında, istəsəm qadın obrazında ola bilərəm.

- Konçitanın obrazı necə sizə yaxındırmı?

- O bir layihə idi və Konçita obrazında insanların qarşısına çıxdım. Bu məndə yaxşı alındı. İnanın mənə bir ay özümə gələ bilmədim, özümdən iyrəndim.

- Qadın müğənnilərdən bu il kimlərin geyimlərini bəyənirsiniz?

- Tünzalə Ağayevanın geyimlərini çox bəyənirəm, o xanımın ifası ilə geyimləri üst-üstə düşür. Nigar Camal və Sevda Ələkbərzadə də zövqlü ifaçılar sırasındadır.

- Bəs kimlərin geyimləri sizi qane etmir?

- Müğənnilərə baxıb dəli oluram. O gün Almaz Ələsgərovanın ayaqqabılarına baxıram. İnsan nə qədər zövqsüz ola bilər. Efirə çıxanda mən bir həftə düşünürəm. İnsanın səhnə geyimi fərqli və zövqlü olmalıdır. Mən rəngarəng geyimləri sevirəm. İnsanın həyatı geyimlərində əks olunur. Qara rəng geyinən adamlar normal deyil. Xaricdə qaranı ancaq yasda geyinirlər.

Keçən il Rəqsanənin geyimləri məni çox cəlb edirdi. İnciməsin, bu il nə geyimləri, nə saç stili xoşuma gəlmədi. -

-Kişi müğənnilərdən kimlər sizin zövqünüzcədir?

- Bilirsən, mənim kişi sözündən xoşum gəlmir. Şou-biznesdə elə müğənnilər var ki, adlarını kişi qoyublar. Ancaq gedib elə işlər görürlər, hərəkətlər edirlər ki, onlara kişi yaxud qadın, heç başqa cürdə demək olmaz. Axır vaxtlar elə şeylər görürəm ki, bu məni iyrəndirir. Elə kişi müğənnilər də var ki, qadın adı ilə kommentlər yazırlar. Bəyəm o insanlar kişi demək olar? Əgər kişisənsə öz adınla yaz denən ki, Samir sən beləsən.

-Kütlənin geyimini necə bəyənirsiniz?

- Bizim insanlar elədi ki, biri nə geyinirsə, hamı onu təkrarlayır. Belə olmaz. Hər bir insanın öz obrazı olmalıdır. İnsanlar öz xasiyyətlərinə uyğun geyinməlidirlər. Bizim xalqda qəribə bir düşüncə tərzi var. Məsələn, bir oğlan mavi rəngli geyinirsə deməli onun oriyentasiyasında problem var. Bu mavi rəngə böyük üstünlük verir. Düşünmürlər ki, bu həmin insanın rənginə, görünüşünə və ürəyinə yatırsa bunun heç bir oriyentasıyaya dəxli yoxdur.

- Azərbaycanlı modelyer və stilistlərdən kimlərin əl işləri sizi qane edir?

- Gülnarə Xəlilova, Fəxriyə Xələfovanın əl işləri mənim zövqümcədir. Fəxriyyə xanımın gəlinlik kolleksiyasını izlədim, gəlinliklərdə milli elementlər var idi. Çox xoşuma gəldi. İndiki gəlinlər geyimini bilmir, ərəb rəqqasələrinə bənzəyirlər. Gəlin qapalı geyməlidir. Bizim modelyerlər dünyanın tanınmış modelyerlərindən geri qalmır.

- Samir, bilirik ki, siz internatda böyümüsünüz. Nə vaxtsa, valideynlərinizi axtarmısınız?

- Onlar mənə uşaqlıqda lazım idi, darıxırdım onlar üçün. Gəzə bilməyəndə deyirdim gəlsinlər. İnternatda tək mən idim kimsəsiz. Bir gün Allaha yalvardım ki, ata-anam gəlsin. Allahdan nə istəmişəm mənə verib. Ondan sonra atam gəldi və məndən soruşdu ki, özünü necə aparırsan. O vaxt mən bilmədim o mənim atamdır. Sonra müəlliməm dedi ki, gəlib burada ağlayan atan idi, çox qoca kişi idi. Ondan sonra heç vaxt arzulamadım ki, valideynlərim gəlsin.

- Bilmirsiniz başqa bacı-qardaşınız varmı?

- Atamın ikinci həyat yoldaşından bacı və qardaşım var, anamdan isə bilmirəm.

- Sizi qınayanlara, təhqir edənlərə nə demək istəyirsiniz?

- Mən hər zaman öz səhvlərimi axtarıram, heç kimi təhqir etmirəm. Deyirlər Samir dəlidir. Bəli, mən dəliyəm, maviyəm, xəstəyəm, yetiməm. Adama deyərlər sənə nə? Düşünürəm ki, mən əsl kişiyəm. Kişilik cinsi əlaqəyə girməklə deyil, kişilik ev qızının adına ləkə gətirmək deyil. Acından ölsəmdə, heç kimdən dilənməmişəm. Kimsəsiz olmaq heç kimə asan gəlməsin. Şükür edirəm ki, Allah mənə bu sənəti verib. Yoxsa məni heç yerdə işə götürməzlər. Çünki mən incəyəm, görünüşümə görə, məni təhqir edirlər.


Müəllif: